PDF Oxu

Müxalifət

  • 33

"İP" namizədinin müzakirəsi

"İP" namizədinin müzakirəsi

Qiyas Sadıxov:

İstəmirəm olsun qurd-it namizəd,

Yoxdu "palata"da bir xit namizəd,

"İP"-də ola bilər vahid namizəd,

Əlbəttə ki, ancaq Pənahın özü.

Gülağa Aslanlı:

Bu keyfiyyət yoxdu heç "Yurd" Əlidə,

Seçsələr, olardı hətta dəli də,

Namizəd püskürür İsa yeli də,

Bunu bəxş edibdi Allahın özü.

Qiyas Sadıxov:

Qoy qalsın İsaya rak "palata"sı,

İdeya yüklüdü maq "palata"sı,

Onu gözləməkdə haqq "palata"sı,

Pənaha layiqdi dərgahın özü.

Gülağa Aslanlı:

Möhkəm qurdalama qaysaq yaranı,

Pənah səhv salmaqda dağı-aranı,

İsa "palata"da fəzilət kanı,

Pənaha yaraşar günahın özü.

Qiyas Sadıxov:

Sən də şimşək kimi çaxıb Pənaha,

Zövq alma, qaralar yaxıb Pənaha,

Kənardan fərəhlə baxıb Pənaha,

İftixar duyardı hər şahın özü.

Gülağa Aslanlı:

Üzmək də olmamış şərt, burulğanda,

Çökübdü qəlbinə dərd, burulğanda,

Pənah boğulmaqda sərt burulğanda,

İsaya doğrudur gur axın özü.

Qiyas Sadıxov:

Tale cipimizə qoşa nər qoşub,

Sən nə qazanacan bizə şər qoşub?!

Pənaha Motsart çox nəğmələr qoşub,

Simfoniya yazıb həm Baxın özü.

Gülağa Aslanlı:

Bizdə hər yetkili əməli gurdu,

İsanın şöləli məşəli gurdu,

Gurdu deyirəmsə, deməli, gurdu,

Yanıb "İP"-imizdə çırağın özü.

Qiyas Sadıxov:

Xeyli süst, həm də ki, çox bəd aparır,

Hələ ki, davanı Əsəd aparır,

Pənaha Suriya həsəd aparır,

Onu lider sayır İraqın özü.

Gülağa Aslanlı:

Başqana qiyməti o Jorj Sand verir,

Başına Obama özü and verir,

Ona tərif deyən boss qrant verir,

Qərbdə İsayadı marağın özü.

Qiyas Sadıxov:

O, bilir rus dili, həm də tureski,

Nazir kürsüsündə olmuşdu reski,

Pənahı həmişə cəlb edib viski-

Qarpızdan düzələn arağın özü.

Gülağa Aslanlı:

Sən öz siyahında İsanı ər yaz,

O, bu silahına sarılır hər yaz,

İsanın əlində silahdı dəryaz,

Ondan da güclüdü orağın özü.

Qiyas Sadıxov:

Şaxtasız fəsildə Qar qız yetişmir,

Yovşanlı sahədə yarpız yetişmir,

Yağış az yağanda, qarpız yetişmir,

Pənahı qorxudur qurağın özü.

Gülağa Aslanlı:

Dolu süfrəsində qoz, kişmiş, səbzə,

Bol qrant axmaqda cızdığı qəbzə,

Bosslar pul göndərir yazdığı qəbzə,

İmzaya müntəzir varağın özü.

Qiyas Sadıxov:

Vurağan öküzdü, bir kəldi Pənah,

Bizim AXP-də dirçəldi Pənah,

Yalandan deyirlər keçəldi Pənah,

Saçına həsrətdi darağın özü.

Gülağa Aslanlı:

Bizə nahaq yerə sən qurursan pəl,

Sən cürətə gəlib bizə doğru gəl,

"İP"-də axtarılır İsa bəy əl-əl,

Sübutdu çoxsaylı sorağın özü.

Qiyas Sadıxov:

Tetçer diqqətində özüdü, əlbət,

O, "İP"-də şuranın gözüdü əlbət,

Pənahın silahı sözüdü əlbət,

Ona yaraşmır hər yarağın özü.

Gülağa Aslanlı:

Rubldan çox sevir o, funtu, əlbət,

Çox sevir qiyamı və buntu, əlbət,

İsa kəlməsinə məftundu, əlbət,

Yaxın ətrafının, qırağın özü.

Qiyas Sadıxov:

Lider bacarığı irahat edir,

Onu pul qazanmaq farağat edir,

Pənahı çoxdandı narahat edir,

"İP"-də ayrılığın, fərağın özü.

Gülağa Aslanlı:

Dinləyir Qərbdəki klanlarını,

Həyata keçirir planlarını,

Əliyə yedirtmir yalanlarını,

Bu yerdə İsa bəy durakın özü.

Qiyas Sadıxov:

Pənah kahin kimi bəsirətlidi,

İsa da, Əli də xəsarətlidi,

Pənah çox cürətli, cəsarətlidi,

Sənin İsa bəyini qorxağın özü.

Gülağa Aslanlı:

Tərk etməz heç zaman kasanı, qorxaq,

Heç Keçəl saymayıb Kosanı qorxaq,

Sən adlandırdınsa İsanı qorxaq,

O zaman Pənahın qorxağın özü.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər