Ölkədə olan ümumi ictimai rəy ondan ibarətdir ki, müxalifətin yaratdığı istənilən "birlik" iflasa məhkumdur
Məlum olduğu kimi, faktiki olaraq, "İctimai Palata"nın dağılması ilə bağlı yekun qərar verilib. Bu, əlbəttə ki, ölkə miqyasında hər hansı rezonans və ya ictimai əhəmiyyət kəsb edən hadisə olmasa da, "İctimai Palata"nın dağılması radikal müalifətlə bağlı olan düşüncələri, fikirləri bir daha təsdiqləyir.
Yəni, bu günə qədər, daha doğrusu, 1992-ci ildən başlayaraq, müxtəlif adlar altında yaradılmış "Demblok", "SİDSUH" və digər "birliklər" elə qısa müddət ərzində də sıradan çıxırdı. Onların dağılmasının əsas səbəbi isə, konkret olaraq, maraq qruplarının mənafelərinə bağlı olub. Eyni zamanda, hansısa antimilli dairədən gələn "sərfəli təklifə" rəğmən bir-birini satan AXCP, Müsavat, ADP, ALP və başqalarının xəyanəti də bu prosesdə önəmli rol oynayıb.
2012-ci ildə də "İctimai Palat(k)a" adlandırılan bir "qurum"un göz qabağında dağılması eyni səbəblər üzündən baş verir. Hər şeydən əvvəl, vurğulanmalıdır ki, adını çəkdiyimiz "birlik" Azərbaycana təzyiq etmək istəyən xarici qərəzli dairələrin siyasi sifarişi əsasında Müsavat və AXCP-nin səyi nəticəsində yaradılmışdı. Məhz bu gün Əli Kərimov və İsa Qəmbərovun verilən tapşırığı müəyyən dərəcədə yerinə yetirildiyinə və Müsavatla AXCP-nin maraqları təmin olunduğuna görə, artıq həmin "qurum"a ehtiyac qalmayıb. Yəni AXCP və Müsavat öz maraqlarını müəyyən mənada təmin etdikləri üçün "İP"-lə vidalaşmaq qərarına gəliblər. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı bildirib ki, AXCP və Müsavat digər qüvvələri cəlb etmək, bunu bütünlükdə Azərbaycan müxalifətinin güc mərkəzi etmək əvəzinə, onu uzun müddət iki partiyanın güc mərkəzi etdilər və indi də həmin iki partiya arasında ziddiyyət olduğundan, "İP"-nin fəaliyyətinin davam etməsi mümkün deyil.
Xatırladaq ki, bu "İctimai Palata" parlament seçkilərilə bağlı 2010-cu ildə yaradılmışdı. "Palata"nın üzvü olmuş adının çəkilməsini istəməyən şəxslərdən birinin sözlərin görə, burada əsasən xaricdən daxil olan payların böyük hissəsini Müsavat və AXCP öz əllərində cəmləşdirmişdilər. "İctimai Palata"nın tərkibində yer almış digər siyasi partiyalar isə əldə olunan payın cüzi hissəsilə qane olurmuşlar. Məhz həmin siyasi partiyalar Müsavatla AXCP-nin oyunlarının aləti olduqlarını anlamağa başlayıbmışlar. Lakin "Eurovision-2012" mahnı müsabiqəsi zamanı "İctimai Palata"nın sadəcə bir oyuncaq olduğuna daha çox əmin olan partiyalar "İP"-in tərkibindən çıxdıqlarını bəyan etmişlər.
Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, məhz "İctimai Palata"nın hansı məqsədlə yaradılması "Eurovision-2012" mahnı müsabiqəsi zamanı daha dolğun anlaşıldı. Hər bir azərbaycanlı bir daha gördü ki, "İctimai Palata"nı siyasi oyunların vasitəsinə çevirmiş Müsavat və AXCP, konkret olaraq, onun yaradıcılarının maraqlarına xidmət göstərirdilər. Yəni mahnı yarışması ərəfəsində icazəsiz mitinqlərin keçirilməsi, saxta səhnəciklərlə bəzədilmiş "aclıq aksiyaları"nın təşkil edilməsi, qarşıdurma hallarının yaradılması "İP"-in yaradılmasını sifariş vermiş xarici antimilli qüvvələrin mənafelərinə işləyirdi. Dəfələrlə müxtəlif xarici dövlətlərin səfirlərinin Müsavat partiyasında görüşlər keçirməsi, təxribatçı əməllərin planlarını müzakirə etməsi söylənilənlərin həqiqət olduğuna işarə edir.
Sual oluna bilər ki, "nə üçün məhz 2013-cü il prezident seçkiləri ərəfəsində "İP"-i dağıtdılar"? Bunun çox sadə bir cavabı var: nə Müsavat, nə də AXCP artıq bir qurum altında fəaliyyət göstərmək və maliyyəni birgə bölməyə razı deyil. Hər iki partiya çalışır ki, siyasi sifariş əldə etsin. Bunları da isbatlayan dəlillər var.
- birincisi, "İP"-in dağılması;
- ikincisi, AXCP və Müsavatın son günlər ərzində xüsusi canfəşanlıq göstərməsi, London Olimpiya Oyunlarının nəticələrini gözləmədən iftiralar atması;
- üçüncüsü, müxtəlif partiyaların birləşərək, yeni "birlik yaratması";
- dördüncüsü, AXCP-nin bu "birliyə" üzv olmaqdan imtina etməsi;
- Əbülfəz Elçibəyin zəhərləndirilməsi məsələsini siyasiləşdirməyə cəhd göstərməsi və s.
Göründüyü kimi, göstərilən dəlillər bir daha isbatlayır ki, "İP" Müsavat və AXCP-nin oyuncağı olub, bu gün isə o, heç kəsə lazım deyil. Yeni yaradılmış "birlik" ətrafında isə indidən mənfi fikirlərin yaranması onun qəbrini qazmaqdadır. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalifətin yeni yaradılan birliyinin də digərləri kimi uğursuzluğa düçar olacağını bildirib. Deputatın sözlərinə görə, hazırkı durumda müxalifət qüvvələrinin Məşvərət Məclisi yaratması bir o qədər də əhəmiyyətli deyil: "İlk dəfə deyil ki, müxalifət partiyaları belə birliklər, məclislər təşkil edirlər. Dəyişən heç nə yoxdur. Bu onların öz işləridir, biz buna qarışmırıq. İstədikləri adda blok, təşkilat yarada bilərlər. Sadəcə olaraq, onu deyə bilərəm ki, bizim üçün onlar rəqibdirlər. Bu baxımdan, biz onlarla mübarizə aparacağıq. Yəqin bu birlik də digərləri kimi uğursuz olacaq. Ümid etmirəm ki, Məşvərət Məclisi hansısa uğur qazana bilsin".
M.Qurbanlı, həmçinin, onu da bildirib ki, iqtidar rəqib olduqları üçün müxalifət partiyalarını daha da zəiflətmək niyyətindədir: "Özləri bilərlər. Biz heç kimə deyə bilmərik ki, niyə birləşmisiniz. Onsuz da bu da davamlı olmayacaq. Bunun da təbii ki, əsas səbəbi cəmiyyətdə onlara olan inamsızlıqdan irəli gəlir. Onlar bir araya gələndə araşdırmalıdırlar ki, nə üçün uğur qazanmırlar. Biz də, rəqib olaraq, onları zəif görmək və zəiflətmək istəyərik".
Bir sözlə, aparılan qısa araşdırma isbatlayır ki, "İP" AXCP və Müsavatın maraqları üçün yaranmışdı, bu səbəbdən də dağıldı. Eyni zamanda, ölkədə olan ümumi ictimai rəy ondan ibarətdir ki, müxalifətin yaratdığı istənilən "birlik" də iflasa məhkumdur.
"Səs" Analitik Qrupu