Və ya Əli Kərimovun Ə.Elçibəyin zəhərlənməsindən istifadə edərək, həm ətrafında müdafiə kartonu yaratmağa, həm də 2013-cü il seçkilərinə vahid namizəd kimi getməyə çalışması Müsavat başqanını dolaşdırıb
Məlum olduğu kimi, ötən gün Müsavat başqanı İsa Qəmbərov tələm-tələsik çıxış edərək, 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirdi. Partiya sədrinin bu sözlərinə isə münasibətlər özünü çox gözlətmədi. Hakim partiyanın təmsilçilərinin bunu əhəmiyyətsiz bir açıqlama saysalar da, AXCP daxilində bu, ciddi rezonans və narahatlıq yaratdı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələ ilə bağlı verdiyi açıqlamada İ.Qəmbərovun 2013-cü ilin prezident seçkilərinə qatılacağı ilə bağlı indidən çıxış etməsinin aktual olmadığını bildirib: "AXCP bu məsələ ilə bağlı mövqeyini cəmiyyətə çatdırıb ki, indiki halda vahid namizəd məsələsinin müzakirə olunması aktual deyil və buna əsas yoxdur. Əsas diqqət vahid namizəd məsələsindən daha çox seçkiöncəsi mühitin demokratikləşməsinə və mühüm seçki potensialının yaradılmasına yönəlməlidir. Bizim üçün öncəlik namizəd məsələsi deyil. "İctimai Palata"nın qərarı odur ki, namizədlik məsələsi, hələlik, müzakirə olunmamalıdır. Ona görə də, hesab edirik ki, bu məsələnin indki vaxtda müzakirə olunmasının, konkret olaraq namizədin kimliyinin elan edilməsinin yeri və vaxtı deyil".
Əlbəttə ki, ictimai əhəmiyyət kəsb etməyən məsələ olmasına baxmayaraq, İsa Qəmbərovun vaxtından əvvəl belə bir açıqlama verməsi yenidən radikal müxalifət daxilindəki narazılıqlardan və parçalanmalardan xəbər verdi. Hər kəs bir daha anladı ki, dağıdıcı müxalifət, hər dəfə olduğu kimi, bu dəfə də bir-birinə qarşı xəyanət edir. Bu kontekstdə bu gün Azərbaycan cəmiyyətində belə bir suala cavab da axtarılır: İsa Qəmbərov nə üçün tələm-tələsik namizədliklə bağlı qərar verdi?
Bu suala cavab vermək üçün, ilk növbədə, son zamanlar müxalifət düşərgəsində cərəyan etmiş proseslərə və hadisələrə nəzər salmaq lazımdır.
Birincisi, 2010-cu ildən bu günə qədər Müsavatla AXCP-nin maraqları naminə istismar etdikləri "İctimai Palata"nın dağılması və orada təmsil olunan digər partiyaların fərqli bir "qurum" daxilində birləşməsi, ikincisi, AXCP-nin müxalifət düşərgəsinin formalaşdırmağa cəhd göstərdiyi "birlik"də iştirak etməkdən boyun qaçırması və özünün planlarının olmasını elan etməsi, üçüncüsü, Əli Kərimovun Əbülfəz Elçibəyin zəhərlənməsi faktından istifadə edərək, öz aləmində tərəfdar yığmağa iddia etməsi, dördüncüsü, xarici anti-Azərbaycan dairələrinin ola biləcək antimilli planlarında AXCP-nin təmsil olunması üçün canfəşanlığın göstərilməsi Müsavat daxilində narahatlıq yaradıb. Bu səbəblərdən də, Əli Kərimovun xarici anti-Azərbaycan qruplarının planlarında yer almasından ehtiyatlanaraq, öz yerini zəmanət altına almaq üçün İsa Qəmbərov AXCP sədrini qabaqlamaq üçün tələsik addım atıb. Aydındır ki, bir müddət öncə, AXCP nümayəndələri vurğulamışdılar ki, onların seçkilərlə bağlı qərarları hələ verilməyib. İsa Qəmbərov həm də bu faktı nəzərə alaraq, Əli Kərimovun qabaqlamaq və sonradan ona ağı zərbə endirmək üçün sözügedən qərarı verib.
Təbii ki, İsa Qəmbərovun belə bir qərar verməsi müxalifət daxilində ciddi parçalanmalara yol açsa da, cəmiyyət tərəfindən qeyri-ciddi məsələ kimi qəbul edilib. Çünki İsa Qəmbərovun 1992-ci ildən başlayaraq, Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətlər etməsi, antimilli sazişlərə yol verməsi, hətta ermənilərlə əməkdaşlığa dair müqavilələr imzalaması onun cəmiyyət daxilindəki onsuz da az olan nüfuzunu "0"-a bərabər edib. İsa Qəmbərovun indidən namizədliklə bağlı iddia irəli sürməsi insanlar arasında daha kəskin münasibətin yaranmasına səbəb olub.
Bir sözlə, Əli Kərimovun Ə.Elçibəyin zəhərlənməsindən istifadə edərək, həm ətrafında müdafiə kartonu yaratmaq, həm də 2013-cü il seçkilərinə vahid namizəd kimi getməyə çalışması Müsavat başqanını dolaşdırıb. İsa Qəmbərov da belə bir addım atmaqla, özünü ifşa edib və böyük siyasi səhvə yol verib.
"Səs" Analitik Qrupu