Niyaməddin Orduxanlı: "Ə.Kərimli Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsini də özünün "vahid namizəd" olmaq imkanlarına səfərbər etmişdir"
Dağıdıcı müxalifət düşərgəsində yeni savaş başlayıb. Səbəb isə Müsavat başqanı İsa Qəmbərovun mətbuata açıqlamasında 2013-cü il seçkilərdə namizəd olmaq iddiası ilə çıxış etməsi olub. Bununla bağlı artıq dağıdıcı müxalifət düşərgəsində gərgin bir vəziyyət yaranıb. Düşərgədə "vahid namizəd" məsələsinə bir müddət son qoyulması ilə bağlı anlaşma olsa da İ.Qəmbərovun məlum açıqlaması nəinki Ə.Kərimovu, hətta dağıdıcı müxalifət düşərgəsində təmsil olunan şəxsləri özündən çıxarıb.
Bununla bağlı artıq müəyyən narazılıqlar da İ.Qəmbərovun diqqətinə çatdırılıb. Artıq İ.Qəmbərovun bu açıqlaması dağıdıcı müxalifət düşərgəsində yeni qarşıdurmaya yol açıb. Bir yandan AXCP sədri Əli Kərimov, digər tərəfdən dağıdıcı müxalifət düşərgəsində təmil olan şəxslər artıq İ.Qəmbərova qarşı hərəkətə keçib. Deyilənə görə, İ.Qəmbərovun bu açıqlaması onun üçün problemlər yaradacaq. Hətta qeyd olunub ki, belə bir açıqlama ilə çıxış edən İ.Qəmbərov, görünür, "İctimai Palata"nın maraqlarını da tapadalayıb. O səbəbdən, "İctimai Palata"nın buraxılması ilə bağlı fikirlər də səsləndirilib. Bu zamana qədər İ.Qəmbərovla Ə.Kərimovun arasında olan bütün anlaşmalar məhz belə formalarda pozulub. Yəni ya İ.Qəmbərov, ya da Ə.Kərimov verdiyi sözün üstündə dayanmayıb. Odur ki, bu dəfə sükutu Müsavat başqanı İ.Qəmbərov pozub. İ.Qəmbərovun fikri dağıdıcı müxalifət düşərgəsində artıq müzakirə olunub. Tərəflər razılığa gəlib ki, İ.Qəmbərovun bu iddia ilə çıxış etməsi, nəinki bir cəbhədə təmsil olunduğu Ə.Kərimova, hətta ümumilikdə, "İctimai Palata"ya qarşı təxribatdır.
Niyaməddin Orduxanlı: "İ.Qəmbər Ə.Kərimliyə nifrət edəcəyi qədər kimsəyə nifrət etmir"
BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əslində, bu prosesi başladan Əli Kərimov və onun dəstəsidir. Artıq Ə.Kərimov son aylarda mətbuat şəbəkəsini, onun imkanları daxilində olan sosial şəbəkələrdə və qruplarda "radikal müxalifətin "vahid namizədi" Ə.Kərimov olmalıdır" tezisini inkişaf etdirirdi. İsa Qəmbərovun özü də bu prosesi yaxından izləyirdi. Ə.Kərimov Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsini də özünün "vahid namizəd" olmaq imkanlarına səfərbər etmişdir. Bütün mətbuatda kampaniya aparırdılar ki, 2013-cü ildə ancaq Ə.Kərimov namizəd olmalıdır. Azadlıq qəzeti və onun jurnalistləri arasında da ancaq bu kampaniyanı qurmuşdular. Hətta Ə.Kərimov bir az qabağa gedərək, açıqlama vermişdi ki, mən bu missiyanı üzərimə götürə bilərəm. Onlar bu prosesə hərəkat üzvlərini, tanınmış şəxsləri və ziyalıları da qoşmuşdular. Amma İ.Qəmbərov son çıxışı ilə onlara mənəvi cəhətdən sərt şapalaq vurdu. Bununla da İ.Qəmbərov onlara öz mesajını verdi. "İctimai Palata"da Ə.Kərimov ilə İsa Qəmbərovun müttəfiqliyi süni xarakter daşıyır. Bu da uzun müddət davam edə bilməzdi.
BAXCP rəsmisi N.Orduxanlı onu da qeyd etdi ki, bunlar açıq şəkildə sosial şəbəkələrdə bir-birlərini təhqir edir: "Deyərdim ki, İ.Qəmbər Ə.Kərimliyə nifrət edəcəyi qədər kimsəyə nifrət etmir. Və ya əksinə, Ə.Kərimlinin İ.Qəmbərə olan nifrəti hüdudsuzdur. İ.Qəmbər gördü ki, onun başqa yolu yoxdur. Ona görə bu kampaniyanı darmadağın etdi. Onu da deyim ki, İ.Qəmbərin vahid namizəd olacağı belə şübhə altındadır. Çünki artıq indidən proseslər başlayıb ki, İ.Qəmbərə qarşı münasibətlər daha da sərtləşdirilsin. Ötən gündən etibarən sosial şəbəkələrdə Ə.Kərimliyə yaxın saxta və açıq profillərlə İ.Qəmbərə yönəldilmiş ittihamlar, hətta təhqirlər səsləndirilir. Artıq İ.Qəmbərə düşmən kimi baxırlar. İnanmıram ki, Ə.Kərimli İ.Qəmbəri vahid namizəd kimi qəbul etsin".
N.Orduxanlı sonda bildirdi ki, İ.Qəmbər 2013-cü il üçün güclü rəqib olmayacaq: "Ona görə ki, o bütün seçkilərdə imkanları və göstəriciləri ilə məğlub olub. İ.Qəmbər ölkə Prezidenti İlham Əliyevdən qat-qat zəifdir. Düşünürəm ki, 2013-cü ilin ən güclü və şanlı namizədi, xüsusilə, favoriti indiki Prezident cənab İlham Əliyevdir.
AXCP-dən İ.Qəmbərovun fikirlərinə sərt reaksiya gəldi
Müsavat başqanı İ.Qəmbərovun namizəd olmaq istəyi AXCP-də birmənalı qarşılanmayıb. Artıq bununla bağlı AXCP sədrinin müavinləri Razi Nurullayev və Fuad Qəhrəmanlı açıqlama verib. R.Nurullayev İ.Qəmbərovun bu iddiası ilə bağlı "facebook" sosial şəbəkəsində narazlığını bildirib. O, qeyd edib ki, belə bir məqamda "vahid namizəd" iddiası ilə çıxış etmək yersizdir. Çünki hələ "İctimai Palata" "vahid namizəd"i müəyyənləşdirməyib. O səbəbdən də, İ.Qəmbərov bu məsələdə tələskənliyə yol verib. O qeyd edib ki, bu açıqlama ilə İ.Qəmbərov müxalifətin birliyinə xələl gətirib. R.Nurullayevin bu statusundan görünür ki, AXCP Müsavat başqanı İ.Qəmbərovun bu iddialarını cavabsız qoymayacaq. AXCP sədrinin digər bir müavini Fuad Qəhrəmanlı da bu məsələyə münasibət bildirib. O qeyd edib ki, bu məsələnin nə yeri, nə də vaxtı deyil. Əgər İ.Qəmbərov belə bir iddia ilə çıxış edibsə, o zaman buna aydınlıq gətirməlidir.
Bundan başqa, AXCP sədri Ə.Kərimov ona yaxın olanlara tapşırıq verib ki, İ.Qəmbərovun bu açıqlaması ilə bağlı tədbirlər görülsün. Bunun üçün artıq sosial şəbəkələrdə savaş başlayıb. Ə.Kərimov və ona yaxın şəxslərin idarə etdiyi saxta profillərlə qarşılıqlı ittihamlar başlayıb. Bu ittihamların kökündə təhqirlər dayanır.
Babək Hacıyev