Müsavat başqanı İsa Qəmbərov "Azadlıq" radiosuna verdiyi müsahibəsində AXCP sədri Əli Kərimov üçün ciddi narahatçılıq yaradan müsahibə verərək, bildirib ki, 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olacaq. Bu da "İctimai Palata" daxilində onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırır. AXCP funksionerləri İ.Qəmbərovu vədinə xilaf çıxmaqda günahlandıraraq, onu böyük iddialarda çıxış etməkdə tənqid ediblər. "Azadlıq" radiosunun bostanına da daş atmaqdan çəkinməyən AXCP başbilənləri bu radionu partiyalararası münasibətləri qızışdırmaqda günahlandırırlar.
Söhbət etdiyimiz müxalifət partiya yetkililəri İ.Qəmbərovun açıqlamasının "İctimai Palata"nın parçalanmasına səbəb olcağını bildirdilər. SİA-ya müsahibə verən Demokratik Sol Partiyanın sədri Elşən Manafovun sözlərinə görə, Müsavat partiyası "İctimai Palata"da "vahid namizəd"liklə bağlı məsələyə indiyə qədər bir aydınlıq gətirilməyib: "Əli Kərimli Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələlərdən su-istifadə edərək, cəmiyyət arasında bir növ ajiotaj yaratmağa çalışır. O, həmçinin, xaricdə onların fəaliyyətini izləyən, maliyyələşdirən donor təşkilatların diqqətini də özlərinə cəlb etməyə çalışır: "Hesab edirəm ki, o, müxalifətin "vahid namizəd"i rolunda çıxış edə bilməz. Çünki, 16 siyasi təşkilat və kənardakı siyasi qüvvələr nə Əli Kərimlini, nə də İsa Qəmbəri müxalifətin "vahid namizəd"i statusunda qəbul etmirlər. Digər tərəfdən istər Əli Kərimli, istərsə də İsa Qəmbərin bu cür açıqlamaları müxalifətin vahid namizədi olmağa hesablanmış addımlardır". E.Manafovun sözlərinə görə, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər 1998-ci ildə mərhum Əbülfəz Elçibəyin müxalifətin "vahid namizəd"i kimi seçkilərə qatılmasının qarşısını əngəlləyən funksionerlər olublar: "Hesab edirəm ki, hər iki siyasətçi vaxtilə Ə.Elçibəyin seçkilərə qatılmasının qarşısını aldıqlarına görə, tərəfdarlarının qınağına tuş gəliblər və bu günün özündə də mərhum Elçibəyin adından yararlanmaq istəyirlər. Güman edirəm ki, nə İsa Qənbər, nə də Əli Kərimli Məmmədəmin Rəsulzadə və Elçibəy yolunun davamçıları ola bilməzlər. Baxmayaraq ki, İsa Qəmbər özü bəyan etmişdi ki, o, növbəti dəfə Müsavat başqanlığı ilə bağlı seçkilərə qatılmayacaq. Amma buna baxmayaraq, İ.Qəmbərin sifarişindən sonra Müsavat partiyasının rəhbərliyində təmsil olunmuş qüvvələr belə bir xəbər yaydılar ki, guya İsa Qəmbərin partiyanın başqanı vəzifəsindən gedəcəyi təqdirdə, Müsavatın imicinə ciddi zərbə vurula bilər".
RADİKAL DÜŞƏRGƏDƏ KABUS DOLAŞIR
BAXCP sədr müavini Elçin Mirzəbəyli "vahid namizəd" məsələsinin həmişə dağıdıcı müxalifət düşərgəsində kabusa çevrildiyini söylədi. O, Müsavat başqanı İsa Qəmbərovun 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı səsləndirdiyi açıqlamaya münasibət bildirərkən, deyib ki, burada yaradılan bütün qurumların yalnız bir məqsədi olub ki, ancaq və ancaq bir-birlərini aldatsınlar: "Əslində, elə bütün bu prosesin başında da bu dayanır. Bununla da istənilən saxtakarlığı, fırıldaqçılığı ört-basdır etməyə çalışırlar. İndi də həmin proses davam edir. Xatırladım ki, bir neçə müddət öncə, Əli Kərimli də açıqlamasında iddia edirdi ki, özü vahid namizəd olacaq. Bu açıqlamadan sonra da İsa Qəmbərin seçkilər öncəsi "vahid namizəd"liyi irəli sürməsi məsələsi gözlənilən idi. Bununla da onların artıq saxtakarlıq, riyakarlıq adı altında pərdələnmək zamanı bitmiş hesab olunur. Bu proses yeni deyil. Biz onların mütəmadi olaraq hər seçki öncəsi eyni iddialarla çıxış etmələrinə, seçkidən sonra bir-birlərinə qarşı ağlasığmaz ittihamlar səsləndirməsinə və s. artıq vərdiş etmişik. Bu illərlə belə olub. Bu da onu sübut edir ki, Əli Kərimli və İsa Qəmbəri bir-birinə bağlayan heç bir ideoloji prinsip yoxdur. Əslində, bu gün radikal düşərgənin özündə ciddi bir boşluq mövcuddur. Adıçəkilən bu insanları artıq politoloji müstəvidə heç bir faktor birləşdirmir. Bunlar heç özləri sağçı-solçu olmalarını, hansı rejimə xidmət etdiklərini belə dərk etmirlər. Ortalıqda yalnız primitiv və bəsit siyasi ambistiyalar var".
"İSA QƏMBƏR SİYASİ ETİKAYA YARAŞMAYAN HƏRƏKƏT EDİR"
"Yurddaş" partiyasının sədri Mais Səfərli isə İsa Qəmbərovun müxalifətin vahid namizədi olmaq arzusunun reallığa çevrilməsinə şübhə ilə yanaşdığını bildirdi: "İnanmıram ki, İ.Qəmbər seçkilərdə vahid namizədlik statusunu əldə edə bilsin. İsa Qəmbərin özü-özünü vahid namizəd elan etməsi siyasi etikaya yaraşmayan bir hərəkətdir. Düşünmürəm ki, müxalifət partiyasi vahid namizəd ortaya qoysun. Çünki müxalifət liderləri arasında daimi olaraq barışmaz, ziddiyyətlə dolu bir münasibət mövcuddur. Bunların da müxtəlif səbəbləri vardır. Ən başlıca səbəb odur ki, müxalifət liderlərinin hər biri öz ambisiyaları uğrunda mübarizə aparırlar. Onları milli maraqlar düşündürmür, əksinə, bütün addımları ambisiyalarına söykənib. Belə olan təqdirdə inanmıram ki, İ.Qəmbər seçkilərdə vahid namizədlik statusunu əldə edə bilsin". M.Səfərli hesab edir ki, Əli Kərimovla İsa Qəmbərov arasında heç vaxt yaxın münasibətlər olmayıb, əksinə, onlar bunu yalnız və yalnız etika xatirinə, gözdən pərdə asmaq üçün ediblər. Onların arasında həmişə dərin konfliktlər olub.
Murad İSMAYILZADƏ