İsa Qəmbərov:
"Palata"da dəstək o Pənah mənə,
Bu titulu verib bir Allah mənə,
Gözlərini geniş açıb bax mənə,
Sənin kimilərə eyləyirəm vəd,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Dostlarım müdriklər, həm Lot olubdu,
Liderlik sənəmi bir mod olubdu?
Nəsibin həmişə tut, ot olubdu,
Qoyaydın bu axmaq sözünə sən sədd,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Çox qrant gətirtdim, sən isə uddun,
Sənə kürsü verdim, tez də unutdun,
Həmişə Etibar yolunu tutdun,
Adam ol, başa düş bir baryer, sərhəd,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Məndə bosslar savad bəlkəm də görüb,
Bütün xaric məni ölkəmdə görüb,
Məni zəif, xəstə görkəmdə görüb,
İflic etməyimi eyləmisən qət?
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Qərb də təsdiq edib sırtığam səndən,
Həm də xeyli ağzı yırtığam səndən,
Yaxşı bilirsən ki, artığam səndən,
Elə bu dəfə də edirsən qələt,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Əriştə kəsmədin, bol umac qoydun,
Spiker olanda başa tac qoydun,
İqtidarda oldun, xalqı ac qoydun,
Özünsə evində yedin yağ, bal, ət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Mən səni görmüşəm tindən qabaqda,
İstərsən olasan kindən, qabaqda,
Həmişə olmuşam səndən qabaqda,
Sübut eylədin ki, bədxahsan, həm bəd,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Müsavatdan öndə quruldu bəndim,
Xaricdə də nüfuz qazandı "kəndi"m,
Uğuruma çıxdın, daşa dirəndim,
Adınla bağlıdı neçə cinayət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Bollu arağımı içməyin aydın,
Məni alaq kimi biçməyin aydın,
Sonra ayaqlayıb keçməyin aydın,
Sən öz liderinə etdin xəyanət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
A yazıq, halına yanan qalmayıb,
Məni qurumumda danan qalmayıb,
Səni partiyanda anan qalmayıb,
Səninkindən çoxdu məndə dəyanət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Adın da dalana, tinə yaraşar,
Sənin kimisinə tənə yaraşar,
Namizədlik adı mənə yaraşar,
Yaraşmır adına, əsla, bu sənət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Lap batmaq üzrədi Müsavat gəmi,
Götür üzərinə daimi qəmi,
Tanıyıb adını pis adam kimi,
Kütlələr adına oxuyur lənət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Nitqdə mən bülbüləm, sən adi qarğa,
Sən ola bilməzsən başımda darğa,
İstəsən verərəm bilərzik, sırğa,
Üstündə də xeyli qır-qızıl, zinət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Hamı yaxşı bilir şir kimi mənəm,
Deyirsən ki, guya çirkini mənəm,
Müxalif durumun ilkini mənə,
Həmişə nəsibin olubdu töhmət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Sən məni görürdün dolu cib kimi,
Mən səni görmüşəm bir talib kimi,
Özümü hiss etdim bir qalib kimi,
Müxalif duruma vermisən möhnət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Mənən qocalıbsan, azalıb şirən,
Düşüb yetkililər yanından pərən,
Niyyətin absurddu, fikirlər çərən,
Sənə həmkarların göstərmir hörmət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Yaxşılıq etmədin bircə nəfərə,
Önündə açılıb uçurum dərə,
Heç çıxa bilmirsən Qərbə səfərə,
A yazıq, saysan da xarici cənnət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Buradan bosslar da duyur ətrimi,
Başının üstündən atdın çətrimi,
Heç zaman bilmədin mənim qədrimi,
İndi üzərimə qoyursan minnət,
Özüm olmalıyam vahid namizəd.
İsa Qəmbərov:
Bala, çayını iç, hələ cemin var,
Sənin nə İvanın, nə də Semin var,
İndi eşitmişəm problemin var,
Düz olar özünə eyləsən sünnət,
Özüm olmalıyam vahid namizəd.
Əli Kərimov:
Etimadsızlıqdan ürək yuxalıb,
Sənə cəmiyyətdə maraq yoxalıb,
İndi Müsavatdan axın çoxalıb,
Qalxıb əleyhinə Qobustan, Ələt,
Özüm olmalıyam vahid namizəd.
Mirzə QƏRƏNFİL