"Cəbhə", yoxsa Müsavat?
Müsavat başqanı İsa Qəmbərovun "prezidentliyə namizəd olacağam" bəyanatı dağıdıcı müxalifət düşərgəsində vəziyyətin daha çevik şəkildə dəyişməsinə gətirib çıxardı. Həmin dəyişikliyin bariz göstəricisi, xüsusilə, "İctimai Palata" daxilində yaranmış narahatçılıqlarda özünü aşkar olaraq sərgiləməkdədir. Bu müstəvidə AXCP-nin partiyaya yaxın mətbuat səhifələrində irəli sürdüyü proqnozları heç də özünü doğrultmadı. Hazırda AXCP tərəfindən belə bir funksiya nümayiş olunmaqdadır ki, guya Ə.Kərimov İ.Qəmbərovun bəyanatından heç də nigaran deyil və təmkinini qoruyur. Ancaq bu dırnaqarası təmkinliyin də blef olması nəzərlərdən yayınmır. Bunu "cəbhə" sədrinin müavinlərinin açıqlamalarından da başa düşmək mümkündür. Gah Fuad Qəhrəmanlının, gah Həsən Kərimovun, gah Razi Nurullayevin, gah da Nurəddin Məmmədlinin Ə.Kərimovu mədh etmələri, İ.Qəmbərovun qarşısında isə açıqlama tələbi qoymaları göstərir ki, vəziyyət nəinki gərgin, hətta kəskin düşmənçilik səviyyəsində inkişaf edir. Hətta bu düşmənçilik mövqeyi tarixi köklü səbəblərdən də ortaya çıxaraq, sonuncu mərhələsini, etapını yaşamaqdadır.
AXCP Müsavatdan hansı güzəşti gözləyir?
Və əslində, partiyalararası tarixi düşmənçilik mövqeyinə müvafiq prizmadan yanaşsaq, görərik ki, sözügedən sonuncu mərhələnin əsası 2010-cu ilin parlament seçkilərindən sonra qoyuldu. Daha dəqiq desək, ötən parlament seçkilərindən əvvəl quraşdırılan "bir superpartiyada birləşmə" oyunu ilə AXCP-ni aldatmağa müvəffəq olan İsa Qəmbərov Əli Kərimovdan kifayət qədər istifadə edə bilmişdi. AXCP-nin Müsavata inamı o həddə idi ki, "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nə də qoşulmaqdan imtina etmişdi.
Amma bütün bunlara baxmayaraq, Müsavat iki ildir AXCP-yə birləşmə məsələsinə razılıq vermir. Hətta bu məsələdə müzakirələr aparmaqdan belə, yayınır. Ona görə də, İ.Qəmbərovun məlum bəyanatı AXCP-nin bütün planlarını dəyişdi. Müsavatın bundan sonra hər hansı qərarını dəyişməsi də inandırıcı görünmür. Artıq əldə etdiyimiz səhih informasiyaya görə, İ.Qəmbərovun bəyanatından sonra Müsavatın məclisi toplanmaq ərəfəsindədir. Orada başqan İ.Qəmbərov namizəd elan ediləcək. Eləcə də, İ.Qəmbərovun başqa çarəsi də yoxdur. Çünki geriyə addım atsa, onsuz da uzun illərdən bəri formalaşmış mənfi imici daha aşağı səviyyəyə enəcək.
Və əlbəttə ki, AXCP də seçkiyə öz namizədi ilə qatılacaq. "Cəbhə" tərəfi namizəd məsələsinin ictimai rəyə çıxarılmasını zərərli hesab etsə də, Ə.Kərimovun hələ İ.Qəmbərovdan öncə, mediada özünü namizəd kimi təsdiqləməsi qarmaqarışıqlıq alovunun üzərinə benzin töküb.
Amansızcasına aparılan virtual müharibə
Artıq, "İctimai Palata" üzvləri də quruma müvəqqəti birlik kimi baxmaqdadırlar. AXCP ilə Müsavat fəalları arasında aparılan virtual müharibə isə həmin birliyin dağılmasına stimul verir. AXCP tərəfdarlarının qatıldığı virtual mübahisələrdə İsa Qəmbərovun keçmişi təftiş olunur, Müsavat başqanı "gənclərə meydan verməyən", "demokratiyanı boğan lider" kimi xaraterizə olunur. Müsavatçılar isə Əli Kərimovun Elçibəyə xəyanət etdiyini, 2003-cü ildə müxalifətin real namizədini deyil, AMİP liderini dəstəklədiyini yada salırlar. Sosial şəbəkədəki müsavatçılardan biri belə bir status yazıb: "Bir vaxtlar "Yurd" qrupu "1993-də bizi qoydu qaçdı" deyib Elçibəyi necə çərlədirdisə, bu gün də "2003-cü ildə İsa Qəmbər meydana çıxmadı" deyib, Müsavat başqanını bezdirmək istəyirlər".
Bu baxmıdan, sosial statuslarda başladılmış və amansızcasına aparılan vritual müharibə "İctimai Palata"nın parçalanma mərhələsində olmasını sübuta yetirir. Sözügedən amil, onu da deməyə əsas verir ki, başladılan namizəd müharibəsi tarixi savaşın məntiqi sonluğudur. Və bu müharibədə qalib tərəfin olmayacağı indidən özünü göstərir. Belə ki, "kimdir qalib, "Cəbhə", yoxsa Müsavat?" sualına veriləcək cavab bu faktoru kifayət qədər səciyyələndirir.
RÖVŞƏN RƏSULOV