"Liderlərini" mədh edən müxalifətçi "gənclər" sosial şəbəkələrdə də məğlub durumdadırlar
Sirr deyil ki, dağıdıcı müxalifətin azsaylı tərəfdarları zaman-zaman "Facebook" və digər bu kimi sosial şəbəkələrdə müxtəlif statuslar altında təmsil etdikləri düşərgənin "liderlərini" mədh etməklə məşğul olmaqdadırlar. Xüsusilə, bu kimi işlərdə AXCP və Müsavatı təmsil edənlər daha çoxluq təşkil edir. Lakin bütün bunlara baxmayaraq, tərəflərini tutduqları "liderlərinin" düşərgə daxilində baş verən intriqaları da müxalifətçi "gənclərə" kifayət qədər sirayət edir. Məsələn, AXCP sədri Əli Kərimovun tərəfini tutan bir neçə nəfər İsa Qəmbərovun tərəfində dayanan bir neçə nəfərə qarşı mətbuatda yazılmayacaq dərəcədə təhqirlər edirlər. Nəticə etibarilə, guya iqtidara qarşı birləşdiklərini iddia edən müxalifət "gəncləri" bir-birlərinə qarşı göstərdikləri "səmimiyyətlərini" də göz qabağına qoyurlar.
Müxalifətçi "gənclərin" yaşı 40 və 50-nin arasındadır
Eləcə də, müxalifət düşərgəsinin "gəncləri" hesab edilən bir neçə nəfərin 3 milyonluq Azərbaycan gənci adından fikir yürütmələri də sağlam düşüncəli gənlər tərəfindən kəskin şəkildə qınanılır. Amma təəssüf ki, dağıdıcı müxalifətin adətkarda olduğu yalançılıq, iftira amili burada da özünü kifayət qədər nümayiş etdirməkdədir. Çünki 3 milyonluq Azərbaycan gəncliyi adından çıxış edən müxalifət gənclərinin mitinqində ən çox 300 nəfər iştirak edir ki, onların da yarısı gənclər deyil, 40-50 yaşlı adamlardırlar. Həmin amil isə, bir daha onu deməyə əsas verir ki, "Facebook"da, yaxud da başqa sosial şəbəkələrdə müxalifyönlü münasibət bildirən həmin şəxslərin məqsədləri heç də təmiz mövqedən çıxış etmək mənasını daşımır.
Osman Gündüz: "Belə dəyərləndirmə söz və ifadə azadlığının pozulması kimi də başa düşülə bilər"
Lakin ortada başqa maraqdoğurucu məqamlar da görünməkdədir ki, həmin məqamlardan biri də müxalifət "gənclərinin" qəzərli, əsassız və dəyəri olmayan fikirlərinə qiymət verən sağlam ruhlu, sağlam düşüncəli gənclərin münasibətləri ilə bağlıdır. Daha dəqiq desək, müxalif fikirli insanların profillərinə stasus yazan sağlam ruhlu gənclərimiz dərhal həmin profillərdən uzaqlaşdırılır, onların fikirlərinə qarşı iqnor tədbiq edirlər. Bu isə, bilavasitə, söz və ifadə azadlığının pozulması kimi dəyərləndirilir.
Məsələ ilə bağlı ekspert rəyləri də bu amili yetərincə təsdiq edir. Belə ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün "Səs"ə verdiyi açıqlamasından belə qənaətə gəlmək mümkündür ki, əgər hər hansı bir şəxs müxtəlif profillərdə münasibət bildirmək istəyirsə, nəticədə, onun münasibəti qərəzli olaraq bloklaşdırılırsa, demək, bu faktorun özü söz və ifadə azadlığının pozulmasıdır: "Belə dəyərləndirmə söz və ifadə azadlığının pozulması kimi də başa düşülə bilər".
Başqa tərəfdən, o da bəllidir ki, müxalifət heç də normal, sivil və demokratik tərzdə mübarizə aparmaq gücündə deyil. Çünki onlara qarşı, nəinki sosial şəbəkələrdə, hətta başqa motivlərdə də müəyyən haqlı iradlar bildirildiyi zaman, onlar qaçmaq üsulunu ən rahat vasitə kimi qəbul edirlər. Müxalifətin qaçmaqdan başqa çarəsi də qalmayıb. Belə ki, haqlı söz yandırıcı olur. Müxalifət "gəncləri" isə yanmaqdan qorxduqları, çəkindikləri üçün mübarizə meydanından məhz bu kimi yollarla uzaqlaşmağa cəhd göstərirlər. Belə qaçmağın yolu isə etiraf etməkdir. Yəni bu gün "İflas", "Xilas", "Azərbaycan-Azərbaycan" kimi müxalifətyönlü profillərin haqlı sözdən qaçmaları iflas anlamını daşıyır. Həmin iflas isə elə də uzaqda deyil.
R.RƏSULOV