PDF Oxu

Müxalifət

  • 66

AMİP rəsmisi Müsavatı məzhəbsiz adlandırdı

"Cəbhəçilər"in ardınca "milli istiqlalçılar" da İsa Qəmbərlə aranı pozdu

AMİP rəsmisi Müsavatı məzhəbsiz adlandırdı

Müxalifət düşərgəsində partiyalararası intriqalara daha biri əlavə olunmaqdadır. Belə ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı müxtəlif qütblərə ayrılmış siyasi partiyalar və onların sədrləri tərəfindən verilən bəyanatlar düşərgədə hər şeyin öz axarında getməməsini təsdiq edir. Bu baxımdan, müxalifətçi partiya sədrləri tərəfindən irəli sürülən vaxtaşırı "birlik" çağırışları da effekt verməyərək, sadəcə deyilmiş boş vəd təsirini bağışlayır. Buna misal kimi "KXCP" sədri Mirmahmud Mirəlioğlunun AXCP və Müsavatla bir bayraq altında birləşməsi ideyasını göstərmək mümkündür. Artıq həmin təklif həm "cəbhə", həm də Müsavat funksionerləri tərəfindən rədd edilib. Çünki ortada başqa məqamlar da mövcuddur ki, həmin məqamların başında ilk olaraq, AXCP-Müsavat düşmənçiliyi dayanıb. "KXCP"-nin ideyası isə lüzumsuz hesab olunub.

"Yeni Müsavat" da hədəfdədir

Başqa tərəfdən, hazırda yaşanan intriqalara növbətisi əlavə olunub ki, bu da AMİP-in adıyla bağlıdır. Yəni hazırda Müsavata qarşı növbəti hücum AMİP tərəfindən reallaşdırılıb. Partiyanın mərkəzi şurasının üzvü Əli Oruclu Müsavat başqanı İsa Qəmbəri və ümumilikdə, siyasi təşkilatı məzhəbsiz adlandırmaqla, ilk hücumunu edib. Ə.Oruclu Müsavat partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzetinə də daş atmağı unutmayıb. O, lideri Etibar Məmmədova qarşı aparılan informasiya müharibəsinə qəti etirazını bildirib: "Müsavat partiyasının rəhbərliyi və ona qulluq edən mətbu orqan Azərbaycan Milli İstiqlal Partiyasına qarşı qərəzli mövqeyindən əl çəkmir. Adıçəkilən partiya və qəzet mütəmadi olaraq AMİP lideri barədə cəfəng, həqəqtəuyğun olmayan fikirlər yayır".

Əli Oruclu: "Özləri yüz oyundan çıxırlar"

Ə.Oruclu deyib ki, sözügedən mətbu orqan Müsavat partiyası rəhbərliyinin şəxsi maraqlarının istifadəçisinə çevrilib. O, bununla demək istəyib ki, Müsavat partiyasında avtoritar rejim hökm sürür və bütün bunların başında bilavasitə İ.Qəmbər dayanıb: "Özləri yüz oyundan çıxırlar. Müsavat partiyası hansı dinə, məzhəbə qulluq edir bilinmir. Bu qüvvələr ancaq cəmiyyəti çaşdırmaq, kimlərəsə qara yaxmaq istiqamətində fəaliyyət göstərirlər. Son yayılmış məlumat bir daha təsdiq edir ki, Müsavat partiyası rəhbərliyinin AMİP liderinə qarşı şəxsi qərəzçiliyi var".

Baş verənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, əslində, qarşılıqlı qarayaxmalar, partiyalararsı savaş kampaniyaları 2013-cü ildə önə çıxmaq məqsədini daşısa da, burada müxalifət liderlərinin, ümumilikdə, hansısa uğura imza atacaqları inandırıcı görünmür. Bu gün AMİP-in rəsmən Müsavata qarşı cəbhə aşması da müəyyən məsələləri qabardır ki, nəticədə vəziyyət daha gərgin xarakter almağa başlayır. Eyni zamanda, AMİP-AXCP münasibətləri də hazırda kritik vəziyyətdədir və həmin vəziyyətin yaranması hələ ötən prezident seçkilərində yaranmışdı. Bu amil isə, bütövlükdə, müxalifətin seçkilərdə ciddi və birbarşa məğlubiyyətlə üzləşmələrinə kifayət qədər yol açır.

R.Hüseynova

Digər xəbərlər