Hacıbaba Əzimov: "Məsələ həll olunmamış, heç nə yaradılmamış mətbuata o cür məlumat verməyi düzgün hesab eləmirəm"
Son günlər müxalifət düşərgəsində bir-birini əvəzləyən ardıcıl uğursuzluqlar orada təmsil olunan partiya sədrləri tərəfindən də etiraf edilməkdədir. Belə ki, artıq bir neçə gündür siyasi gündəmə çıxarılmış "Demokratik Qüvvələrin Məşvərət Məclisi" ideyası ətrafında aparılan müzakirələr acı sonluqla başa çatıb. Bu "ideyanı" ortaya atan partiyalar isə düşdükləri vəziyyətdən necə çıxmağı düşünsələr də, heç nəyə nail olmadıqlarını demək məcburiyyətindədirlər.
Bu faktordan növbəti qənaətə gəlmək mümkündür ki, "DQMM"-in yaradılmasında nəinki nüfuzları get-gedə aşağı düşən "ənənəvi müxalifət" partiyaları həmçinin, "cırtdan" partiyalar iştirak ediblər. Lakin bu amil də müxalifətin birliyinə heç bir müsbət təsir göstərmədiyindən, düşdükləri durumdan xilas olmağa çalışan partiya sədrləri bir-birlərinin ayaqlarının altını qazmağa başlayıblar. Buna misal kimi "VAMBP" sədri Hacıbaba Əzimovun sözügedən məsələ ilə bağlı açıqlamasını göstərmək mümkündür: " Cəmiyyətə təsir imkanı olmayan, tanınmayan insanların partiya adı ilə ora yığışmasını qəbul etmək olmaz".
"Demokratik Qüvvələrin Məşvərət Məclisi" adlı qurum yaradılmayıb"
H.Əzimov həmin açıqlaması ilə 16 partiyanın bir araya gəlməsini izah edərkən bildirib ki, əslində, bu, sadəcə çay süfrəsi ətrafında baş tutmuş görüş olub. Daha dəqiq desək, H.Əzimov yaşanan uğursuzluğu bu cür dəyərləndirməklə, yaxasını kənara çəkmək istəyib: "16 siyasi partiyanın təmsilçisinin iştirakı ilə keçirilən görüşdə "Demokratik Qüvvələrin Məşvərət Məclisi" adlı qurum yaradılmayıb".
O, iddia edib ki, belə bir məşvərət qurumunun yaradılması, sadəcə, məqsədəuyğun hesab edilib. H.Əzimov baş verən uğursuzluğa görə ittiham etməyi də yadından çıxarmayıb. Partiya sədri AMİP-i günahlandırıb və bildirib ki, AMİP-in mətbuat xidmətindən mətbuata çox yanlış press-reliz yaymışdılar. Məsələ həll olunmamış, heç nə yaradılmamış mətbuata o cür məlumat verməyi düzgün hesab eləmirəm. Belə bir qurumun yaradıldığı barədə nə heç kimin imzaladığı sənəd var, nə də qəbul edilmiş bəyanat... Cəmiyyətə hansısa təsir etmək imkanı olmayan, cəmiyyətdə tanınmayan adamların da say xətrinə partiya adı ilə oraya yığılmasını qəbul etmək olmaz".
Hacıbaba Əzimov kimin qulluqçusudur?
H.Əzimov onu sözügedən toplantıya tanımadığı, adını heç vaxt eşitmədiyi partiyanın sədrinin dəvət elədiyini açıqlayıb: " Hesab edirəm ki, belə formatda biz ciddi iş görə bilmərik. Mənim mövqeyim nəzərə alınmayacağı halda "Məşvərət Məclisi"ndə iştirak etməyəcəyəm. Mən ciddi adamlardan, partiyalardan ibarət ciddi qurumun yaradılmasının tərəfdarıyam".
Söz yox ki, H.Əzimov bu kimi açıqlaması ilə özünü təmizə çıxarmaqla yanaşı, Müsavat partiyasının başqanı İsa Qəmbərin sifarişini həyata keçirmək istəyib. Çünki son günlər Müsavat partiyası ilə AMİP arasında ciddi ixtilaflar yaşanmaqdadır. H.Əzimov isə həmin ixtilafda İ.Qəmbərovun qulluqçusu rolunu oynayıb. Hər halda, hadisələrin gedişatı bu qənaətə gəlməyə imkan verir.
R.RƏSULOV