BAXCP rəhbəri AXCP sədrini qorxaq və artist adlandırdı
Post-seçki dövrlərində dağıdıcı müxalifət düşərgəsində yaşanan "ajiotaj", yaxud "fəallıq" sarsıdıcı məğlubiyyətlərdən sonra daim sönükləşib, sıradan çıxıb. Siyasi ictimaiyyət bunu müxtəlif dövrlərdə baş tutmuş seçkilərdən sonra kifayət qədər müşahidə edib. Və bu gün istər "İctimai Palata"da, istərsə də başqa müxalifət birliklərində cəmiyyətə sırınan "fəallıqlar" da bu kontekstdəndir. Xüsusilə, partiyaları daxilində avtoritar rejim yürüdən AXCP və Müsavat rəhbərləri qarşıdan gələn seçkilərdə də məğlub duruma düşəcəklərini bilsələr də, həmin məğlubiyyətlərini müəyyən xarici qüvvələr tərəfindən kompensasiya edəcəklərini düşünürlər.
Əslində, bu kimi "manevr" həm Ə. Kərimli, həm də İ.Qəmbər tərəfindən düşünülmüş çoxdankı "siyasi gedişdir". Ancaq onların başqa çıxış yolları qalmadığı üçün, növbəti bu kimi planlarını işə salmağa səy göstərirlər. Bu və bu kimi planlar ifşa olunduqca, onların iç üzləri bir daha ifşa edilir.
Növbəti belə ifşanı BAXCP sədri Qüdrət Həsənquliyev edib. Partiya sədri dağıdıcı müxalifət liderlərinin "əsas iddiaçı", "əsas namizəd" kimi dəyərləndirmələrini izah edrkən, bildirib ki, kasıb itinin adını "Qızıl", "Gümüş" qoyan kimi, onlar da öz adlarını əsas iddiaçı, əsas namizəd qoyurlar, amma heç keçən seçkilərə girmədilər: "Biz onda dedik ki, müxalifətin mövcud reallıqlar çərçivəsində seçkilərdə qalib gəlmə şansı yoxdur və çox məhduddur. Buna baxmayaraq, biz seçkilərdə gücümüz nəyə çatır ortaya qoyduq və hər seçki kampaniyalarında - bələdiyyə, parlament, prezident seçkilərində öz ideya və fikirlərimizin yayılması üçün istifadə edəcəyimizi bildirdik. Prezident seçkilərinə qatıldıq, televiziyadan istifadə etdik. Vaxt kifayət qədər az olsa da, hər halda, müəyyən fikirləri dedik. Deməsək, nə olacaqdı? Yenə də hesab edirəm ki, Azərbaycan müxalifəti seçkilərə qatılmalıdır. Bu müxalifətin içində barışmaz qüvvələr də var. Bu da yürüdülən siyasətlə bağlı deyil".
"Yadınıza salın, xaricilər o "əsas namizəd"ləri Londonda bir yerə yığmışdılar..."
Q.Həsənquliyev ötən prezident seçkilərində baş tutmuş məlum London görüşünü xatırladaraq bildirib ki, məhz həmin görüşdə də şəxsi ambisiyaların mövcudluğu müxalifətin biabırçı məğlubiyyəti ilə sona çatdı: "Yadınıza salın, xaricilər o "əsas namizəd"ləri Londonda bir yerə yığmışdılar... Nə oldu, niyə razılığa gələ bilmədilər? Çünki həmin şəxslər birinci yerdə ancaq özünün prezidentliyini görür. Demokratiya və digər dəyərlər, insan haqları, qanunun aliliyinə beşinci və onuncu məsələ kimi baxırlar. Ona görə də bunlar öz aralarında razılığa gələ bilmirlər".
"Əli Kərimli yaranmış vəziyyətdən özünün əzabkeş obrazını yaradıb faydalanmaq istədi"
BAXCP sədri "İctimai Palata"da İ.Qəmbərlə Ə.Kərimli arasındakı qarşıdurmanı da bu baxış prizmasından izah edərək, qeyd edib ki, Ə. Kərimlidən şikayət edildi və o, xaraktercə qorxaq adam olduğuna görə dərhal dedi ki, bu, mənim vahid namizədliyimin qarşısını almaq üçün düşünülüb: "Həm özünü müdafiə etmək fikrinə düşdü ki, "əsas rəqibəm" deyə üstümə gəlirlər, həm də yaranmış vəziyyətdən özünün əzabkeş obrazını yaradıb faydalanmaq istədi. İsa Qəmbər də görəndə ki, Əli Kərimli yaranmış vəziyyətdən faydalanmaq istəyir, o da tez öz namizədliyini irəli sürdü. Halbuki deyirdilər ki, "İctimai Palata"da vahid namizəd məsələsi müzakirə olunmamalıdır, bunun vaxtı deyil. Amma "əsas namizədlər" öz şərtlərini özləri pozdular. Ona görə də, əvvəllər də deyirdim ki, bu adamların bir-biri ilə müttəfiq olması mümkün deyil. Əli Kərimli nə Şərq dəyərlərinə sadiqdir, nə Qərb dəyərlərinə. O, 2003-cü ildə İsa Qəmbəri qoyub Etibar Məmmədovu müdafiə etdi. Halbuki Əli Kərimlinin imzası ilə vaxtilə AXC-nin çoxlu sayda qərarları qəbul olunub ki, Etibar Məmmədov qiyamı dəstəkləyib və sair".
"Dost deyib, insanların rəğbətini qazanıb, sonradan onlara xəyanət edib, xəyal qırıqlığına uğratdıqlarının şahidi olmuşuq, öz üzərimizdə yaşamışıq o hissləri"
Q.Həsənquliyev daha bir yaxın tarixə müraciət edərək. Xatırladıb ki, 2000-ci il parlament seçkilərində Müsavat Azərbaycan Xalq Cəbhəsini parlamentə getməklə xəyanətdə ittiham etdi və dedi ki, onlar hakimiyyətin adamlarıdır. Lakin sonradan həmin vəziyyət başqa məcrada inkişaf etdi: "2005-ci ildə rollar dəyişdi. Bu dəfə Müsavat parlamentə düşdü və o zaman Əli Kərimli dedi ki, bu xəyanətkar yoldur, müttəfiqləri satmaqdır. Onu müdafiə edənlər Lalə Şövkət, Əli Əliyev idi. Amma sonda "Azadlıq" bloku da dağıldı. Növbəti seçki ərəfəsində Əli Kərimli dedi ki, indi mənə İsa Qəmbər lazımdır, onunla blok yaradıram. Bunların müttəfiqliyə və dəyərlərə münasibəti budur. Dost deyib, insanların rəğbətini qazanıb, sonradan onlara xəyanət edib, xəyal qırıqlığına uğratdıqlarının şahidi olmuşuq, öz üzərimizdə yaşamışıq o hissləri. Odur ki, seçkilər yaxınlaşdıqca, bu müttəfiqliyin də mənasız iş olduğu ortaya çıxacaq..."
R.NURƏDDİNOĞLU