(Əvvəli ötən saylarımızda)
Siyasi ictimaiyyətə də çoxdan bəllidir ki, Əbülfəz Elçibəy vəfat edən müddətədək, onu amansızcasına təhqir edənlər məhz "Yurd" şefi Əli Kərimli və onun təsir dairəsində olan mətbuat səhifələri olub. Bunu eks-prezidentin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadənin 6 sentyabr 2000-ci ildə "Reytinq" qəzetinə verdiyi müsahibəsindən də sezmək mümkündür.
Ədalət Tahirzadə: "Deyirlər ki, cəbhədə iki qüvvə var: biri "islahatçılar", digəri "klassiklər". Mən bu bölgünü qəbul etmirəm. Cəbhədə iki qüvvə var. Biri "Yurd"çular, biri cəbhəçilər "...
Əbülfəz Elçibəyin mətbuat rəhbəri Ədalət Tahirzadə Əli Kərimlinin öz liderinə qarşı antisimpatik davranışlarını qəzetə verdiyi müsahibəsində açıqlayarkən, bir çox maraqlı nüanslara toxunub. Xatırldaq ki, həmin dövrlərdə, yəni 2000-ci ilin əvvəllərindən başlayaraq, AXCP-də "Yurd" qruplaşması ilə yanaşı, "klasiklər" də meydana çıxmışdılar ki, həmin qruplaşmaların siyasi baxışları tamamilə fərqli təsir bağışlayırdı. Daha dəqiq desək, "klassiklər" Mirmahmud Fəttayevin rəhbərliyi altında Ə.Elçibəy davamçıları qismində çıxış etsələr də, "Yurd" qruplaşması da həmin vəziyyəti təkararlayırdı. Ancaq nəyin sonra necə olacağını da zaman göstərəcəkdi. Bu baxımdan, sözügedən müsahibəsində Ə.Tahirzadə bildirib ki, o, "Yurd"du "cəbhə" hesab etmir: " Deyirlər ki, cəbhədə iki qüvvə var: biri "islahatçılar", digəri "klassiklər". Mən bu bölgünü qəbul etmirəm. Cəbhədə iki qüvvə var. Biri "Yurd"çular, biri cəbhəçilər. Mən "Yurd"u Cəbhə saymıram. ...Bu, özünün geniş təbliğat şəbəkəsi olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş qurumdur. Onun rəhbəri Elçibəy idi. Heç kəsə gizli deyildi ki, "Yurd" Elçibəyi qəbul etmirdi... Elçibəy dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz "Yurd"un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz "Yurd"un təsir dairəsindəki qəzetlər sancırdılar".
Elçibəyin mətbuat katibi daha bir maraqlı xatırlatma edərək, demişdi ki, lideri dəfələrlə ona bir nəfərdən giley edib: "...Sonuncu dəfə görüşəndə, o, mənə bir nəfərlə bağlı giley elədi. Dedi ki, "çox təəssüf ki, mən onu yoluna qaytara bilmədim"...
"Əgər "Yurd" öz mətbuat orqanlarında Elçibəyi söydürürsə, onun liderliyini deyil, özünün liderliyini tanıdırsa, Elçibəyin göstərişlərindən açıq şəkildə imtina edirsə, onun mənəvi haqqı yoxdur ki, özünü cəbhəçi adlandırsın"
Ə.Tahirzadə "Yurd"dakıların böyük əksəriyyətinin Cəbhəyə dəxli olmadığını vurğulayıb: "Cəbhə 1989-cu ildə yaranıb. Bu gün "Yurd" funksionerlərinin böyük əksəriyyətinin meydan hadisələrindən xəbəri yoxdur. Əgər "Yurd" öz mətbuat orqanlarında Elçibəyi söydürürsə, onun liderliyini deyil, özünün liderliyini tanıdırsa, Elçibəyin göstərişlərindən açıq şəkildə imtina edirsə, onun mənəvi haqqı yoxdur ki, özünü cəbhəçi adlandırsın... Onlar Elçibəyə qarşı böyük ədalətsizlik, tərbiyəsizlik ediblər".
Elçibəyin qurduğu partiya indiyədək bütövdür. Və o, Mirmahmud Mirəlioğlunun rəhbərliyi ilə fəaliyyət göstərir! Elçibəyin birbaşa varisi də məhz bu partiyadır. Bəs parçalanma görüntüsü yaradan nələrdir?
Əli Kərimli AXCP adını qəsb edib
AXCP adının qəsb edildiyini deyən Ə. Tahirzadə 2000-ci ildə verdiyi müsahibəsində bir daha təsdiq edir ki, Ə.Kərimli "cəbhə" adını qəsb edib: "AXCP" adını qəsb edən və müstəqil fəaliyyətə başlayan "Yurd" birliyinin, həm də son vaxtlar "birləşdirmə", "bütövləşdirmə" şüarlarıyla meydana atılmış bölgəçi qruplaşmaların Elçibəyin AXCP-sinə heç bir dəxli yoxdur".
Eyni zamanda, "Yurd"çular hələ Elçibəyin sağlığında rayon şöbələrinə təlqin edirdilər ki, artıq lider siyasi fəaliyyətini başa çatdırıb və öz yerini Ə.Kərimliyə təhvil verməyə hazırlaşır. Belə ki, Elçibəyin Bakıda olmamasından yararlanaraq, 1995-ci ildə partiya rəhbərliyini ələ keçirmiş "Yurd"-un özünün başçısı (Əli Kərimli), Elçibəyi lider kimi qəbul etməyən öz rayon şöbələri, özünün möhkəm maliyyə qaynaqları (daha çox Asim Mollazadənin xəttiylə) və özünün geniş təbliğat şəbəkəsi vardı. Ə.Kərimli və onun "Yurd"daşları hətta Elçibəy Kələkidən Bakıya dönəndən sonra da partiya sədrinin nüfuzunun sındırılması, onun guya partiyanı idarə edə bilməməsi, partiyada son sözü Ə.Kərimlinin söyləməsi görüntüsünün yaradılması, Elçibəy tərəfdarlarınınən qaba və zorakı üsullarla partiyadan xaric edilməsi və sıxışdırılıb uzaqlaşdırılması üçün əllərindən gələni etdilər.
Ə.Tahirzadənin dediklərindən: "Elçibəyin mətbuat katibi olarkən özüm gördüm ki, milli liderimizə qarşı ən mütəşəkkil əks təbliğatı məhz "Yurd"a məxsus KİV şəbəkəsi aparır və bu şəbəkəyə təlimatı özünü bu gün "millət vəkili" adlandırmaqdan çəkinməyən bəzi siyasi kommersantlar elə partiya qərargahındaca verir. (Təsadüfi deyil ki, "Yurd"a məxsus qəzetlər hansı səbəbdənsə çıxmadıqda onların müxbirlərini gətirib, redaksiyası AXCP ilə bir binada yerləşən qəzetlərdə işə düzəldirdilər.) Bütün bunları nəzərə alan bəy 12 iyun 2000-ci ildəki son təkbətək görüşümüzdə "Yurd" lideri haqqında mənfi rəyini açıq şəkildə mənə bildirdi və 22 iyun 2000-də Bakı Mətbuat Klubunda Nəcəf Nəcəfovun anım gününə qatılanlar da Elçibəyin bu münasibətinin şahidi oldular. Bəy dünyasını dəyişdikdən sonra cəmi 6 deputat yerindən ötrü bütün müxalifətin mənafeyini satması və AXCP-nin deyil, bütövlükdə müxalifətin ciddi şəkildə parçalanmasının özülünü qoyması Elçibəy siyasi xəttinə həmişə kinayəli gülüşlə yanaşmış, "praqmatik" "Yurd"un yüksək ideallardan məhrum olduğunu və Elçibəyin partiyası ilə heç bir mənəvi- ideloji tellə bağlanmadığını aydınca göstərməkdədir".
Əli Kərimli xəyanətinin qurbanı məhz Əbülfəz Elçibəy olmalıydı
Qeyd edək ki, "Yurd həqiqətləri" adlı kitabda da Ə.Kərimlinin Elçibəyə qarşı xəyanətləri kifayət qədər yer almış, orada "Yurd" qruplaşmasının maliyyə maxinasiyaları, partiyanı parçalamaq istiqamətində göstərdikləri fəaliyyətləri geniş şəkildə əhatə olunub. Bu isə bir daha onu deməyə əsas verir ki, hazırda Elçibəyin zəhərlənməsində əlinin olmadığını iddia edən Ə.Kərimli bilavasitə, AXCP-nin mərhum sədrinin ölümündə əsas günahkarlardandır. Eləcə də, Ə.Kərimli bu vasitə ilə "komsomol" ideyalarına sadiq olaraq, "karyeristlik" iddialarını gerçəkləşdirməyə çalışıb. Amma burada xəyanətin olması vacib idi. Həmin xəyanətin qurbanı isə Əbülfəz Elçibəy olmalıydı və oldu da. "Yurd" şefi isə "siyasi karyerasına" rəng qatmağa müvəffəq oldu ki, həmin rəngin çalarları bu gün daha aydın şəkildə görünməkdədir. Ancaq rənglər də siyasi, təbii, süni olmasından asılı olmayaraq, solur. Və bu solğunluq özünü "komsomol" və "karyerist" Ə.Kərimlidə daha çox görünməkdədir.
RÖVŞƏN NURƏDDİNOĞLU