PDF Oxu

Müxalifət

  • 47

"İctimai Palata"da gərginlik sindromu

AXCP sədrinin "vahid namizəd" olmaq istəyi müsavatçıları daha çox qıcıqlandırır

"İctimai Palata"da gərginlik sindromu

Müxalifətin prezident seçkilərinə vahid namizədlə qatılmaq məsələsi düşərgə liderləri arasında əsas intriqa yaradan məfhuma çevrilib. Müsavatla AXCP sədrlərinin bir-birilərini ən potensial rəqib gözündə görməsi isə, bu iki partiyanın təmsil olunduğu "İctimai Palata"da vəziyyəti bir az da qəlizləşdirir. Maraqlısı isə, bu iki partiya sədrinin bir yerdə olarkən vahid namizəd məsələsindən danışmağa qadağa qoyması, buna rəğmən, müxtəlif zamanlarda və məkanlarda fərdi surətdə öz namizədliklərini ən real şəkildə dəstəkləməsidir. Belə ki, İsa Qəmbər öz partiyasında bu məsələdən danışmağa qadağa qoyub, lakin dolayısı yolla onun tərəfdarları İ.Qəmbərin müxalifətin "vahid namizədi" olmağa ən şanslı adam olması fikrini sırımağa girişiblər. Əli Kərimli də həmkarının addımını atsa da, öz növbəsində, alternativ addımlar atmaqda da gecikmir.

Ə.Kərimlinin "Amerikanın səsi" radiosuna verdiyi məlum müsahibə isə, "İP"-i qarışdırıb. AXCP sədri müsahibəsində "vahid namizəd" məsələsindən danışarkən, öz çəkisini xüsusi vurğulayaraq, müxalifətin əksər hissəsinin vahid namizədi ola biləcəyini dilə gətirib. O, bunu Hafiz Hacıyevin ittihamlarının əsas hədəfinin özü olması ilə izah etməyə çalışıb.

"Yeni Müsavat" qələmdarları "Azadlıq"la qələm savaşına çıxıblar

Bu fikirlər Ə.Kərimlinin qəzetində - "Azadlıq"da gen-bol tirajlanmaqdadır, bu isə Müsavatı qıcıqlandırıb və elə həmin vaxtdan etibarən müsavatçılar və onların mətbuat orqanı olan "Yeni Müsavat" qəzeti də Ə.Kərimliyə qarşı əks cəbhə tutublar.. Lakin bir növ söz altında.

"Yeni Müsavat" Rafiq Əliyev və Rüstəm İbrahimbəyovu xatırladaraq deyir ki, həmin insanlar o vaxt elə bu insanların "vahid namizəd" ola biləcəyi fikrini irəli sürürdülər. Hətta "Müxalifətin prezidentliyə namizədi Rafiq Əliyev olsun" adlı qrup da yaradılmışdı və ətrafına üzvlər toplayaraq müvafiq təbliğat aparırdı. Daha sonra qeyd edir ki, sonradan gündəm dəyişdi və hakimiyyət öz hücum vektorunu başqa ictimai-siyasi xadimlərin üzərinə tuşladı: "Bu həftə hücuma bir başqası məruz qalıb və ola bilsin ki, bu, bir ay, lap iki ay çəkəcək, ancaq tamamilə aydındır ki, bir müddətdən sonra gündəm də dəyişəcək. Ona görə də, prezidentliyə vahid namizədin kimliyi kimi bir məsələni gündəlik siyasi konyukturaya, siyasi gündəmdə yer alan mövzuya uyğun olaraq müəyyən etmək məsələyə diletant yanaşmadır. Sabah hakimiyyət "İctimai Palata"ya üzv olan digər bir tanınmış siyasi xadimlə bağlı nəsə desə, onun adı dillərə düşsə, ictimai diqqət həmin şəxsin personası üzərinə yönəlsə, mütləq "vahid namizədimiz o olsun" təşəbbüsləri səslənəcək və bir çoxlarına elə gələcək ki, hazırda populyar olan, şərə-böhtana məruz qalaraq xalqın rəğbətini qazanan siyasətçi uğurlu vahid namizəd ola bilər".

R.Hüseynova

Digər xəbərlər