PDF Oxu

Müxalifət

  • 63

"Klassik" cəbhə parçalandı

Sədr Mirmahmud Mirəlioğluya qarşı partiyadaxili fraksiya yaradıldı

"Klassik" cəbhə parçalandı

2013-cü ilə hazırlıq prosesi müxalifət üçün sonuncu şans olmaqla yanaşı, həmin şansın nə qədər reallıqdan uzaq olması da özünü müxtəlif səpgilərdə göstərməkdədir. İstər "İctimai Palata"da, istərsə də düşərgənin digər qütblərində yaşanan narazılıqlar növbəti problemlər yaratmaqla yanaşı, partiyalararsı münasibətlərdə də revanş xarakterli hadisələr cərəyan edir. Həmin hadisələrin son həddə çataraq kəskinləşməsində isə, sözsüz ki, ambisioz tendensiyalar kifayət qədər rol olunmaqdadır.

Belə ki, hazırda sözügedən tendensiya Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi "KXCP"-də baş qaldırıb ki, bu amil nəticə etibarilə "klassiklər"in parçalanması ilə nəticəsini tapıb. Məsələ ondadır ki, artıq "KXCP"-nin AXCP ilə birləşməsi məsələsini gündəmə gətirənlər partiya daxilində ciddi təsir imkanlarına malik güc mərkəzinə çevrilmək niyyətindədirlər. Daha dəqiqi, birləşmə məsələsini gündəmə gətirən "KXCP" sədrinin müavini Qaya Əliyev və bu ideyanı dəstəkləyən digər "klassiklər" - partiyanın sədr müavini Fikrət Cəfərov, idarə heyətinin məsul üzvləri Ədalət Yusibov və Rafiq Abdullalı "İctimai Palata"nın sentyabrın 9-da keçirilən sessiyasından sonra bir araya gələrək, müştərək müzakirələr aparıblar. Aparılan müzakirələrin əsas mövzusu M.Mirəlioğlunun nəyə görə "cəbhə" ilə birləşməsini istəməməsi, bunun əleyhinə getməsi olub. Bu əsnada, "KXCP"-dən əldə etdiyimiz informasiyalara görə, adıçəkilən narazı funksionerlər və onları dəstəkləyənlər daha konkret, daha ciddi addımlar atmağın tərəfdarı olduqlarını qeyd ediblər. Hətta məsələ M.Mirəlioğlunun sədlikdən uzaqlaşdırılması, partiyada islahatların aparılması zəruriliyinə qədər müzakirə obyektinə çevrilib.

"KXCP"-də yaradılan fraksiyanın tezislərini AXCP sədri Əli Kərimli hazırlayıb

Xatırladaq ki, "KXCP"-nin AXCP ilə birləşməsi məsələsini qaldıran Qaya Əliyev həmin sifarişin məhz Əli Kərimlidən aldığını inkar etməmişdi. Mətbuata verdiyi müsahibələrinin birində bunu istisna etməyən "klassik" "cəbhəçi" bildirib ki, atılan addım lazımlı müxalifət liderləri ilə müzakirə olunduqdan sonra atılıb. Bu faktor isə bilavasitə qeyd edilən fikri təsdiq etmək kimi başa düşülür. Müzakirələrin sonunda məlum təkliflərin reallaşması istiqamətində daha sərt addımların atılması zəruriliyi tələb edilib. Bununla da, "KXCP"-nin parçalanması istiqamətində ilkin mərhələ baş tutub.

Aldığımız digər informasiyaya görə, Q.Əliyevin və onun tərəfdarlarının tezisləri AXCP sədri Ə.Kərimli tərəfindən hazırlanıb və sifariş də onun tərəfindən verilib. Toplantıda narazılar qrupunun bundan sonra "KXCP" daxilində fraksiya kimi fəaliyyət göstərəcəyi razılaşdırılıb. Onların fikrincə, partiya daxilində bu qrupu müdafiə edən tərəfdarların sayı kifayət qədər olduğundan birləşmə ilə ideyanın reallaşması istiqamətində daha ciddi addımların atılması zəruridir.

Xatırladaq ki, bu günlərdə sözügedən məsələ ilə bağlı açıqlama verən "KXCP" sədri M.Mirəlioğlu Q.Əliyevin onun müavini olmadığını iddia edib. Lakin buna baxmayaraq, Q.Əliyev birləşmə ideyasından geri çəkilməyəcəyini və onunla həmfikir olanların sayının getdikcə daha da çoxaldığını iddia edib. Bütün mənalarda belə qənaətə gəlmək mümükndür ki, Q.Əliyevi digər sədr müavini, eləcə də, idarə heyətinin tanınmış üzvləri dəstəkləyirsə, demək, "KXCP" daxilində parçalanma məsələsi reallığını tapır. Və söz yox ki, 2013-cü il süçkiləri təkcə "KXCP" üçün deyil, başqa müxalifət partiyaları üçün də sonuncu seçki ili olacaq. Çünki ortada ambisioz maraqların cövlan etməsi, ötən seçki illərində yarımçıq qalan ziddiyyətlətin, siyasi revanşların yenidən baş qaldırması belə qənaətə gəlməyə əsas verir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər