Elçibəyin ölüm səbəbini dəqiq bilənlərdən biri hazırda Müsavat partiyasının səlahiyyətlisidir
Elçibəyin zəhərlənməsi ilə bağlı iddiaçıların ardı-arası kəsilmir. Həmin iddiaçılardan biri də mərhum Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilən, AXC-də yaradılmış "Yurd" qruplaşmasına qarşı mübarizə aparan "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyevdir. Qeyd edək ki, bu gün AXC liderinin həyatına sui-qəsdin olmasını və həmin sui-qəsddə bilavasitə Ə.Kərimlinin rolunun olmasını istisna etməyən Ə.Həziquliyev bir çox maraqlı faktlara sahibdir. Onu da xatırladaq ki, köhnə "cəbhəçi"lərlə birlikdə AXC-nin partiyaya çevrilməsinin qarşısını almağa çalışan Ə.Həziquliyev burada daha bir neçə sürpriz adları açıqlayıb.
Əli Həziquliyev: "Rəsul Quliyev İbrahim İbrahimlini aldatmışdı ki, AXC 1995-ci il parlament seçkilərinə buraxılmayacaq, o da asta-asta cəbhəni tərk edib, Müsavata keçdi"
O bildirib ki, AXC-nin partiyaya çevrilməsi prosesinin arxasında Rəsul Quliyev dayanırdı və ona təşkilatın rəhbərliyində yaxın olan adamlar vardı. Burada söhbət İbrahim İbrahimlidən gedir: " Onlar dost olmuşdular. Rəsul Quliyev cəbhə hakimiyyətində təmsil olunurdu, baş nazirin müavini postunda idi. Onların münasibəti sonradan da davam edirdi. Sadəcə olaraq, cəbhə rəhbərliyi onların dediyi ilə oturub-durmurdu. Onların informasiyaları əsasında işləyirdilər. Adi bir detalı deyim. Rəsul Quliyev İbrahim İbrahimlini aldatmışdı ki, AXC 1995-ci il parlament seçkilərinə buraxılmayacaq, o da asta-asta cəbhəni tərk edib. Müsavata keçdi. Hesab etdi ki, Müsavat seçkiyə buraxılacaq və bu partiyaya parlamentdə yer veriləcək. Bu da "Yurd"çulara sərf elədi. İbrahim İbrahimlinin gedişi ilə Əli Kərimli AXC-də birinci müavin postuna yiyələndi, Elçibəyin sərəncamı ilə xüsusi statuslar aldı. Sonradan hər şey tərsinə oldu. Düzdür, hər iki partiya seçkiyə buraxıldı, amma Cəbhə 3 deputatla parlamentdə təmsil olundu".
"Həmin gün bəy niyəsə məni yanına çağırmışdı... Ona cəbhəçilərin 99 faizinin böyük nifrəti var idi"
Hələ 1999-cu ilin əvvəllərində Elçibəyin bir neçə gün işə çıxmadığını deyən "Elçi" qəzetinin baş redaktoru xatırladıb ki, həmin zamanlar cəbhədə AXC liderinin zəhərlənməsi ətrafında söz-söhbətlər yayılmağa başlayıb: "Bu xəbəri eşidən hər kəs Elçibəyin yaşadığı evə gedirdi. Mən də getmişdim. Elman Türkoğlu bildirib ki, bəygilə gedib. Bu əhvalat mənim yanımda olub. Elman Türkoğlu bəyin evinə gəldi, onu öpdü, qucaqlayıb ağladı. "Elçi" qəzeti o vaxt çıxırdı və həmin gün bəy niyəsə məni yanına çağırmışdı. Ümumiyyətlə, məni yanına tez-tez çağırırdı, tez-tez görüşürdük. Elman Türkoğlu bəyə dedi ki, bəs belə bir söz eşitmişəm-filan... Bəy də dedi ki, narahat olma, soyuqlamışdım, keçdi getdi. Dediyim odur ki, o dövrdə belə bir söhbət gəzdi. Bu söhbət gəzdi və tez də yığışdı. Ancaq bu reallıqdır və heç kim dana biməz ki, bəy öləndən sonra onun cənazəsinə cəbhəçilər Əli Kərimlini buraxmaq istəmirdilər. Ona cəbhəçilərin 99 faizinin böyük nifrəti var idi. İndi deyirlər ki, cəbhə iki yerə bölündü və sair. Amma belə deyil. "Yurd" təşkilatı ancaq və ancaq AXCP Ali Məclisinə rayon şöbələrindən seçilən üzvləri ələ ala bilirdi. Məsələn, Gəncə şəhər şöbəsindən Ali Məclisə kim üzv seçilibsə, onu ələ ala bilirdi, amma daha alt qatlara nüfuz edə bilmirdi. Yerdə qalan kütlənin Əli Kərimliyə böyük nifrəti var idi. Bu nifrət də Elçibəy xəstələnib Türkiyəyə getməmişdən əvvəl başlamışdı. Dəfələrlə Əli Kərimli barədə Elçibəylə söhbətimiz olmuşdu. Sizə qəti deyirəm ki, Əli Kərimli Elçibəyin yanında özünü yandırmışdı".
"Əli Kərimli İsa Qəmbərdən qorxurdu... Onlar bu gün də mehriban düşmənlərdir və bu gün də bir-birlərini sevmirlər"
"Ə.Kərimlini Elçibəyin yanında saxlayan yeganə qüvvə Müsavat idi" deyə bildirən Ə.Həziquliyev xatırladıb ki, "Yurd"çular Müsavatdan qorxurdular: "Əli Kərimli İsa Qəmbərdən qorxurdu. Qorxurdu ki, Elçibəydən ayrılsalar, Müsavat onları "yeyər". Əli Kərimlinin qüvvəsi Müsavatın qüvvəsi qədər deyildi, kiçik idi. Bu, birmənalı olaraq belədir... Elçibəy Əli Kərimliyə partiya sədri kimi o vaxtadək lazım idi ki, o, bütün strukturu tam ələ keçirsin, ən azı Müsavat qədər güc toplasın. O, istəyirdi ki, bəy özü çəkilsin kənara, məsələn, Bütöv Azərbaycan Birliyinə və AXCP-yə bunu sədr tövsiyyə etsin. Elçibəy isə bunu etmirdi, etməzdi də... Ona görə də, Əli Kərimli Elçibəy sağ olarkən İsa Qəmbərdən qorxurdu və formal olaraq bəyin yanında dayanırdı. Onlar bu gün də mehriban düşmənlərdir və bu gün də bir-birlərini sevmirlər".
"Bəyin ölüm səbəbləri, doğrudan da, araşdırılmalıdır"
Ad çəkməyərək ipucu verən baş redaktor Elçibəyin zəhərlənməsi məsələsində Müsavatın da izinin olduğunu bildirib: " O şəxs həmin zamanlarda bəyin yanındakı ən sadiq adamlardan biri idi, bu gün isə Müsavat partiyasında seçkili qurumlardan birinə rəhbərlik edir. O, Elçibəyin müalicəsi ilə bağlı proseslərin hamısından xəbərdardır. Həmin şəxs hələ 1999-cu ildən Elçibəyin səhhəti ilə bağlı bütün məlumatları bilir... Mənim üçün qaranlıq qalan məqam bəyin xərçəng xəstəliyindən ölməsi ilə bağlıdır. Mən birmənalı şəkildə deyə bilərəm ki, Elçibəy xərçəngdən ölməyib. Onun ölümünün səbəbi tamam başqadır. Xərçəng xəstəliyi onun ölümündə rol oynaya bilməz. Çünki bəy bir neçə ay öncə Türkiyəyə müayinəyə getmişdi. Əgər onun səhhətində ciddi problem olsaydı, xərçənglə bağlı ciddi şübhələr olsaydı, orada xərçəngi dərhal götürərdilər. Həkimlər Türkiyədə ona 3-5 ağrıkəsici dərman verib, geri göndərməzdilər. Əgər xərçəng olduğunu bilə-bilə geri göndəriblərsə, bunun özü də müəmmalıdır. Niyə zamanında müdaxilə olunmayıb? Bəyin iki-üç aydan sonra, ağır vəziyyətdə Türkiyəyə göndərilməsi özü də müəmmalarla doludur. Burada suallar yarada biləcək məqamlar çoxdur. Bəyin ölüm səbəbləri, doğrudan da, araşdırılmalıdır.
"Mənə elə gəlir ki, "İctimai Palata"nın yararlılıq müddəti seçkidən iki-üç ay öncə bitəcək. Yəni, "İctimai Palata" parçalanacaq"
"İctimai Palata"da təmsil olunmasına baxmayaraq, qurumun parçalanacağı proqnozunu verən "Elçi" qəzetinin baş redaktoru onu da əlavə edib ki, bunun üçün səbəb çoxdur. Ən başlıca səbəb isə İ.Qəmbərlə Ə.Kərimlinin bir-birlərinə olan nifrətidir: "İkinci səbəb onların arxasında dayanan qüvvələrin bir-birlərini məqbul görməməsidir. Məsələn, biri özünü Türkiyəyə, digəri Avropaya hesablayır. Avropa Türkiyəni, Türkiyə də Avropanı istəmir. Üçüncü səbəb odur ki, bu gün "İctimai Palata"da təmsil olunan insanların 70 faizi kənar qüvvələrin nəzarətindədir. Bunlar gələn il keçiriləcək prezident seçkisinə 3 ay müddət qalanadək parçalanmasalar da, ən biabırçı vəziyyətdə seçkini uduzacaqlar. Bəlkə də, ayrı-ayrılıqda daha çox səs toplayarlar, nəinki birlikdə. Onlar bütün hallarda çox biabırçı şəkildə bu seçkini uduzacaqlar".
Göründüyü kimi, bu gün müxalifətin özündə də ürəkləri dolu olan insanlar var. Onların ürəkləri müxalifət daxilində daim xəyanət mövqeyi tutan qondarma liderlərinə qarşı yetərincə dolub. Bu gün bir çox müxalifətçilər həm AXCP sədri Ə.Kərimli, həm də Müsavat başqanı İ.Qəmbər haqında söz deyə bilərlər. Və bu baxımdan, seçki günü gələnədək, ictimaiyyət müxalifət liderlərinin daha çox xəyanətrləri haqqında söhbətlər eşidəcəklər. Nəticədə, qərar veriləcək. Həmin qərar isə yararsız müxalifət liderlərini tərk edərək, həqiqətə, ədalətə və demokratiyaya söykənmək, dövlətə və dövlətçiliyə inanmaq, sədaqətlə xidmət etmək olacaq.
RÖVŞƏN RƏSULOV