Sosial şəbəkələrdə ittiham edilən "cəbhə"-Müsavat partiyaları çıxlmaz vəziyyətə düşüblər
Yeni Azərbaycan Partiyasının təşəbbüsü sayəsində müxalifət partiyaları ilə baş tutmuş məlum toplantı bir daha sübut etdi ki, ümummilli məsələlərdə iqtidar-müxalifət anlaşmasının reallaşdırılması istiqamətində hakim siyasi təşkilatın rolu və fəaliyyəti əhəmiyyətli dərəcədə özünü sərgilədi. Əlbəttə ki, burada əhəmiyyət amilinin vacib məqamlarından biri və ən əsası ilk növbədə xalqın, millətin maraqlarını müdafiə etməkdir. Sözsüz ki, YAP iqtidar partiyası olaraq, bunun öhdəsindən layiqincə gəlməyi bacardı.
Avropa Parlamentinin Ramil Səfərovla bağlı ədalətsiz qətnaməsinə cavab olaraq müxalifəti təmsil edən siyasi təşkilatların YAP-ın çağırışına səs vermələri, qəbul olunmuş müraciətə imza atmaları qeyd edilən bütün faktorları kifayət qədər isbat edib. İsbat olunub ki, müxalifət partiyalarından, xüsusilə, özlərini müxalifətin aparıcı partiyaları qismində təqdim edən AXCP və Müsavatdan çox öndə dayanmış Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, vacib ideyaların qəbul olunmasında uğurlu ilklərə imza atmağa qadir olan siyasi təşkilatdır.
Müxalifətin YAP-ın təşəbbüsünü dəstəkləməkdən başqa çarəsi yox idi
Yəni Avropa Parlamentinin qərəzli qərarına ilk reaksiyanı məhz YAP göstərdi. Müxalifət isə bu ideyanı, bu təşəbbüsü dəstəkləmək məcburiyyətində qaldı. Və burada sual oluna bilinər ki, nəyə görə cəmiyyətdə özlərini müxalifətin aparıcı partiyaları hesab edən AXCP və Müsavat YAP-dan öncə belə bir təşəbbüslə çıxış etmədi? Məhz bu sual özü-özlüyündə cavabı olan aksiomadır. Ona görə də, bu gün müxalifət partiyalarının sözügedən müqaviləni imzaladıqdan sonra, guya YAP-a hər hansı "şərt" qəzul etdirmələri sadəcə istehza və qeyri-ciddilik təsiri bağışlayan iddiadır.
Bu gün sosial şəbəkələrdə məlum kontekstdə çıxış edən müxalifətyönlü fərdlər AXCP-ni və Müsavatı ittiham edərkən, digər maraqlı məqamlar üzə çıxmaqdadır. Belə ki, "cəbhə" sədrinin müavini, müraciətə imza atan Razi Nurullayev bildirib ki, AXCP və Müsavatın Ramil Səfərovun müdafiəsi ilə bağlı toplantıda iştirak edib Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanata YAP-la birlikdə imza atması "stəkanda fırtına" yaradıb".
Müxalifət partiyalarının və onların liderlərinin heç zaman sərbəst qərarlar qəbul etmək bacarıqları olmayıb
Lakin "cəbhə" və Müsavat yetkililəri müəyyən ittihamlardan yaxa qurtarmaqdan ötrü bildiriblər ki, guya onlar YAP-a hər hansı "şərti" qəbul etdiriblər (?) Ancaq onlar, xüsusilə, AXCP sədrinin müavini Razi Nurullayev belə bir gülünc iddianı irəli sürərkən, unudub ki, hakim partiya müraciəti müzakirə edərkən, demokratik dəyərləri üstün tutub və həmin müraciətdə hər hansı bir dəyişiklik zərurəti yaranarsa, müxalifət yetkililərinin də fikirlərini nəzərə alacağını bəyan edib. Ona görə də istər AXCP-nin, istər Müsavatın, istərsə də digərlərinin "YAP-a şərt qəbul etdirmək" iddiaları əsassız və məntiqsizdir. Yaxşı olardı ki, bu kimi iddialarda bulunan müxalifət yetkililəri fürsətdən istifadə edərək, siyasi məzhəkə göstərmək yerinə 2013-cü il seçkiləri istiqamətində müxalifət ümumi razılığa gəlməli, parçalanmaması üçün Yeni Azərbaycan Partiyasından dəyərli məsləhətlər almalıdır. Çünki ənənəvi müxalifət partiyalarının və onların liderlərinin heç zaman sərbəst qərarlar qəbul etmək bacarıqları olmayıb.
RÖVŞƏN RƏSULOV