PDF Oxu

Müxalifət

  • 62

MÜSAVAT BÖHRANI

Partiya başqanlığına iddialıların sayı çoxalır

MÜSAVAT BÖHRANI

Müsavat partiyasında qurultayöncəsi təlatüm davam edir. Həbsdə olduğuna görə başqanlıq yarışında avantaj qazanmış Arif Hacılının başqanlığını istəməyənlərin sayı artır. Müsavat Ali Məclisinin sədri Arzu Səmədbəyli, başqanın keçmiş birinci müavini Vurğun Əyyub artıq mövqe qoyublar və Arif Hacılının başqanlığında Müsavatın uğur qazanmayacağını bildiriblər. Bununla belə onların A.Hacılı səviyyəsində namizədləri də yoxdur. Ona görə də anti-A.Hacılı qrupu başqa yola əl atıblar. Onlar hazırkı başqan İsa Qəmbəri yola gətirərək başqanlığa razı salmaq, bir şəxsin iki dəfədən artıq başqan ola bilməyəcəyi ilə bağlı maddəni ləvğ etmək istəyirlər. Bu barədə Arzu Səmədbəyli bildirmişdi.

Rauf Arifoğlu da iddialılar qrupunda

Onun ardınca Rauf Arifoğlu da hərəkətə keçib. "Yeni Müsavat" qəzeti yazıb ki, Türkiyədə fəaliyyət göstərən əski müsavatçılar İsa Qəmbərin Müsavat başqanı olaraq qalmasını istəyirlər. Halbuki İ.Qəmbər dəfələrlə bildirib ki, o başqan olmaq istəmir, hətta sözügedən maddə dəyişdirilsə belə. Bu günlərdə açıqlama verən İsa Qəmbər bir daha bildirib ki, o, başqan olmaq istəmir. "Müzakirələrin dayanması üçün birinci açıqlamam kifayət etməli idi" bildirən İ.Qəmbər deyib ki, bununla belə partiyanın hər bir üzvünün öz fikrini ifadə etmək hüququ var. Partiyanın başqan müavini Tofiq Yaqublu da bildirib ki, İ.Qəmbərin başqan vəzifəsindən getmək mövqeyi birmənalı və dəyişməzdir. Hətta qurultay qərar verib bir şəxsin iki dəfədən artıq Müsavat başqanı olmasına yasağı ləğv etsə də, İ.Qəmbər bu posta namizədliyini irəli sürməyəcək.

T.Yaqublu partiyada A.Hacılının adamı kimi tanınır. A.Hacılı qrupu məsələni bilərəkdən belə qoyur ki, İ.Qəmbər təkrar başqan olmasın. Qarşı tərəf isə bilə-bilə ki, İ.Qəmbər başqan olmayacaq, məsələni bu cür qoyur, A.Hacılının qarşısını İ.Qəmbər faktoru ilə kəsməyə çalışırlar. Məlumat verilir ki, Türkiyədə fəaliyyt göstərən Cəmil Ünal öz adından və rəhbərlik etdiyi Azərbaycan Kültür Dərnəyi adından ünvanladığı müraciətdə bütün müsavatçılardan növbəti qurultayda partiyanın nizamnaməsində iki dəfədən artıq başqan seçilməyə qoyulan qeyri-demokratik yasağın ləğvini, İ.Qəmbərdən isə növbəti müddətə başqan olmağa razılıq verməsini xahiş edib: "Azərbaycandakı ağır şərtlər içərisində siyasət yürütmək, siyasətlə məşğul olmaq asan deyil. O cür ağır şərtlər altında fəaliyyət göstərən Müsavat Partiyasının başqanının dəyişməsinin heç bir şəkildə nə Azərbaycana, nə Müsavata faydası olmaz. İ.Qəmbər bizim dostumuzdur, Azərbaycana, Müsavata gərəkli liderdir. Onun Müsavat başqanı postunda qalması hamı üçün lazımdır. Müsavat Partiyasının üzvlərindən ricamız budur ki, nizamnamədəki məlum yasağı qurultayda aradan qaldırsınlar və İsa bəyin başqanlıqda qalmasını təmin etsinlər".

R.Hüseynova

Digər xəbərlər