"Əli Kərimli və İsa Qəmbər mənə səs verməlidirlər"
2013-cü il prezident seçkilərinə bir ildən çox zaman qalsa da, müxalifət kuluarlarında qızışan seçki estafeti yeni-yeni qalmaqallarla siyasi gündəmi zəbt etməkdədir. İstər "İctimai Palata"da, istərsə də digər müxalif siyasi qurumlarda cəmləşmiş partiya rəhbərləri özlərindən başqa namizəd görmədiklərini bəyan etməklə, onsuz da stabil olmayan müxalifətdaxili vəziyyəti daha kəskin xətt üzrə gərginləşdirirlər. Təbii ki, bu kimi halların müqabilində sosial baza və elektorat qıtlığı yaşayan partiyalar növbəti dəfə öz sıralarının azalmasına xidmət edirlər. Sıralarının daralması dedikdə isə, burada, təbii ki, kütləvi istefalar nəzərdə tutulur.
Yəni şəxsi mənafe və dividend uğrunda bir-birləri ilə açıq savaşa yol verən müxalifət liderləri nəticədə öz ətraflarını itirmiş olurlar. İstefa verənlər isə bəyan edirlər ki, əgər partiya rəhbərləri öz aralarında ümumi razılığa gələ bilmirlərsə, demək, onların siyasi mübarizələri də saxtakarlıqlar üzərində qurulub. Buna misal kimi, AXCP və Müsavatın "vahid namizəd", yaxud "əsas namizəd" ideyası üzərində razılaşmamaqlarını da göstərmək mümkündür. Həmçinin, "cəbhə" sədri Ə.Kərimlinin, Müsavat başqanı İsa Qəmbərin "mehriban" düşmən obrazları da qeyd edilən fikirlərdə öz təsdiqini tapmaqdadır.
"ACP" lideri hansı sirləri açacaq?
Amma məsələ təkcə bununla bitmir. Çünki ambisioz qruplar yalnız AXCP və Müsvat partiyalarında fəaliyyət göstərmir. Buraya "ACP"-ni, ADP-ni, AMİP-i, "VİP"-i, "Ümid"-i, "KXCP"-ni və başqalarını da əlavə etmək mümkündür. Lakin bu günlərdə "ACP" lideri Rəsul Quliyevin informasiya saytlarının birinə verdiyi müsahibəsi daha ilginc xarakter daşıyır. Öz müsahibəsində 2013-cü il seçkilərində prezidentliyə namizəd olacağını bəyan edən R.Quliyev daha sonra qeyd edib ki, onun namizədliyi müvafiq qurumlar tərəfindən qeydə alınarsa, müxalifətin yerdə qalan hissəsi onu dəstəkləməyə məhkumdurlar: "Əli Kərimli və İsa Qəmbər mənə səs verməlidirlər. Çünki onlar ötən seçkilərdə mənim onları dəstəkləməyimi tələb etmişdilər və mən də onların sözlərini yerə salmadım."
Başqa tərəfdən, R.Quliyev AXCP və Müsavat rəhbərliyinin, eləcə də, digər müxalifət partiya sədrlərinin 2013-cü il seçkilərində onu dəstəkləməyəcəkləri tədqirdə, bir çox sirləri açacağını bəyna edib. "ACP" lideri bildirib ki, əslində, cəmiyyətdə Ə.Kərimli, İ.Qəmbər kimi siyasətçilər köhnəlmiş və qəbuledilməz təsiri bağışlayırlar. Belə adamlar siyasətdə qalmaqdansa, bu arenanı tərk etməlidirlər. Çünki ayrı çarələri də yoxdur.
Maraqlıdır ki, R.Quliyevin müxalifət partiyalarına qarşı sərt çıxışına və tələblərinə qarşı tərəfdən reaksiya verilməyib. Nə AXCP sədri Ə.Kərimli, nə də Müsavat başqanı İ.Qəmbər R.Quliyevin açılamasına münasibət bildirməyərək, sanki onun dedikləri ilə razılaşdıqlarını etiraf ediblər. Bu amil isə, onu deməyə əsas verir ki, 2013-cü il seçilərinə hazırlıq prosesi çərçivəsində müxalifət xəmiri hələ çox su aparacaq. Hazırda isə bu proses həm ənənəvi müxalifət, həm də yerdə qalan müxalif qurumlar tərəfindən inkişaf etdirilməkdədir.
MÜBARİZ QULİYEV