"Ümid" sədrinin planları dalana dirənməkdədir
Son günlər "Ümid" partiyasının sədri İqbal Ağazadənin özlərini ənənəvi müxalifət partiyaları adlandıran iki siyasi təşkilatın - AXCP-nin və Müsavatın seçkilərə qatılmayacaqları haqqında dediyi sözlər müxalifətin qarşı qütbündə ajiotaj yaradıb. Belə ki, İ.Ağazadə ilk növbədə xəyanətkar və Ermənistanın mövqeyini müdafiə edən şəxs qismində günahlandırılıb. Belə ki, həm "cəbhəçilər", həm də müsavatçılar "Ümid" sədrinin Ermənistanla Türkiyənin arasındakı sərhədlərin açılmasının tərəfdarı olduğu bildirilir. Eyni zamanda, o, həm də Ramil Səfərovla bağlı YAP-ın mərkəzi ofisində imzalanmış müraciətə imza atmamaqda suçlu tərəf kimi göstərilir. Nəticədə, özünə siyasi dividend qazanmaq istəyən "Ümid" sədrinin planları dalana dirənməkdədir.
"İctimai Palata" hazırda "vahid namizəd" məsələsini müzakirə etmək istəmir"
Onu da qeyd edək ki, İ.Ağazadə bu günlərdə AXCP sədrinin müavini Razi Nurullayev tərəfindən də qınaq obyektinə çevrilib. Belə ki, "cəbhə" funksioneri bildirib ki, hazırda onun cür hökm verməsi düzgün deyil. Bu baxımdan, "Ümid" sədrinin dedikləri cəfəngiyyatdır.
Xatırladaq ki, İ.Ağazadə eyni zamanda, hər iki partiyanın seçkilərə qatılmayacağını onların 2013-cü ildə boykot olunacaqları ilə əlaqələndirib. AXCP sədrinin müavini isə deyib ki, seçkiyə bir ildən də çox vaxt qalıb. Bu baxımdan bir çox məsələlər aydınlaşacaq: "Heç kəs öz ayranına turş deməz" məsələsini nəzərdən keçirsək, bir çox ayranlar turşuyacaq və yaxud şirinləşəcək. İndidən bu cür münasibətin sərgilənməsi məncə, doğru deyil. AXCP və Müsavat seçkilərə hazırlaşdıqlarını bəyan ediblər. Ola bilsin ki, İqbal Ağazadənin dediyi məsələ ondan qaynaqlanıb ki, "İctimai Palata" hazırda vahid namizəd məsələsini müzakirə etmək istəmir".
"Xalq müxalifətarası dedi-qodudan, özünü gözə soxmaq, özünü birinci görmək kimi bəyanatlardan yorulub"
R.Nurullayev İ.Ağazadənin 2013-cü il seçkilərində əsas mübarizənin "Ümid" partiyası tərəfindən aparılacağını hesab etməsini belə qiymətləndirib ki, cəmiyyət müxalifətin dedi-qodusundan bezib: " Ümumiyyətlə, tərəfdarı deyiləm ki, hansı qüvvənin öndə olacağı, hansı partiyanın iqtidar partiyası ilə rəqabət apara biləcəyini danışaq. Xalq müxalifətarası dedi-qodudan, özünü gözə soxmaq, özünü birinci görmək kimi bəyanatlardan yorulub... Mən heç vaxt deməzdim ki, AXCP bir nömrəli partiyadır, AXCP-dən başqa partiya yoxdur. Biz partiya olaraq bu cür dedi-qodulardan uzaq durmağa çalışırıq. Müxalifətin bir-birinə öz gücünü sübut etməyə ehtiyac yoxdur. Bu cür məsələlərin şişirdilməsi müxalifətin ziyanına işləyir".
Göründüyü kimi, artıq müxalifətdə təmsil olunan partiya yetkililəri də dağıdıcılıq və radikalizm siyasətinin heç zaman uğur qazanmayacağını dərk etməyə başlayıblar. AXCP sədrinin müavini R.Nurullayevin xalqın müxalifətin dedi-qodusundan bezdiyini etiraf etməsi də məhz sözügedən amilin daşıyıcısıdır.
"Ümid" sədri İ.Ağazadəyə gəlincə dedi ki, onun siyasi dividendlər xatirinə boğazdan yuxarı bəyanatlar səsləndirməsi, həmin bəyanatlar çərçivəsində antimilli davranışlar sərgiləməsi, iqtiarla yanaşı, müxalifət partiyaları tərəfindən də qınanılır. Bunu isə belə əlaqələndirmək mümkündür ki, məhz Yeni Azərbaycan Partiyasının ümummilli məsələlərdə irəli sürdüyü əhəmiyyətli təşəbbüsləri müxalifət partiyalarının bir sıra siyasi məsələlərdə düzgün qərarlar qəbul etməyinə şərait yaradır.
Rəfiqə Hüseynova