Və ya "İctimai Palata"dakı istefaların geri götürülməsi hansı məqsədi güdür?
"İctimai Palata"da davam edən gərginlik ötən həftə bir neçə nəfərin koordinasiya şurasından istefası ilə nəticələnmişdi ki, bu amil dağıdıcı müxalifətin yekdil rəydə olmamasını kifayət qədər sübuta yetirmişdi. Ancaq ortada daha bir nüans da mövcuddur ki, həmin nüans düşərgə funksionerlərinin öz sözlərində bütöv olmamaları ilə bağlıdır. Belə ki, həm müxalifət partiyalarında, həm də müxalifətə məxsus birlik və qurumlarda il ərzində bir neçə bu kimi istefalar baş qaldırmışdı ki, sonda istefaya gedənlər yenidən həmin təşkilatlara geri dönmüş, bununla da hər zaman öz tüpürdüklərini yalamağa adətkar olduqlarını sərgiləmişlər.
Bu kimi siyasi davranışlar cəmiyyətdə istər-istəməz istehza doğurur
Təbii ki, belə adamlardan biri və əsası AXP lideri, Müsavat partiyasına yaxınlığı ilə seçilən Pənah Hüseyndir. Çünki hələ bir müddət öncə də, daha dəqiq desək, Müsavat və AXCP-nin birləşmək ideyaları baş tutmadıqdan sonra da istefa verəcəyini deyən P.Hüseyn, bu iddiasından vaz keçmişdi. P.Hüseyn bu günlərdə yenidən "palatadan" istefa verəcəyini, hətta verdiyini bəyan etsə də, yenidən qayıdıb öz yerində oturub. Bu kimi siyasi davranışlar isə cəmiyyətdə onlara qarşı istər-istəməz istehza yaradır.
Məsələ ondadır ki, "palata"nın sonuncu iclasında koordinasiya şurasının üzvləri Pənah Hüseyn, Zəfər Quliyev, Köçəri Nağıbəyli guya "İctimai Palata"nın "çətin vəziyyətdən" (?) çıxması üçün öz istefa ərizələrini geri götürdüklərini bildiriblər. Amma bunun belə olmadığını əslində hər kəs çox yaxşı bilir.
40-ından sonra tütək çalmaq arzusu" Pənah Hüseynin bundan sonra da "tüpürdüyünü yalamasına" kifayət qədər şərait yaradacaq
"Partiyaların verdikləri qərarlarda "İctimai Palata" məsuliyyət daşımamalıdır" deyə iddia irəli sürən hər üç "palataçı" burada AXCP və Müsavat partiyalarının YAP-ın mərkəzi ofisində Avropa Parlamentinə Ramil Səfərovla bağlı imzalanmış müraciətdən daha çox öz ambisiyalarını ortaya qoyublar. Yəni onlar iddia ediblər ki, həm AXCP, həm də Müsavat partiyaları onlarla məsləhətləşmələr aparmalı idi. Ancaq o da bəllidir ki, həmin müraciətin qəbul edilməsindən sonra "İctimai Palata"da istefa ərizəsinin imzalanmasında xüsusi təşəbbüsü olan P.Hüseynin təmsil olunduğu AXP-nin də imzası var idi və bütün bunlardan sonra onun bu kimi davranışları əslində ciddi xarakterizə edilmir. Daha dəqiq desək, P.Hüseyn hər zamankı kimi öz tüpürdüyünü yalamağa adətkar olduğunu bu dəfə də sübuta yetirdi. Və görünür, bundan sonra da hər hansı məsələdə P.Hüseynin belə addımlarının şahidi olacağıq. Çünki "siyasətçi" kimi özünə yer tuta bilməyən bir fərdin, 40-ından sonra tütək çalmaq arzusunun reallaşmayacağı bunu deməyə əsas verir.
Əli Oruclu: "Bunu mediaya çıxarmağın nə mənası var idi?...Burada başqa məqamlar da var"
Qeyd edək ki, yuxarıda qeyd edilən fikirləri "İP"-də təmsil olunan partiya yetkililəri də təsdiqləyirlər. Məsələn, P.Hüseynin və onun iki tərəfdarının istefa verib, sonradan geri dönmələri anlaşıllmazlıqla qarşılanıb. AMİP Mərkəzi Şurasının üzvü, "İP" təmsilçisi Əli Oruclu son günlər "palata" daxilindəki istefalar məsələsinə münasibət bildirərkən deyib ki, baş verənlər qəribəlikdir və burada başqa məqamlar var: "İstefa olmayacaqdırsa, onu mediaya çıxartmağın nə mənası var idi? Görünür, burada başqa məqamlar var".
R.RƏSULOV