PDF Oxu

Müxalifət

  • 43

Mehriban Vəzir Əli Kərmlinin emissarı olduğunu etiraf etdi

Sabiq KXCP-çinin narazı "klassiklər"i müdafiə etməsi bunu deməyə əsas verir

Mehriban Vəzir Əli Kərmlinin emissarı olduğunu etiraf etdi

KXCP-də Mirmahmud Mirəlioğlunun vurulması prosesi təkcə "klassiklər" daxilində deyil, eyni zamanda müxalifətdaxili bir sıra məsələlərin yenidən qabarmasına gətirib çıxarıb. Belə ki, adıçəkilən partiyanın daxilində "Demokratik Birlik" fraksiyasının yaradılmasından sonra, KXCP-yə aidiyyatı olmayan müxalifət yetkililərinin də müxtəlif münasibətlər açıqlamaları bu kimi amilləri daha çox nəzərə çarpdırır.

Onu da xatırladaq ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ötən seçkilərdə, eləcə də, həmin seçkilərdən öncəki vaxtlarda xüsusilə Müsavat partiyasına və onun başqanı İsa Qəmbərə yaxınlığı ilə seçilən şəxslərdən olub. Bu baxımdan, 2013-ci il seçkiləri ərəfəsində partiyanın AXCP sədri Əli Kərimli tərəfindən dağıdılması faktoru daha real görünür. Çünki Müsavat partiyasının başqanı İsa Qəmbərin hələ də öz postunda qalması bilavasitə "cəbhə" sədrinin siyasi manipulyasiyalarına ciddi maneələr yaradır. Bu baxımdan, KXCP-nin parçalanması prosesində birbaşa Ə.Kərimlinin əlinin olması qaçılmazdır.

Mehriban Vəzir: "Bu məsələlərə aydınlıq gətirməyin vaxtı çatıb. Məsələ öz həllini tapmalıdır"

Bu ərəfədə AXCP sədrinin gizli emissarları da yoğun iş rejiminə keçməkdədirlər. Artıq Kərimliyə işləyən narazı "klasiklər"lə yanaşı, partiyadan istefa vermiş tərəflər də M.Mirəlioğluna qarşı hücuma keçməyə başlayıblar. Sabiq "klassik", zamanında KXCP-nin ali orqanlarında təmsil olunmuş Mehriban Vəzirin media vasitəsilə öz keçmiş partiyasını yerdən-yerə vurması yaranmış gərginliyin artmasına kifayət qədər təsir göstərib. Onun KXCP daxilində yaradılan "Demokratik Birlik" fraksiyasına dəstək verməsi və bunu demokratiyanın əlaməti deyə adlandırması bunu deməyə əsas verir: "Mən buna normal yanaşıram. Siz doğru buyurursuz ki, vaxtilə mən KXCP-də bu partiyanın siyasi kursunu dəyişmək üçün mücadilə aparmışam, hətta fraksiya yaratmaq təşəbbüsü irəli sürmüşəm. Amma təşəbbüsüm reallaşmadı və mən partiyadan getdim... Bu məsələlərə aydınlıq gətirməyin vaxtı çatıb. Məsələ öz həllini tapmalıdır".

M.Vəzirin KXCP-nin və M.Mirəlioğlunun "Elçibəyin davamçısı" olmaması qənaətinə gəlməsi də onun Ə.Kərimlinin emissarı olmasına dəlalətdir. Çünki sirr deyil ki, Ə.Kərimli nə məhz "islahatçılar"ın həqiqi Elçibəy davamçıları olduğu iddiasındadır. Bu baxımdan, M.Vəzirin Ə.Kərimlinin onun üçün ayırdığı rolu məharətlə oynaması həm də bir etirafdır: "...Belə bir məsəl var: görünən dağa nə bələdçi. KXCP Əbülfəz Elçibəyin yaratmış olduğu partiyanın davamçısı olduğunu sübut etmək istəyirsə, ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı öz mövqeyini ortaya qoymalıdır. Bu cəbhə Elçibəyin cəbhəsi deyil... Mən yeni yaradılmış fraksiyaya bu işdə uğurlar arzulayıram. Fraksiyanı yaradanlar mənim dostlarım, keçmiş silahdaşlarımdır."

"Məsələ burasındadır ki, fraksiyada təmsil olunmayan KXCP-çilər də mənim dostlarımdır"

Məhz prezident seçkiləri fonunda baş verənləri vacib hesab edən M.Vəzir burada ad çəkməsə də, Ə.Kərimlinin dəstəyə ehtiyacı olduğunu və həmin dəstəyi parçalayaraq, öz adamları ilə təmin edəcəyi KXCP-dən alacağına eyham vurub. O, həm də ultimativ bəyanat verib ki, lazım gələrsə, hazırda M.Mirəlioğlunun yanında qalanları da öz tərəflərinə cəlb edə bilər: "Məsələ burasındadır ki, fraksiyada təmsil olunmayan KXCP-çilər də mənim dostlarımdır. Yaxşı olardı ki, baş verənlər parçalanmış cəbhənin bir daha parçalanmasına gətirib çıxarmasın. Amma partiyanın mövqeyini aydınlaşdırmasına ciddi ehtiyac var... Əlimdən gələn köməkliyi göstərəcəm ki, KXCP əvvəlki nüfuzunu bərpa edə bilsin. Qarşıdan gələn prezident seçkiləri fonunda (? - R.R.) bu çox vacibdir".

AXCP sədri Ə.Kərimli tərəfindən qarşıya qoyulmuş məqsədin reallaşıb-reallaşmayacağına gəlincə isə, M.Vəzir açıq-aşkar bildirib ki, nəyin bahasına olursa - olsun, "klassik" narazılara hər cür dəstək verəcəklər: " ...İnanıram ki, onlar qarşıya qoyduqları məqsədlərinə nail olacaqlar... Demokratik qüvvələr KXCP-nin əvvəlki nüfuzunu özünə qaytarmaq üçün "Demokratik Birlik" farksiyasına hər cür dəstək verməyə hazırdır".

Xəzər Teyyublu: "Bir zamanların güclü Müsavatın, Arzu Səmədbəyli, Məmməd Zeynalov kimi tanınmış funksionerlərin edə bilmədiyini bu günün zəif AXCP-si Qaya Əliyev, Fikrət Cəfərov kimi təcrübəsiz siyasətçilər edə bilməzlər"

Lakin bütün bunlarla yanaşı, M.Mirəlioğlu da boş dayanmayıb və hazırda Ə.Kərimlinin emissarları vasitəsilə siyasi təşkilata qarşı aparılan hücum taktikasının qarşısını almağa cəhd göstərir. Bu çərçivədə onun dadına çatan tərəfdar müavinlərindən biri də Xəzər Teyyubludur. Belə ki, X.Teyyublu mətbuata açıqlamasında bildirib ki, son günlər KXCP-nin əleyhinə məlumatlar yayılmağa başlayıb. Bunların hamısı əsassız məlumatlardır: "Fikrət Cəfərovun fraksiyanın tərkibində adlarını çəkdiyi şəxslərdən Qaya Əliyev partiyada hazırda müavin deyil. O, sıralarımızdan xaric olunub. Strateji məsələlər üzrə müavin Aydın Mədətoğlu hazırda xəstədir. Əgər onların hər hansı fikirləri varsa, partiya qərargahında bildirə bilərlər. Fraksiya yaratmağa ehtiyac yoxdur".

Ancaq X.Teyyublunun xüsusilə AXCP-ni və Müsavatı ittiham etməsi və bu hadisələrin məhz AXCP tərəfəindən ortaya atıldığını iddia etməsi onun az öncə söylədiyi fikirləri tamamilə alt-üst edir: "AXCP bir zamanlar Müsavatın apardığı siyasəti aparır. Müsavat da 2002-2005-ci illərdə KXCP daxilində iş apardı, "Rəsulzadə-Elçibəy fraksiyası" adlanan qurum yaratdı. Bu qurum sonda Müsavata transfer etdi. Müsavatın bugünkü Məclis sədri Arzu Səmədbəyli həmin fraksiyanın üzvü idi. O zaman üzdə olan 5-6 nəfəri aparsalar da, rayon şöbələrinə gücləri çatmadı. Bu gün də belədir. Fraksiya adlanan qurumu rayon şöbələri dəstəkləmir. Fikrətlə Qaya bu qurumu facebookda, mətbuatda yaradıblar. Reallıqda KXCP daxilində belə bir qurum yoxdur. Ola da bilməz. Bir zamanların güclü Müsavatının, Arzu Səmədbəyli, Məmməd Zeynalov kimi tanınmış funksionerlərin edə bilmədiyini bu günün zəif AXCP-si, Qaya Əliyev, Fikrət Cəfərov kimi təcrübəsiz siyasətçilər edə bilməzlər".

Fikrət Cəfərli: "O, ətrafına boylansa, görər ki, onun üzdüyü yer nəinki dəniz, heç gölməçə də deyil"

Partiya sədrinin əlaqələr üzrə müavini Fikrət Cəfərli isə açıqlamasında "Demokratik Birlik" fraksiyanı yaratmaqda məqsədləri partiyanın imicini geri qaytarmaqdır. F.Cəfərli onu da bildirib ki, kimin nə deməyindən asılı olmayaraq, Qaya Əliyev hazırda partiyanın beynəlxalq məsələlər üzrə müavinidir. F.Cəfərli onu da bildirdi ki, X.Teyyublu mətbuata yanlış informasiyalar ötürür və bu da kimlərinsə maraqlarına xidmət edir. Partiya sədrinin müavini X.Teyyublunun onu və Qaya Əliyevi zəif siyasətçi adlandırmasına da münasibət bildirdi: "Xəzər bəy elə bilir ki, adı Xəzər olduğu üçün üzdüyü yer də ümmandır. Amma o, ətrafına boylansa, görər ki, onun üzdüyü yer nəinki dəniz, heç gölməçə də deyil. Bəziləri elə bilir ki, KXCP hambaldı, onu idarə edən də Məşədi İbad. Yəni partiyanın kürəyinə çıxıb kiminləsə bazarlıq edə bilər. Tam əmin olsunlar ki, "Demokratik Birlik" fraksiya bu kimi bazarlıqlara imkan verməyəcək".

Aydın Mədətoğlu: "Xəzər Teyyublu yalan məlumat verir"

Digər KXCP funksioneri və AXCP emissarı Aydın Mədətoğlu isə bildirdi ki, X.Teyyublunun dedikləri həqiqətəuyğun deyil, o, fraksiyanın təsis ediləməsində şəxsən iştirak edib: "Bu məlumatlar yalandı. Biz fraksiyanı yaratdıq və bəyannamə imzaladıq. Bununla bağlı mediaya da açıqlama vermişik. İndi Xəzər Teyyublu durub yalan məlumatlar verməklə ictimaiyyəti çaşdırmağa çalışır. Mənim səhhətim yaxşıdır, hazırda da rayon təşkilatları ilə müşavirə keçiririk. Bununla bağlı da mətbuata məlumat verəcəyik".

Göründüyü kimi, KXCP daxilində baş verən məsələlər əslində müxalifətin, xüsusilə, AXCP -nin parçalanmasından sonra baş verən hadisələrlə üst-üstə düşür. Bu baxımdan, bir-birlərinə qarşı hər zaman xəyanətlər törətməyə hazır olan siyasi təşkilatlar bu cür məqamları əldən verməməyə səy göstərirlər. Xüsusilə, 2013-cü il seçkiləri ərəfəsində yaranmış müxalifətdaxili böhran həmin vəziyyəti çərçivədən çıxarmaqdadır. Sabah bu kimi halların başqa müxalifət partiyalarına da sirayət etməyəcəyini isə heç kim deyə bilməz.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər