"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən
Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərləri müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi. Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.
(Əvvəli ötən saylarımızda)
Artıq "Yurd"un və Əli Kərimovun timsalında anti-Elçibəyçi "yurdmeyillilər" də yaranmağa başlayırdı
"Yurd"çular əllərində olan bütün "kozrılardan" kifayət qədər istifadə edə bilirdilər. Hətta təşkilat daxilində veriləcək əmək haqqları belə, mənimsənilirdi. "Yurd" AXC-AXCP-nin təşkilati işlərini görmək əvəzinə, onun bütün imkanlardan (maliyyə, texniki, səlahiyyət və s.) istifadə edərək onun bazasında "Yurd"un və onun yaratdığı (XAP (Qənimət Zahidov), "Yurddaş" (Mais Səfərov) və qeyri hökumət (ADİF, VCU) təşkilatlarının yaradılması və fəaliyyət göstərmələri üçün səy göstəriblər.
Qeyd: - Təşkilat şöbəsinin "yurd"çu əməkdaşı, Qərb zonası üzrə kurator İlham Hüseynovun Qərb zonasında AXCP-nin "təşkilatlanması" ilə necə məşğul olduğunu, AXCP Tovuz rayon şöbəsindən Ali Məclisin üzvü Şahlar Abbasovun ona göndərdiyi məktubundan
"İlham, salam. Bizlər yaxşıyıq, sizlərin də yaxşı olmanızı Tanrıdan diləyirik"
Sənin zəngini gözlədim. "Yurddaş" partiyasının proqram və nizamnaməsini mütləq tapıb göndərərsən. Rayon təşkilatını təsis etmək üçün "qvardiya" hazırdır. Rayon şöbəsinin vəziyyəti yaxşıdır. Hamı sizlərə çoxlu salam deyir, yaxud göndərir.
Hələlik: Şahlar. 10. 03. 1999-cu il.
Gənclər Komitəsinin arayışından və ya Oqtay Gülalıyevin Əli Kərimova rədd cavabı
Sədr Elçibəyin təklifi ilə Gənclər Komitəsi 1995-ci ilin 27 iyulunda yaradılmış, Oqtay Güləliyev isə onun sədri təyin olunmuşdur. O.Güləliyev hələ Təşəbbüs Qrupunun sədri olarkən "Yurd" şefi onu hərtərəfli təminat və dəstək vədi ilə ilə bir yerdə olmağa dəvət etmiçdi. O. Güləliyev onların bu təklifini AXC nizamnaməsinə zidd və "Elçibəy yoluna dönüklük" adlandıraraq rədd edir.
Hələ 20 may, 1995-ci ildə - AXCP Gənclər Komitəsinin təsis konfransının keçirildiyi gün GK-nın üzvü olan və olmayan bütün "yurd"çular "Azadlıq" qəzetinin akt zalına gətirilir. Onlara birbaşa rəhbərlik edən Etibar Talıbov (AXC BDU şöbəsinin sədri) konfransdan öncə onları Ə.Kərimovun oturduğu otağa yığır. Konfransda ilk çıxış edən Ə.Kərimov gəncləri fəal olmağa çağırır, onlara açıq-aşkar mesaj verir. Daha sonra çıxış edən Mirmahmud Fəttayev (Mirəlioğlu), Ə.Kərimovun təhriki ilə konfransı pozmağa və GK-nı "yurd"laşdırmağa çalışan gənclərə müraciət edərək- "...özünüz olun, başqalarının əlində vasitəyə çevrilməyin. Bu formada yaradılacaq təşkilat AXC-nin Gənclər Komitəsi olmayacaq. Başqa şey olacaq. O isə AXC-yə, Əbülfəz bəyə lazım olmayacaq" deyir və təklif edir ki, konfransda hamı iştirak etsin, səsvermədə isə GK-nın üzvləri iştirak etsin. M.Mirəlioğlunun təklifindən sonra Ə.Kərimov, daha sonra "yurd"çular məğlub şəkildə konfransı tərk edirlər.
Bundan sonra "Yurd"çular sədr Elçibəyin Kələkidən göndərdiyi GK haqqında Əsasnamənin Ali Məclisdə təsdiqinə imkan vermirlər. Onlar GK-nın birbaşa Elçibəyə tabe olmasına heç cür barışmırlar. Komitənin Ə.Kərimova tabe olmasını, məhz onun təqdimatı ilə GK-nın rəbərliyinin formalaşmasını tələb edirlər. Bu səbəbdən GK iki il Əsasnaməsiz fəaliyyət göstərir. Əsasnamə iki ildən sonra "yurd"çuların. Daha dəqiq desək, Ə.Kərimovun istəyinə uyğun şəkildə təsdiq olunur. Gəncləri ələ keçirmək üçün hər cür vasitəyə əl atan Əli Kərimov məqsədinə nail olmadıqda onlara qarşı çeşidli təzyiq üsullarından istifadə etməkdən çəkinməmişdir. Gənclər Komitəsinə alternativ təşkilat yaratmaq, gənclərin tədbirlərini pozmaq, onları döydürmək və s. kimi üsullardan istifadə etmişdir.
Elçibəyin Bakıya dönüşü ilə "Yurd"un ona və AXCP-yə qarşı kampaniyası daha kəskin xarakter alır
Məhz bu ərəfələrdə "Yurd"u ələ keçirə bilmədikləri təşkilatlara, qurumlara alternativlər yaradılmağa başlayırdı. Arig Paşayevin "Bütöv Azərbaycan Birliyi", Qənimət Zahidovun "XAP"-ı, GK-ya qarşı "Gənc Demokratlar Hərəkatı", AXCP-nin rayon şöbələrinə qarşı "Yurd"un rayon şöbələri yaratmaqla təşkilatları əsas hədəflərindən yayındırmaq üçün bütün vasitələrdən istifadə etməklə partiya daxilində qeyri-müəyyənlik yaratmaqdan çəkinməmişlər. Qeyd olunanlardan aydın olur ki, Elçibəyin Bakıya dönüşü ilə "Yurd"un ona və AXCP-yə qarşı kampaniyası daha da kəskinləşir. Burda əsas məqsəd AXCP-ni daha çox daxili çəkişməyə cəlb etmək, Elçibəyi isə bu çəkişmədə tərəfə çevirmək idi.
Cavab tədbirləri
1998-2000-ci illərdə AXCP "Yurd"u zərərsizləşdirmək istiqamətində fəallığını artırmağa başladı. 1998-ci ilin başlanğıcında mərkəzi orqanlar formalaşarkən Mirmahmud Fəttayev başda olmaqla bir qrup fəalın Ali Məclisin 1/3 təkibindən imtina etməsi, yerlərdə şöbələrin "Yurd"a ciddi müqavimət göstərməsi artıq AXCP daxilində "Yurd"un mahiyyətinin açıldığını göstərirdi.
AXC-AXCP-nin neçə illərdir ki, "Yurd"u zərərsizləşdirmək istiqamətindəki gərgin mübarizəsinə 1999-cu ildən bəzi "yurd"çular da qoşuldular. Onlar "Yurd" ictimai birliyi yaranarkən qarşısına qoyduğu məqsədlərdən yayınaraq mənfəət qrupuna, AXCP-yə və Elçibəyə qarşı olan partiyadaxili qüvvələrin əlində vasitəyə çevrildiyini başa düşdükcə "Yurd"dan uzaqlaşır və ona qarşı aparılan mübarizəyə qoşulurdular. Sədr müavinlərindən Mirmahmud Fəttayev (1996), Zəlimxan Məmmədli (1998) və Fazil Qəzənfəroğlunun (1998) məhz Elçibəyə qarşı təşkil olunmuş AM Rəyasət Heyətinin üzvlüyündən imtina etdilər. 1999-cu ilin axırlarında əsasən "yurd"çulardan təşkil olunmuş Rəyasət Heyətinin (19 üzvündən 17-si "yurd"çu idi) yalnız az bir qismi AXCP mövqeyini müdafiə edirdi.
Təşkilatda təsir imkanlarını itirdikcə "Yurd" Rəyasət Heyəti vasitəsiylə şöbələrin səlahiyyətinə müdaxilə edir, konfransların keçirilməsini əngəlləyir, şöbə məclislərinin qərarlarını tanımır, şöbələrdən seçilmiş Ali Məclis üzvlərini qeydə almır, AM üzvü olmayan şəxslər AM-in iclaslarında, RH-də iştirak edərək, AXCP adından qərarlar qəbul edirdilər.
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU