PDF Oxu

Müxalifət

  • 34

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərlərinin müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi. Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.

(Əvvəli ötən saylarımızda)

Artıq siyasi burulğanlar astanasında 2000-ci ilin parlament seçkiləri dayanmışdı. Seçkilər yaxınlaşdıqca Əli Kərimov xəyanətləri sayəsində əldə etmiş mövqelərini itirmək üzrə idi. Çünki qarşı tərəfdən atılan addımlar da "Yurd"dun növbəti planlarını alt-üst edə bilərdi. Bu səbəbdən də "Yurd" "cəbhə"yə və Elçibəyə qarşı daha aqressic təxribatlardan maksimum səviyyədə istifadə etməyə başladı. Artıq Elçibəyin ağır xəstələnməsi (yəni zəhərlənməsi) də Ə.Kərimovun qarşısını almırdı.

AXCP sədri Əbülfəz Elçibəyin köməkçisi işləmiş Əli Mürsəloğlunin dediklərindən: "Ona həkim məsləhətini xatırlatsam da, buna əhəmiyyət vermir, əksinə, bəyi ciddi surətdə narahat edirdi"

2000-ci ilin 1 iyul tarixində keçirilən iclasda Ə.Kərimov şöbələrdən seçilən Ali Məclisin 8 üzvünü iclasa buraxmayaraq, əvəzində, 8 nəfər səlahiyyətsiz adamın iştirakını təmin etdi və iclas baş tutdu. Ancaq onu da xatırladaq ki, həmin iclasın keçirilməsinə Elçibəy razılıq verməmişdi. Məhz bu baxımdan, Ə.Kərimovun çox ağır vəziyyətdə (həkim nəzarətində) olan Elçibəylə söhbətində bu iclasın keçirilməsinə təkid göstərməsi də həmin zaman nəzərdən qaçmamışdı. Bu dövrlərdə AXCP sədri Əbülfəz Elçibəyin köməkçisi işləmiş Əli Mürsəloğlu xatırlayır ki, Elçibəy Türkiyə səfəri zamanı ciddi müayinədən keçdi və sağlamlıq durumunun yaxşı olmaması məlum oldu. Elçibəyin Amerika səfərindən sonra vəziyyəti daha da pisləşdi. Artıq həkimlər ona işləməyi, iclaslarda, tədbirlərdə iştirak etməyi qəti qadağan etmişdilər. AXCP sədri artıq bağ evində qalır və müalicə olunurdu: "Qəribə idi ki, Əli Kərimov əvvəlki vaxtlardan fərqli bəyin yanına gəlir və onunla işlə (seçki, Mərkəzi Seçki Komissiyası və s.) bağlı saatlarla söhbət edir, müzakirələr aparır, hətta mübahisələr edirdi. Ona həkim məsləhətini xatırlatsam da buna əhəmiyyət vermir, əksinə, bəyi ciddi surətdə narahat edirdi. Həmin günlər bəy çox ağır vəziyyətdə idi, hətta normal hərəkət edə bilmirdi. Ona hətta yerindən tərpənmək olmazdı. Buna baxmayaraq, Əli Kərimov iyulun 1-də Ali Məclisin sessiyasının keçirilməsinə təkid göstərirdi. Mən bəyin Əli Kərimova etirazını Ali Məclisin sessiyasında gördüm. Bəy iclas iştirakçılarının hamısının təəccübünə səbəb olan addım atdı. O, AM-in iclasında sədrə (özünə) etimad məsələsini qoydu. Hətta bəzi "Yurd"çuların bu məsələnin Ali Məclisin səlahiyyətində olmadığını desələr də, bəy təkid etdi və üzünü divara çevirərək, etimad məsələsini səsə qoymağı xahiş etdi. Məsələ səsə qoyuldu və Ali Məclis yekdilliklə bəyə etimad göstərdi. Amma məsələ səsə qoyularkən "Yurd"çulardan Xaliq Bahadır və Fuad Mustafayev zaldan çıxdılar. Mənə elə gəldi ki, heç kim bu etimad məsələsinin mahiyyətini başa düşmədi. Çünki heç kəs Əli Kərimovun Elçibəylə söhbətdə Məclisin keçirilməsi üçün necə təkid göstərdiyini görməmişdi. Əli Kərimov isə Elçibəylə bağlı ona verilmiş tapşırığı axıra kimi yerinə yetirdi".

Növbəti "Yurd" müdaxilələri və rayonlarda itirilən mövqelər

Ağdaş rayon şöbəsinin konfransına Ə.Kərimovun bilavasitə rəhbərlik etdiyi Rəyasət Heyəti uzun müddət müdaxilə etmişdir. O, şöbənin normal konfrans keçirməsinə imkan verməmiş və şöbənin yaratdığı Təşkilat Komitəsini ləğv edərək, iki dəfə ard-arda Təşkilat Komitəsi yaratmışdır. Mikayıl Rəhimovun sədrliyi ilə yaradılan TK "Yurd"un maraqlarını ödəmədikdə onu ləğv edərək, Arif Paşayevin sədrliyi ilə yeni TK yaratmışlar. Ağsu rayon şöbəsinin konfransı keçirildiyi gün heç bir əsaslı səbəb göstərmədən Qüdrət Həsənquliyevin təkidi ilə təxirə salınmış, RH-nin himayəsi ilə AXCP üzvü olmayan adamlar tərəfindən şöbəyə təzyiqlər göstərilmişdi.

Həmçinin, Xətai rayon şöbəsi Məclisinin konfrans haqqında qərarının (20.10.99) icrasına RH və onun yaratdığı Komissiya (Nizami Quliyev, Həsən Kərimov, Asif Kərimov) səkkiz ay imkan verməmişdir. Bu müddət ərzində "Yurd"çu şöbə sədrinin istəyinə uyğun olaraq Ali Məclis "Rayon şöbələri haqqında Əsasanamə"də dəyişiklik etmiş, şöbə rəhbərliyini saxtakarlığa sövq etmiş, "Yurd"çu olmayan Məclis sədri Azər Quliyev AM Rəyasət Heyəti tərəfindən AXCP sıralarından çıxarılmışdır.

Səbail rayon şöbəsi Məclisinin konfrans haqqında qərarının (17.09.99) icrasına RH və onun yaratdığı Komissiya (Ə.Nuriyev, A.Kərimov) 9 ay imkan verməmişdir. Əli Kərimov tərəfindən şöbə qarşısında şərt qoyulmuşdur: Konfransın keçirilməsinə bir halda razılıq verərik ki, Həsən Kərimov AM üzvü seçilsin. (Bu hadisə olduğu kimi, 1997-98-ci illərdə də baş vermişdir). Bütün bəhanələr tükəndikdə Həsən Kərimov üzvü olduğu Rəyasət Heyətinə 2 iyun 2000-ci ildə "Paris Kommunası" dayaq dəstəsinin sədri Nizaməddin Əhmədovun adından "AXCP Səbail şöbəsində yaranmış vəziyyətlə əlaqədar "Paris Kommunası" dayaq dəstəsi üzvləri rayon konfransında iştirak etməkdən imtina edirlər" məzmunlu müraciət etmiş və müraciəti özü imzalamışdır. RH özünün təşkil etdiyi "şikayətlə" yenidən şöbədə "yoxlamalara" başlayanda bundan xəbər tutan Nizaməddin Əhmədov 7 iyun 2000-ci ildə RH-ə ərizə ilə müraciət etmişdir. Ərizədə göstərilirdi: "...Yazıb məlumunuz edirəm ki, mənim adımdan yazılan şikayət ərizəsindən xəbərim yoxdur. Həmin müraciətə imza atmamışam".

Bütün bunlara baxmayaraq, RH-nin və RH-nin Komissiyasının üzvü Asif Kərimov Səbail şöbəsinin 11.06.2000-ci il tarixində keçirilən konfransına gələrək "...sizdən şikayət var, "Paris Kommunası" dayaq dəstəsi konfransda iştirak etmir, ona görə sizdə yoxlama aparıldığından RH konfrans keçirməyə icazə vermir" iddiası ilə çıxış etmişdir. "Paris Kommunası" dayaq dəstəsinin konfransda iştirak edən nümayəndələri və sədri Asif Kərimova "Biz buradayıq, konfransda iştirak edirik və konfransla bağlı heç kimə şikayət etməmişik, əksinə, bizim adımızdan edilən şikayətlə əlaqədar RH-ə müraciət etmişik" demələri A.Kərimova, nə də RH-ə təsir göstərməmişdir. Səbail rayon şöbəsi Məclisinin qərarı ilə başqasının adından ərizə yazdığına görə, Həsən Kərimov AXCP sıralarından uzaqlaşdırılmışdır. Sabunçu rayon şöbəsinin konfransının keçirilməsinə RH uzun müddət süni şikayətlər təşkil etdirmiş, komissiya (Qüdrət Həsənquliyev, Həsən Kərimov) yaradaraq konfransın keçirilməsinə maneələr törətmişdir. Kürdəmir rayon şöbəsi konfransının keçirilməsi RH tərəfindən məqsədli şəkildə mane olmuşdur. Şöbə konfransının seçdiyi Ali Məclis üzvü Firudin Zərbəliyev iclasa buraxılmamışdır.

Astara rayon şöbəsi Məclisi Əşrəf Həbibovun Ali Məclis üzvlüyündən istefa ərizəsini nəzərə alır, istefasını qəbul edir və rayon şöbəsindən AM üzvü səlahiyyətlərini yerinə yetirməsini Rufulla Səmədova həvalə edir. Rufulla Səmədovun Ali Məclisin 2 iclasında iştirak etməsinə imkan verilmir və həmin iclaslarda, həmçinin, qərarların qəbul olunmasında Astara rayon şöbəsini AM üzvü olmayan Əşrəf Həbibov "təmsil edir".

Gədəbəy rayon şöbəsi AM üzvünün istefa ərizəsini nəzərə alaraq şöbə Məclisində yeni seçilmiş AM üzvünü AM-ə buraxmamış, saxta sənədlə Pənah Verdiyevin AM iclaslarında iştirakına imkan yaratmışdır.

Cəlilabad rayon şöbəsi Məclisi Fəxrəddin Mehdinin Ali Məclis üzvlüyündən istefa ərizəsini nəzərə alaraq istefasını qəbul edir və rayon şöbəsindən AM üzvü səlahiyyətlərini yerinə yetirməsini İsrail Quliyevə həvalə edir. İsrail Quliyeviin Ali Məclisin 2 sessiyasında iştirak etməsinə imkan verilmir və həmin iclaslarda, həmçinin, qərarların qəbul olunmasında AM üzvü olmayan Fəxrəddin Mehdi iştirak edir.

Naxçıvan Muxtar Respublikasının şöbə Məclisi 29.06.2000-ci il tarixli iclasında Əqil Məmmədovun AM üzvlüyündən istefa ərizəsini nəzərə alaraq istefasını qəbul edir və AM üzvü səlahiyyətlərinin yerinə yetirməsini Fətəli İmanova həvalə edir. AM-in yurdçu rəhbərliyi F.İmanovu iclaslara buraxmır.

Tovuz rayon şöbəsi Məclisi 07.07.00 tarixli sessiyasında Şahlar Abbasov AM üzvlüyündən azad edilmiş, AM üzvü səlahiyyətlərini yerinə yetirmək İmamqulu Məhəmməd oğlu Hüseyinova həvalə edilmişdir. İmamqulu Hüseyinov AM-in 23.07.2000-ci il tarixli iclasına buraxılmamışdır.

AXCP-ni "Yurd"a qarşı cavab addımları

Beləliklə, Xətai, Ağdaş, Səbail, Sabunçu, Naxçıvan (şəhər), Kürdəmir şöbələrinin konfranslarının nəticələrini, Astara, Gədəbəy, Cəlilabad, Naxçıvan (MR), Tovuz şöbələrinin Məclislərinin qərarlarına əhəmiyyət verməyən RH Ali Məclisə seçilən 11 üzvü AM-ə buraxmır, onların əvəzindən AM üzvü olmayan adamlar AM-in iclaslarında, RH-nin iclaslarında iştirak edir və "qərarlar" qəbul edirdilər.

Təşkilatda nüfuz və imkanlarını tamam itirdiklərini görən "Yurd" yetgililəri qarşıdan gələn parlament seçkilərinin saxtalaşdırılmasında vasitəçilik missiyasını yerinə yetirmək, milli-demokratik qüvvələrin birgə fəaliyyətini əngəlləmək məqsədi ilə Nizamnaməni kobud surətdə pozaraq yetərsaysız iclas keçirməkdən çəkinmədilər. Yetərsaysız iclasda proporsional siyahı "təsdiqləndi". Bu isə artıq AXCP-ni "Yurd"a qarşı ciddi addımlar atmağa məcbur etdi.

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər