478 nəfər Laçın sakini dağıdıcı müxalifət "liderləri"nə öz yerilərini göstərdi
Sirr deyil ki, hazırda dağıdıcı müxalifətin cəmləşdiyi "İctimai Palata" parçalanmaq və tarixin arxivinə gömülmək üzrədir. Belə ki, qurumdaxili intriqaların səngiməməsi, partiyalararası münaqişələrin, eləcə də, seçkiöncəsi mühitin formalaşmaması qurumu monopoliyalarında saxlayan AXCP-Müsavat cütlüyünün saxtakarlıqlara getmələrinə şərait yaradır. Onsuz da saxtakarlıqlar üzərində təsis edilmiş "palata" sonradan həmin addımlarını müxtəlif vasitələrlə genişləndirməyə cəhd göstərdi. Və belə cəhdlərdən biri də "İP"-in "Laçın rayon təşkilatı" kimi qələmə verilən növbəti saxta qurumunda yaşanıb.
Qeyd edək ki, hazırda mərkəzi idarəçiliyində ciddi problemlər yaşayan, ümumiyyətlə, heç bir siyasi məsələdə aktivlik göstərə bilməyən "İctimai Palata"nın guya "rayon təşkilatlaında" toplantılar keçirmək imitasiyaları sağlam düşüncəli ictimaiyyət tərəfindən hiddətlə qarşılanır. Qondarma qurum cəmiyyət arasında belə bir görüntü yaratmağa səy göstərir ki, guya onun "rayon təşkilatları" mövcuddur və həmin "təşkilatlarda" müntəzəm işlər aparılır. Amma bunun belə olmadığını orada təmsil olunan müxalifət təmsilçiləri də yaxşı bilirlər. Ancaq təəssüf ki, dağıdıcı müxalifətə məxsus "Azadlıq", "Yeni Müsavat" kimi qəzetləri vasitəsilə yalan dolu informasiyalar yayırlar. Bu cür informasiyalardan biri də sentyabrın 25-də "Azadlıq" qəzetində dərc edilib. AXCP-yə məxsus yazılı orqanın səhifəsində yer alan yalan və böhtanlar bu dəfə Laçın rayonundan olan sakinləri ciddi hiddətləndirib. Belə ki, qəzetin yazdığına görə, "İctimai Palata"nın Laçın "rayon təşkilatının" növbəti (?-R.R.) sessiyasında özünü laçınlı kimi təqdim edən "cəbhə" funksioneri Rafiq Daşdəmirli guya "təşkilatın" sıralarına yeni üzvlərin qəbul olunduğunu bildirib. Hətta "təşkilatın" yerlərdə fəaliyyəti üçün proqram hazırlanıb və müvafiq işlərin görülməsi üçün tapşırıqlar da verilib (?-R.R.).
"Birmənalı olaraq, bildiririk ki, rayon sakinləri adından danışmağa heç bir hüququ və əsası olmayan Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimilərinin belə sərsəm çıxışları bütün rayon sakinləri tərəfindən hiddətlə qarşılanmışdır"
Digər biri, özünü Əhməd Cəlaloğlu kimi təqdim edən şəxs isə haqqı olmadan özünü "bütün laçınlıların sözcüsü" qismində ictimaiyyətə sırıyıb. O, hətta bir az da irəli gedərək, Laçın sakinlərini "İctimai Palata"ya üzv olmağa da çağırması unutmayıb: "...Üzvlərimizin sayının gündən-günə artması göstərir ki, biz laçınlılar öz gücümüzü göstərməyə qadirik... Hər bir laçınlı ən azı, 20 illik vətən həsrətinin acısını paylaşmaq, həmçinin, vətəndaşlıq borcunu yerinə yetirmək üçün "İctimai Palata"nın Laçın "rayon təşkilatı"na gəlməlidir".
Lakin radikal müxalifətin laçınlılara növbəti böhtanı rayonda hiddətlə qarşılanıb. Baş verənlərə etiraz olaraq, 478 nəfər laçınlı etiraz bəyanatı yayıblar. Həmin bəyanatda vurğulanıb ki, laçınlı ağsaqqal və ziyalılar "Azadlıq" qəzetinin 25 sentyabr tarixli sayında xalq arasında heç bir sosial dayağı olmayan, qondarma "İctimai Palata" adı altında fəaliyyət göstərən radikal müxalifət üzvlərindən bəzilərinin laçınlılar adından danışaraq, verdikləri saxta məlumatlara kəskin etirazlarını bildirirlər. Onlar bunu Laçın rayonuna qarşı qarayaxma kimi qiymətləndiriblər: "Birmənalı olaraq, bildiririk ki, rayon sakinləri adından danışmağa heç bir hüququ və əsası olmayan Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimilərinin belə sərsəm çıxışları bütün rayon sakinləri tərəfindən hiddətlə qarşılanmışdır. Əli Kərimili, İsa Qəmbər və onların əlaltıları olan belə naqis siyasətbazlara üzümüzü tutub deyirik ki, onsuz da sizin xalq arasında heç bir dayağınız yoxdur, nahaq yerə növbəti axtarışa başlamısınız. Bəsdir bir dəfə xalqı aldadaraq hakimiyyətə gəldiyiniz. Xalqımız sizin kimi siyasətbazların səriştəsizliyi, naşılığı ucbatından düçar olduğu hakimiyyət böhranını, xaos və anarxiyanı hələ unutmamışdır. Məgər bu gün haqqın, ədalətin bərpasından, demokratiyadan, vətəndaş həmrəyliyindən danışan, xalqa özünü canıyanan göstərən sizin kimi müxalifətçilər, deyildimi ki, Xocalı, Şuşa, Laçın və digər torpaqlarımız yağı düşmənlə üzbəüz qaldığı bir vaxtda, onlar hakimiyyət davası edir, "qoçu" qismində saxladıqları hərbi birləşmələrini düşmənə qarşı çevirmək əvəzinə, Bakıya qaytarır, xalqı yalan vədlərlə aldadaraq çaş-baş salırdılar".
"Nəinki laçınlılar, digər rayon sakinlərinin də heç biri sizə heç zaman dəstək olmayacaqdır"
Bu kimi bəyanat yayan Laçın sakinləri daha bir fakta əsaslanaraq vaxtilə hakimiyyətdə olmuş monopolist müxalifət "liderləri"nə xatırladıblar ki, bu naşı siyasətbazların qısa fəaliyyəti zamanı ölkədə qaçqın və məcburi köçkün vəziyyətinə düşən soydaşlarımıza ikinci qrup insanlar kimi baxılır, onlar addımbaşı alçaldılaraq, mənəvi əzaba məruz qoyulurdular: "Heç tutduğunuz bu əməllərdən utanırsınız? İndi hansı üzlə yenidən laçınlıların adını tutur, onlara müraciət edirsiniz? Biz sizin əməllərinizə, mənəvi cılızlığınıza yaxşı bələdik. Nəinki laçınlılar, digər rayon sakinlərinin də heç biri sizə heç zaman dəstək olmayacaqdır".
Söz yox ki, "İctimai Palata"nın belə saxtakarlıq davranışları həm də növbəti seçkiöncəsi blefdir. Çünki 2013-cü il seçkilərinin onlar üçün sonuncu seçki ili olduğunu yaxşı bilən Əli Kərimli, İsa Qəmbər kimi qondarma "liderlər"in başqa yolları qalmayıb. Ancaq belə addımlar onlara, təbii ki, başucalıq deyil, yalnız rəzillk və başıaşağılıq gətirir. Bu kimi olaylar baş verdikcə, həmin "liderlər" cəmiyyətdən daha çox təcrid olunurlar. Cəmiyyət onları qəbul etmir. Məhz Laçın rayonunun sakinləri, eləcə də, onların səsini duyuran 478 nəfərin etiraz bəyanatı da özündə bu amili ehtiva edir.
"Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə nəinki məcburi köçkünlərdə, eləcə də, bütün ölkə vətəndaşlarında yaşamaq əzmini və qurub-yaratmaq amalını yenidən özünə qaytardı"
Eləcə də, sözügedən bəyanatda, xüsusilə vurğulanıb ki, məhz onların hakimiyyıti dövründə bəlalara mübtəla olmuş Azərbaycan xalqı üzünü Ulu Öndər Heydər Əliyevə tutdu: "Haqlı olaraq sizin kimi siyasətbazlardan birdəfəlik üz döndərən xalqımız düçar etdiyiniz o, çətin anlarda yeganə düzgün seçim edərək, onu bir çox bəlalardan məharətlə qorumuş Heydər Əliyevə üz tutdu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə nəinki məcburi köçkünlərdə, eləcə də, bütün ölkə vətəndaşlarında yaşamaq əzmini və qurub-yaratmaq amalını yenidən özünə qaytardı. Ölkəmiz fəaliyyətsizliyiniz ucbatından düçar olduğu hakimiyyətsizlikdən, xaos və anarxiyadan, qardaş qırğınından qurtuldu. Vahid komandanlıq altında birləşdirilən ordu qüvvələri cəbhə bölgəsində bir sıra ərazilərimizi düşməndən azad etdi".
Laçınlı etirazçılar Rafiq Daşdəmirli, Əhməd Cəlaloğlu kimi saxtakarların sürətlə inkişaf edən Azərbaycana, onun zəhmətkeş xalqına yalan danışmaqları, aldatmağa cəhd göstərmələri "liderləri" üçün heç bir müsbət dəyişiklik gətirməyəcək. Çünki Azərbaycan xalqı hər zaman həqiqətin, reallığın yanında olmuş və özünün əbədi Ümummilli Lideri olan Heydər Əliyev ideyaları ətrafında sıx birləşmişdir: "Qürurla qeyd edirik ki, 2003-cü ildən əvəzolunmaz Heydər Əliyev strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən, böyük məharət və bacarıqla davam etdirilir. Hakimiyyəti - xalqa xidmət etmək üçün bir fürsət hesab edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə işsizliyin aradan qaldırılması, günbəgün yeni və müasir müəssisələrin fəaliyyətə başlaması, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi, anbaan gözəlləşən paytaxtımızın gələn qonaqları heyran etməsi hər bir azərbaycanlı kimi laçınlıların da qəlbində iftixar hissi yaradır".
"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə formalaşmış milli birliyi, dövlət və vətəndaş həmrəyliyini heç bir qüvvə sarsıda bilməyib və bundan sonra da sarsıda bilməyəcəkdir"
Bəyanatda o da vurğulanıb ki, ölkə başçısı cənab İlham Əliyevin ata-baba torpaqlarından didərgin salınmış insanlara daha həssaslıqla yanaşmış, respublikamızın ərazisindəki bütün çadır şəhərciklərinin ləğv edilərək, əvəzində, abad qəsəbələr salınmış, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin və məşğulluqlarının daim artırılması yüksək qiymətləndirilmişdir. Xüsusilə, qeyd edilmişdir ki, həmişə olduğu kimi, bu gün də bütün laçınlıların ardınca getdikləri, ümid və inamlarını bağladıqları yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyasıdır. Məhz bunun nəticəsidir ki, rayonda yeganə mənzil qərargahı olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının hazırda üzvlərinin sayı artaraq, 3000 nəfəri ötmüşdür: "Biz laçınlı ağsaqqal və ziyalılar xalq arasında bütün nüfuz və dayaqlarını itirmiş radikal müxalifət nümayəndələrinə üzümüzü tutaraq, bir daha bildiririk ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə formalaşmış milli birliyi, dövlət və vətəndaş həmrəyliyini heç bir qüvvə sarsıda bilməyib və bundan sonra da sarsıda bilməyəcəkdir".
Göründüyü kimi, "İctimai Palata"ya və onun "liderləri"nə qarşı laçınlı məcburi köçkünlər adından imzalanmış etiraz bəyanatı bir daha belə deməyə əsas verir ki, siyasət arenasında bütün "rıçaqlarını" itirmiş dağıdıcı müxalifət təmsilçiləri son anda saman çöpündən yapışmağa cəhd göstərsələr də, bunun onlara heç bir xeyiri olmayacaq. Artıq zaman yetişib və "İctimai Palata", orada təmsil olunan siyasi dəllallar siyasi sonluqlarının yetişdiyini qavramağa başlayıblar. İnanmayanlar isə həmin reallığı 2013-cü ilin prezident seçkilərində görəcəklər.
RÖVŞƏN NURƏDDİNOĞLU