PDF Oxu

Müxalifət

  • 81

"Müqavimət Hərəkatı"na qarşı daha bir təşkilat

"İctimai Palata"dan, "Məşvərət Məclisi"ndən sonra "Demokratik Birlik" də "DCUMH"-a od püskürdü

"Müqavimət Hərəkatı"na qarşı daha bir təşkilat

Müxaifət düşərgəsində yaranmış son vəziyyət qütbləşmə prosesindəki durumun daha gərgin olduğuna dəlalət edir. Yaradılmış birlik və bloklar arasındakı qeyri-müəyyənlik isə daha bir faktı təsdiq edir ki, onların hər biri, əslində, alternativlik ambisiyalarını ortaya qoyurlar. Düzdür, mətbuata çıxarkən, daha çox ehtiyatlı açıqlamalar, bəyanatla səsləndirilsə də, eləcə də hər bir qurum səlahiyyətlisi digərinə qarşı alternativ olmadığını bildirsə də, hadisələrin hazırkı gedişatı bütün bunların belə olmamasını təsdiqləyir.

Hər birinin məqsədi müxalifətin "güc mərkəzi" olmaqdır

Maraqlısı isə budur ki, bu günlərdə yaradılmış "Demokratik Birlik" fraksiyası da artıq öz ambisiyasını ortaya qoyub. Fraksiyanın ilk hədəfi "Müqavimət Hərəkatı" olub. Onu da xatırladaq ki, "DCUMH"-a qarşı daha öncə "İctimai Palata" və "Məşvərət Məclisi" kimi qurumlar da çıxışlar ediblər. Onların məqsədləri isə müxalifət düşərgəsində vahid güc formalaşdırmaqdan ibarətdir. Bu baxımdan, yerdə qalan birliklərə qarşı çıxış etmək onların əsas "siyasətləridir".

"DCUMH" "Demokratik Birliyk" fraksiyasına qarşı hansı təxribatı törədib?

Bəyanat qəbul edən "Demokratik Birlik" fraksiyası "Müqavimət Hərəkatı"na qarşı bəyanatla çıxış edib və həmin bəyanatda deyilir ki, 24 sentyabr 2012-ci il tarixdə KXCP-nin mənzil-qərargahında keçirdiyi iclasda "DCUMH" adlı qurum şizofreniya və paranoya simptomlarının məhsulu olan "bəyanat" qəbul edib. Daha sonra bəyanat müəllifləri KXCP sədri və partiyanın rəhbərliyinə qarşı belə təhqiramiz, şantaj və təxribat xarakterli sərsəm bəyanat qəbul edən bu qeyri-legitim qurumda və psevdohərəkatda KXCP-nin fəaliyyətini dayandırmasını və bu siyasi paranoyaya birməmanlı və qəti münasibət bildirmək üçün partiyanın İdarə Heyətinin növbədənkənar yığıncağının çağırılmasını tələb edirlər. Bəyanatı KXCP sədrinin müavinləri Aydın Mədətoğlu, Ədalət Yusubov, Fikrət Cəfərov, Qaya Əliyev, Rüfət Sahiboğlu və KXCP İH-nın üzvü Rafiq Abdulla imzalayıb. Qeyd edək ki, bu şəxslər həm də KXCP-də narazılaq qrupu kimi tanınırlar.

Bir-birləri üzərində sınaq aparırlar

Təbii ki, müxalifət daxilində fəaliyyət göstərən hər hansı bir siyasi qurumun digərinə qarşı apardığı fəaliyyət həzm olunmur və qarşılıqlı ittihamlar bəzən daha ciddi və kəskin hadisələrlə əvəzlənir. Bu isə, yuxarıda qeyd edildiyi kimi, sadəcə bir məqsədi güdür: müxalifətdə yaranmış situasiyadan öz xeyirləri üçün istifadə edərək, müxalifətin yeni güc mərkəzini yaratmaq. Görünür, "İctimai Palata"dan, "Məşvərət Məclisi"ndən öncə, özünü sınamaq istəyən "Demokratik Birlik" fraksiyası bu sınağını "DCUMH" üzərində yoxlamaq qərarına gəlib. Amma nəticə heç də onlar üçün ürəkaçan olmayıb. Artıq "Müqavimət Hərəkatı"nda təmsil olunan partiyalar KXCP tərəfindən yaradılmış fraksiyaya qarşı qəti hücuma keçməyə hazırlaşırlar. Hətta əldə etdiyimiz yeni informasiyaya görə, "Demokratik Birlik" fraksiyasının dağıdılması istiqamətində "DCUMH" "Məşvərət Məclisi" ilə gizli danışıqlara belə gedib. Onlar müxalifətdəki opponentlərini inandırmağa çalışıblar ki, adıçəkilən fraksiya bu gün "Müqavimət Hərəkati"na qarşı sərt mövqe ortaya qoyursa, sabah növbə "Məşvərət Məclisi"nin və "İctimai Palata"nındır.

MÜBARİZ QULİYEV

Digər xəbərlər