PDF Oxu

Müxalifət

  • 72

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis...

HÜSEYN CAVİD

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

(Əvvəli ötən sayımızda)

Artıq onun qoçularla təchiz olunmuş cangüdənləri də var idi

"Yurd" şefinin partiyadaxili maxinasiyaları ona mənfəət gəlirlərini gətirməkdə idi. Nəticədə, Əli Kərimov daha bir üstünlük əldə etdi. Belə ki, sədr Elçibəydən sonra, ilk olaraq, məhz Ə.Kərimov özünə cangüdən tutmağa başladı. Və ilk döydürmə faktı da məhz AXCP daxilində Ə.Kərimov tərəfindən icra edildi. Döyülənlər isə partiyanın gənclər komitəsinin üzvləri oldu. AXCP gənclər komitəsi tərəfindən Əbülfəz Elçibəyə yazılmış şikayət məktubları, arayışlar bilavasitə təsdiq edir ki, Ə.Kərimovun cangüdənləri dəfələrlə partiyada onun tərəfini tutmayanlara qarşı zorakılıq nümayiş etdirib. Eyni zamanda, "Yurd" şefinin cangüdənlərinin AXCP Gənclər Komitəsi üzvlərinə qarşı etdikləri kobudluqla bağlı etirazlar sədrin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayevə, Nəzarət-Təftiş Komissiyasına, Təşkilat şöbəsinə də ünvanlanmışdı.

Alternativ "cəbhə" və ya "12 illik cəbhədaşları 150 dollara dəyişməyə cəsarətim çatmaz"

AXCP Şahbuz rayon NTK üzvü M.Qasımov tərəfindən yazılmış bildirişdə isə göstərilir ki, digər rayonlarla yanaşı, Şahbuzda da Ə.Kərimovun dəstələri alternativ "cəbhə" yaratmaqla məşğul olurdular. Onun ilk məqsədi isə məhz Ə.Elçibəy tərəfindən təsis olunmuş "xalq cəbhəsi"ni sıradan çıxarmaq, onun yerinə yalnız özünə səmərə verəcək "cəbhə" qurmaqdan ibarət olub. Həmin bildirşi sənəd kimi oxuculara təqdim edirik: "05 avqust 2000-ci ildə Fuad Qəhrəmanov və RH üzvü Nizami Quliyev bizim evə gələrək xeyli söhbət etdilər. Söhbət zamanı N.Quliyev bildirdi ki, keçmiş icra hakimi T.Sadıqov, İ.Qəhrəmanov, F. İbrahimov və digər şəxslərlə alternativ cəbhə yaratmaq razılığı almışam. Sən də razı ol, sizə bütün maliyyə köməyi edəcəyəm. Hətta mənə 150 ABŞ dolları vermək istədi. Mən isə ona bildirdim ki, Nizami bəy, 12 illik cəbhədaşları 150 dollara dəyişməyə cəsarətim çatmaz. Ali Məclis üzvü K.Məmmədovdan xahiş edirəm ki, mənim bildirişimi Ali Məclisdə oxusun. Hörmətlə imza: M. Qasımov".

AXCP Şahbuz qəsəbə dayaq dəstəsinin sədri Nüsrət Hüseynov tərəfindən də eyni məzmunlu bildiriş yazılmışdı. O, Ə.Kərimovun adamlarının onu pulla almaq cəhdlərinə etiraz edib: "Bildirirəm ki, 05.08.2000-ci il tarixində AXC-dən deputat Nizami Quliyev Şahbuza gələrək mənimlə görüşdü. Bildirdi ki, yeni şöbə yaratmaq lazımdır və səni də orada görmək istəyirik. Əgər biz dediyimiz formada şöbə yaransa, Ali Məclisə biz dediyimiz şəxs seçilsə, Əli Kərimovu qəbul etsə, biz şöbəyə hər cür maddi vəsait verəcəyik və sizi də gözəl vəzifələr gözləyir.Aydındır ki, mən onun bu və ya digər təkliflərinə etiraz etdim. Sizlərdən xahiş edirəm ki, AXCP-ni parçalamağa yönəlmiş, Nizami Quliyevin və onu pozuculuq işinə göndərən şəxslər haqqında prinsipial qiymətinizi verəsiniz. İmza Hüseyinov: N.H. Məlumatımı AXCP Ali Məclisinin üzvü Kərəm Məmmədova Ali Məclisin sessiyasında Məclis üzvlərinə çatdırmağı xahiş edirəm".

Ardı kəsilməyən etirazlar: "AXCP sədri Əbülfəz Elçibəyə! AXCP Ali Məclisinə! AXCP MNTK-ya!"

AXCP Şahbuz rayon şöbəsi Məclisi də Ə.Kərimovun və "Yurd" fəaliyyətinin özbaşınalıqlarına qarşı etiraz bəyanatı yaymışdır. Həmin bəyanatda Ə.Kərimovun Şahbuz emissarı N.Quliyev xüsusi canfəşanlıq göstərirdi. Bəyanatı tam mətni ilə təqdim edirik: "AXCP-də son dövrlər başlanan proseslər (21 iyul 2000-ci il tarixində verdiyimiz bəyanatda olduğu kimi) rayon şöbələrinə də transfer olunmaqdadır. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvləri rayon şöbələrini gəzərək öz qruplarına xidmət edən alternativ şöbə yaratmağa cəhd edirlər. 04 avqust 2000-ci il tarixdə AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Nizami Quliyev Şahbuz rayonuna gələrək nə AXCP Naxçıvan MR, nə də Şahbuz rayon şöbəsinin rəhbərliyi ilə görüşməyə cəhd etmiş, Xalq Cəbhəsinə qarşı düşmən mövqedə olanlarla görüşərək təcili alternativ rayon şöbəsi yaratmaq məsələsini müzakirə etmişlər. AXCP Şahbuz rayon şöbəsinin bir neçə üzvünə pul və vəzifə təklif etməklə öz tərəfinə çəkməyə cəhd etsə də, rədd cavabı almışdır. AXCP Şahbuz rayon şöbəsi AXCP Ali Məclisi Rəyasət Heyətinin bu cür hərəkətlərini təşkilat daxilində pozuculuq, bölücülük və təfriqəçilik kimi qiymətləndirir. AXCP Şahbuz rayon şöbəsi AXCP sədri Ə.Elçibəydən, AXCP MNTK sədri M.Rəhimovdan və AXCP Ali Məclisindən qəti şəkildə tələb edir ki, AXCP Ali Məclisinin Rəyasət Heyəti buraxılıb yeni tərkibdə seçilsin. AXCP Şahbuz rayon şöbəsinin Məclis sədri, imza: M.Gülmalıyev AXCP Şahbuz rayon şöbəsinin sədri, imza: N.Hüseynov, 08 avqust 2000- ci il".

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər