Müsavat başqanının siyasətdən gedəcəyi ilə bağlı iddialar artmaqdadır
Son günlər Müsavat başqanının post-seçki ərəfəsində siyasətdən gedəcəyi ilə əlaqədar məlumatlar yayılmaqdadır. Belə ki, həmin məlumatlara görə, iddia olunur ki, Müsavat başqanı rəhbərlik postundan partiyanın qurultayı keçirilməmiş uzaqlaşacaq və ümumiyyətlə, siyasi həyatına son qoyacaq. Həmçinin, Müsavat başqanı yaxın qohumlarının təkidi ilə siyasi missiyasını başa vurması ilə bağlı məlumatlar informasiya saytlarında da yerləşdirilib. Məlumata görə, bu barədə qərar Qəmbərovların öz aralarında qəbul olunub. Ailə toplantısı zamanı İ.Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərov Müsavat başqanına müraciət edərək deyib ki, Azərbaycanın indiki iqtidarı xalqa xitab yox, xidmət etmək istəyir və İ.Qəmbər bu reallıqla, yəni xalqın iqtidarı dəstəkləməsi gerçəkliyi ilə barışmalıdır.
Yayındırıcı cavablar xəbərin gerçəkliyini təmin edə bilər
Digər informasiyaya görə, İ.Qəmbər bundan sonra vaxtilə əlaqədə olduğu bütün müxalif siyasi təşkilatlarla əlaqəsini kəsəcək və Türkiyəyə köçüb, orada yaşayacaq. Məhz bu kimi iddialara əsaslanaraq, eləcə də, atalar sözünə istinad edərək, demək mümkündür ki, od olmasa, tüstü çıxmaz. Yəni həmin məsələ mətbuatın gündəminə çıxmasa idi, xəbəri təkzib etmək də mümkün olardı. Amma baş verənlər çərçivəsində İ.Qəmbərin deyil, məhz onun müavinlərinin açıqlama vermələri deyilənlərin həqiqətəuyğun olmasını dolayısı ilə təsdiqləyir. Yəni iddialara bilavasitə Müsavat başqanının özü tərəfindən cavab verilməməsi də maraqdoğurucu amillərdəndir. Bu baxımdan, Müsavat partiyasının məclis sədri Arzu Səmədbəylinin "Mən siyasətlə maraqlanmıram" tipli yayındırıcı cavabı, eləcə də, başqan müavini Tofiq Yaqublunun da qəti söz deməməsi olayın doğruluğuna şübhə yaratmır.
Əli Kərimlinin rolu da istisna edilmir
Artıq sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə də kifayət qədər münasibətlər yayılmaqdadır. Əldə etdiyimiz məlumata görə, həmin münasibətlər içində AXCP sədri Əli Kərimlinin da adı hallanır. Deyilənlərə görə, İ.Qəmbərin siyasətdən getməsi xəbərini məhz "cəbhə" sədri dezinformasiya xarakterində yayıb və burada İ.Qəmbərin qardaşı R.Qəmbərovun heç bir rolu yoxdur. Bu səbəbdən, baş verənləri təhlil edərkən, belə bir qənaətə gəlmək mümkündür ki, 2013-cü illə bağlı artan iddialarda İ.Qəmbəri uzaqlaşdırmaqdan ötrü, Ə.Kərimli bu kimi metoda əl atıb. Sosial şəbəkələrdə Müsavat başqanına qarşı xəyanətkar damğasını vuranlar, həmçinin, onun "fatihəsini" oxuyanlar da məhz Ə.Kərimlinin adamalarıdırlar.
Bütün bunlara baxmayaraq, əgər İ.Qəmbər həqiqətən də, siyasətdən getməyi düşünürsə, bunu etməlidir. Ancaq unutmamalıdır ki, getməmiş, əzəli düşməni olan AXCP sədri Ə.Kərimliyə son zərbəsini vurmalıdır. Əgər bu baş verərsə, Ə.Kərimli də aldığı zərbədən sonra öz uğursuz siyasət dünyasını tərk etmək məcburiyyətində qala bilər. Baş verə biləcək hər iki halda, belə vəziyyətin yaranması, bütövlükdə, Azərbaycan müxalifətinin yeniləşməsinə, sivil qaydalarda formalaşmasına xidmət edə bilər.
RÖVŞƏN RƏSULOV