PDF Oxu

Müxalifət

  • 49

KXCP-dən istefa verən narazıların iddiaları artır

Müsavat isə AXCP-nin planları üzərindən çarpaz xətlər çəkməkdə israrlıdır

KXCP-dən istefa verən narazıların iddiaları artır

KXCP-də sədr Mirmahmud Mirəlioğluya qarşı çıxış edən narazı qüvvələrin "Demokratik Birlik" fraksiyasını yaratmaları müxalifət düşərgəsində yeni qarşıdurmaların yaranmasına şərait yaradıb. Belə ki, həm eyni, həm də müxtəlif qütblərdə fəaliyyət göstərən müxalifət partiyaları "Demokratik Birlik" fraksiyasına "sahib" çıxmağa çalışırlar. Əsas məqsəd, narazı "klassiklər"in yeni partiya yaratmaq adı altında onu siyasi təşkilatların vassalına çevirməkdir. Bu xüsusda ən çox canfəşanlıq göstərənlər isə AXCP və Müsavat partiyalarıdır. Hazırda hər iki partiya arasında "Demokratik Birlik" fraksiyasını mənimsəmək uğrunda ciddi mübarizəyə start verilib.

"Demokratik Birlik" fraksiyası "DBP"-yə çevriləcəkmi?

Bu əsnada, "Demokratik Birlik" fraksiyası yaradan "klassiklər" KXCP-dən istefaya getdikdən sonra, fraksiyanın partiyaya çevriləcəyini eyham vururlar. Belə ki, iki gün öncə, KXCP-nin sədr müavinliyindən istefa verən Rüfət Sahiboğlu da bildirib ki, bundan sonrakı fəaliyyətində "Demokratik Birlik" fraksiyasının genişlənməsi və öz məqsədlərinə çatması istiqamətində davam etdirəcəyəm". Digər narazı müavin Qaya Əliyev də fraksiyanın partiyaya çevriləcəyini istisna etməyib: "Bundan sonra diqqətimi "Demokratik Birlik" fraksiyasının inkişafına yönəldəcəm. Bu fraksiya Nuhun gəmisidir, kim xilas olmaq istəyir, gəlsin."Artıq fraksiyanın partiyaya çevrilməsi istiqamətində həm AXCP-dən, həm də Müsavatdan yararlanmağa səy göstərən eks- "klassiklər" siyasi təşkilatın adını da müəyyənləşdiriblər - "Demokratik Birlik Partiyası".

Situasiya daha da kəskinləşir

Ancaq bu, hələ ki, ehtimaldır. Çünki AXCP öz məqsədinə çatsa da, yəni KXCP-ni parçalamaq iddiasını relallaşdırsa da, Müsavat rəhbərliyi də boş dayanmayıb. Belə ki, fraksiya üzvlərinin Müsavatın qərargahında toplantı keçirmək qərarları "cəbhə" sədri Əli Kərimlinin planlarını alt-üst edə bilər. Məsələ ondadır ki, ilk öncə narazı "klassiklər"i Qaya Əliyevin timsalında öz tərəfinə çəkməyə nail olan AXCP sədri hazırda onları itirmək təhlükəsini yaşayır. Təbii ki, fraksiyaçılar da kimin onlara daha çox diqqət yetirməsindən asılı olaraq, həmin qüvvələrin yanında olacaqlar. Belə bir məqamda Müsavat qərargahının qapılarının onların üzlərinə açılması isə seçkiöncəsi proseslərdə müxalifət düşərgəsində daha kəskin situasiyanın yaranmasına gətirib çıxaracaq. 2013-cü il seçkilərini özləri üçün sonuncu şans olduğunu yaxşı bilən AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər adıçəkilən fraksiyadan yararlanmaq üçün əllərində olan və olmayan bütün təxribatçı vasitələrdən istifadə etməyə hazırdırlar.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər