PDF Oxu

Müxalifət

  • 54

"İctimai Palata"nın mitinq cəhdi hansı məqsədi daşıyır?

Monopoliyaçı "liderlərin" başqa çıxış yolları qalmayıb

"İctimai Palata"nın mitinq cəhdi hansı məqsədi daşıyır?

Bu ərəfələrdə "İctimai Palata"nın monopoliyaçı "liderləri" yenidən mitinq keçirmək məsələsini ortaya atıblar. Ancaq həmin mitinqin baş tutmayacağını indidən söyləmək mümkündür. Belə ki, mitinqin "tələbi" parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidır. Aksiyanın oktyabrın 13-də keçirilməsi nəzərdə tutulsa da artıq bununla bağlı fikir ayrılıqları yaranmağa başlayıb. "İctimai Palata"da təmsil olunan bir sıra şəxslər qarşıdan prezident seçkilərinin gəldiyi bir məqamda, müxalifətin bu kimi qondarma aksiyalar keçirməsini ağılsızlıq adlandırırlar.

Eləcə də, iddia olunur ki, aksiyaların keçirilməsi 2011-ci ilin 11 martında və 2 aprelində olduğu kimi, uğursuzluqla nəticələnəcək. Eyni zamanda, "palata"dan sızan məlumata görə, qurum daxilində təmsil olunan bəzi şəxslər hadisələrin iflasa getdiyini anladıqlarından Müsavat rəhbərliyindən qəti tədbirlər görməyi tələb ediblər. Bəlli olub ki, son günlər İsa Qəmbərin tərəfdarları ilə Əli Kərimlinin tərəfdarlarının münasibətlərindəki gərginlik daha da dərinləşir. Həm üzdə, həm də pərdəarxası müharibə şəraitində olan AXCP-Müsavat bu düşmənçiliklərini sosial şəbəkələrdə daha amansızcasına aparmaqdadırlar. Son günlər əzəli rəqib olan bu partiyaların bir sıra funksionerlərinin kəskin ittihamları mətbuat müstəvisinə də sızıb. Xatırladaq ki, bu ayın əvvəllərində Müsavatın qərargahında keçirilən toplantıda AXCP-Müsavat funksionerləri arasında ciddi mübahisələr dava-dalaşa səbəb olmuşdu. Belə ki, Ə.Kərimlinin yaxını kimi qələmə verilən Rəşid Oqtayoğlu Müsavat partiyasının fəalı Ruslan Bayramovla toplantıdan sonra da "razborkaya" getmişdi.

Xatırladaq ki, bu kimi savaşlar "palata"da daha öncə də baş qaldırmışdı. AXCP-nin Rəyasət Heyətinin üzvü Xaliq Bahadır ilə Müsavat başqanı Gülağa Aslanlı arasındakı ittihamlar buna misal ola bilər. X.Bahadır bu gün də dediyiklərinin üstündə dayandığını bildirir: "Gülağa Aslanlının da, başqalarının da əgər kişilikləri varsa, gerçəyə qulluq edirlərsə, dediklərinin üstündə dursunlar. Kişi kimi desinlər ki, Xaliq Bahadır öhdəlik götürüb, daha nala-mıxa vurmasınlar. Mənim necə öhdəlik götürdüyüm bəllidir... Gülağa Aslanlı partiyası ilə bir yerdə törətdikləri əməllərə cavab versin. Hər şeyi onlar elədilər. Onlar "İctimai Palata"nı bu yerə gətirib çıxardılar. Bu, hamının gözü qabağında olub".

X.Bahadır qarşıdurmaların hələ qabaqda olduğunu da istisna etməyib: "Görünür, Müsavat partiyası ilə mənim savaşım başlayacaq. "İctimai Palata"nın yığıncaqlarında, başqa-başqa toplantılarda gerçəkləri dilə gətirmişəm, Müsavat partiyası az qala hamılıqla ayağa qalxıb, məni tribunadan düşürməyə çalışıb. Bunlar hansı demokratiyadan danışırlar? Bu ölkəyə hansı hökuməti, hansı quruluşu gətirəcəklər? Onların baxışı belədir ki, bir tənqid belə ola bilməz, ancaq tərifləmək olar".

Baş verənlər isə göstərir ki, 13 oktyabr mitinqi məqsədli şəkildə ortaya atılmış növbəti ideyadır. AXCP sədri Ə.Kərimli bu vasitə ilə ictimai rəyi Əbülfəz Elçibəyin zəhərlənməsi məsələsindən yayındırmağa cəhd göstərir.

Müsavat başqanı İ.Qəmbər də partiyanın qurultayının keçirilməməsini, bunun üçün mitinqlərə yer verilməsini istəyir. Amma bu kimi ucuz şouların hansı müddətə qədər davam gətirəcəyini onların özləri də bilmirlər. Bilmədiklərinə görə də, uçuruma doğru daha sürətlə yuvarlanırlar.

AFƏT TAHİRQIZI

Digər xəbərlər