PDF Oxu

Müxalifət

  • 26

Müxalifət növbəti dəfə uğursuzluğa dücar olacaq

Vaqif Abışov: "Müxalifətin gözlənilmədən icazəsiz aksiyaların keçirtmək qərarının verməsinin arxasında xarici qüvvələrin dayandığını söyləmək olar"

Müxalifət növbəti dəfə uğursuzluğa dücar olacaq

Artıq 20 ilə yaxındır ki, müxalifət qüvvələri ölkədə fəaliyyət göstərir. Amma həmin qüvvələr bir addım irəliliyə doğru getmək istədikləri halda, bu cəhd alınmır, əksinə, bu qüvvələr 10 addım geri gedirlər. Son vaxtlar mətbuatda yayılan məlumatlara görə, dağıdıcı müxalifət qüvvələri yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyi planlaşdırırlar. Uzun müddət susan və hər hansı bir fəaliyyəti ilə diqqəti cəlb edə bilməyən müxalifətin gözlənilmədən fəallaşması nə ilə izah oluna bilər?

Müxalifət qüvvələrinin gözlənilmədən icazəsiz yürüş-mitinq keçirtmək qərarının verməsinin arxasında hər hansı bir daxili və xarici qüvvələrin dayandığını söyləmək olarmı? Dağıdıcı müxalifət aksiyalar keçirməklə nəyə nail olmaq istəyir? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov qeyd etdi ki, hər zaman müxalifət qüvvələri bu cür xoşagəlməz hərəkətlərə əl atıb. Ölkədə hər hansı aksiyaların keçirilməsi üçün nə isə bir səbəb olmalıdır. Amma ölkədə aksiyaların keçirilməsinə heç bir səbəb yoxdur. Əgər müxalifət qüvvələri icazəsiz aksiyalar keçirsə belə, yenə də sonda uğursuzluğa dücar olacaqdır. Çünki heç vaxt müxalifəti təmsil edən qüvvələr tərəfindən keçirilən aksiyalar baş tutmayıb. Bunun da səbəbi onların sosial bazalarının yetərincə olmaması ilə bağlıdır. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin ölkədə icazəsiz aksiyalar keçirməyə cəhd etmələri heç də müsbət hal kimi qiymətləndirilə bilməz.

V.Abışovun sözlərinə görə, müxalifətin gözlənilmədən icazəsiz aksiyalar keçirtmək qərarını verməsinin arxasında xarici qüvvələrin dayandığını söyləmək olar. Demək olar ki, bu gün bir sıra xarici qüvvələr ölkəmizdə hər hansı xoşagəlməz hadisələrin baş verməsində maraqlıdır.

V.Abışov sonda bildirdi ki, müxalifətin aksiyalar keçirməkdə məqsədi 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədardır. Müxalifət qüvvələrin bu cür aksiyalar keçirməklə öz varlıqlarını nümayiş etdirmək və bir müddət də olsa gündəmdə qalmaq istəklərini nümayiş etdirmək istəyirlər. Amma birmənalı mövqe ondan ibarətdir ki, müxalifətçilərin dağıdıcı qanadının nəzərdə tutduğu pozucu planlarını həyata keçirmələri mümkün olmayacaq.

GÜLYANƏ

Digər xəbərlər