Hələ ki daxildə yeni başqanın kimliyi müzakirə olunur
Müsavatın qurultayı ciddi problemə çevrilib. Çünki qurultayın keçirilməsi təkcə sosial bazanın olmaması ilə deyil, eyni zamanda, başqan məsələsinin müəyyənləşməsi ilə bağlıdır. Mətbuatda qurultay açıqlamaları ilə tez-tez görüntü yaradan Tofiq Yaqublu son vaxtlar susub və məsələyə münasibət bildirmir. Bütün bunlar Müsavat daxilindəki çaxnaşmalarla əlaqədardır. 2013-cü il seçkiləri yaxınlaşdıqca, Müsavat başqanı İsa Qəmbərin ömrü qısalır.
Artıq onun devrilməsi ilə bağlı Müsavat daxilində ciddi kampaniya başlayıb. Bu işlərə rəhbərlik edən Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı artıq özünə tərəfdarlar toplamaqla məşğuldur. Lakin belə olan halda, A.Hacılı mətbuata tərs açıqlama verib, özünü şübhəli aparmır. Müsavat daxilidən verilən son açıqlamalara görə, İ.Qəmbər başqanlıqda qalmalı və seçkiyə başqan kimi getməlidir. Belə bir qeyri-ciddi fikirlərlə Arif Hacılı, Müsavat Məclisinin üzvü Qalabəy Ağalar, Müsavat partiyası məclisinin sədri Arzu Səmədbəyli çıxış edib. Amma qurultayın keçirilməməsi isə bunların fikirlərini alt-üst edir. Çünki A.Hacılı qurultay keçirmək üçün hələ də ciddi səy göstərmir. 2013-cü ilin ilk aylarında qurultay bəhanəsi ilə başqanın devrilməsi, hələ ki, müzakirə predmeti olaraq qalır. Qurultay üçün müvafiq yeri bəhanə edən Müsavat təmsilçiləri absurd fikirlər səsləndirərək, onlara münasib yerin ayrılmamasınından gileylənirlər. Hansı ki, bunların məqsədi qurultay keçirmək deyil. Müsavat başqanı İ.Qəmbərə bir deyən lazımdır ki, hec olmasa, "ayağını yorğanına görə uzat". Çünki 800-1000 nəfərlik yer istəyirsiniz. O yerləri hansı sosial baza ilə dolduracaqsınız. Belə baxanda, heç AXCP ilə Müsavatın ətrafında sədrləri qarışıq 800 adam yoxdur.
Pənah Hüseyn qurultay keçirdi, İsa Qəmbər qaldı
Oktyabrın 7-də Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Partiyasının II qurultayı keçirilib. Belə çıxır ki, Müsavat başqanı İ.Qəmbər Pənah Hüseyndən fərsizdir. Necə olur ki, neçə müddətdir guya özünü daşa-dəmirə çırpan Müsavat qurultay keçirmək üçün yer tapa bilmədiyi halda, P.Hüseyn Müsavatın içində qurultay keçirir?! Bu, bir daha onu göstərir ki, Müsavat qurultay keçirmək marağında deyil. Sən demə, Müsavatın qərargahı qurultay keçirmək üçün tamamilə yararlıdır. Lakin bunu yararsız hesab edən elə, Müsavatın yaramaz funksionerləridir. Müsavat yetkililəri yaxşı anlayırlar ki, onlar qurultay keçirsələr, tərəfdar toplaya bilməyəcəklər. Əgər söhbət yerin ayrılmasından gedirdisə, P.Hüseyn Müsavatın bu bəhanələrini ifşa edərək, onun növbəti yalanını üzə çıxardı. Hələ İ.Qəmbər utanmaz-utanmaz AXP-nin qurultayında qonaq qismində çıxış edib. Bir vaxtlar P.Hüseyni "vahid namizəd" məsələsində top atəşinə tutuan İ.Qəmbər AXP qurultayındakı çıxışında deyib ki, "AXP hər zaman Müsavatın yanında olub. Bütün seçkilərdə sizin dəstəyinizi və köməyini görmüşük". Hansı ki, bu qüvvələr daim bir-birləri ilə çirkin mübarizə aparıb.
Babək Hacıyev