İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis... HÜSEYN CAVİD
Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə, lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...
(Əvvəli ötən sayımızda)
"Yurd" şefinin anti-Elçibəy yazıları səngimirdi
"Yurd" şefi Əli Kərimovun əlində muzdla saxladığı müxalifətyönlü medialar vasitəsilə lideri Elçibəyə qarşı tənqid və təhqir dolu yazıları tükənmək bilmirdi. Bu müstəvidə əsas rolu "Azadlıq" qəzeti oynayırdı. Belə ki, Bahəddin Həziyev də "Yurd" şefinin qələm dağarcığı kimi bilavasitə Ə.Kərimovun göstərişi əsasında anti-Elçibəy tipli yazılarını qəzet səhifəsinə çıxarırdı. Buna misal kimi "Azadlığ"ın manşetinə çıxarılmış "Bron demokratiyası" başlıqlı yazısında deyilirdi: "...Keçmiş prezidentin qaranlıq gələcəyi, yaxud həqiqət harda doğulur? Dördillik siyasi məzuniyyətdən qayitdıqdan sonra "yarımştat" lider olaraq qalan keçmiş prezidentin indi qəflətən "iriçaplı" xarici turnelərə çıxması inkişafın işartılarıdır... Ən dəhşətlisi budur ki, öz səhvləri və ya bilərəkdən etdiyi siyasi gedişləri nəticəsində, az qala "siyasi müflis" halına gəlmiş keçmiş prezident zərərli manerasından əl çəkmir".
Digər "Yurd" muzdlusu Ləman Əliəşrəfqızı isə "Elçibəy iki dəqiqə danışacaq" başlıqlı məqaləsində Ə.Kərimovun dilindən yazırdı: "İslahatçıların artan nüfuzuna əngəl yaratmaq və ictimai rəyə "sülhpərvər" imicilə təqdim olunmaq taktikasına uzun müddət üstünlük verirdi - burada həm "müdrik barışdırıcı" obrazının güclənməsinə, həm də "dalaşan uşaqların" qarşılıqlı olaraq bir-birini zəiflətməsinə "stavka" olunurdu".
Bütün bunlarla yanaşı, "Mitinq olmayacaq - Məsuliyyəti üzərinə götürən AXCP sədri aksiyaya 1 gün qalmış Bakını tərk etdi" adlı, eləcə də, "Cəbhəçilər Pənah Hüseynova hücum etdilər", "Oyunçular", "Yenə 17 iyun", "Mitinq təxirə salındı" "Bomba -adam, yaxud nəcib ideyaların dəfn mərasiminə xoş gəlmisiniz!", "Elçibəy AXCP-ni parçalayır","Elçibəy çaşıb qalıb","Özünəhörmətsizliyin zirvəsi. Bu, təkcə Elçibəyə aid deyil" kimi müxalifət mətbuatında gedən yazılar da bu xüsusda idi.
Həmçinin, Qənimət Zahidovun "Dırnaqlı plüralizmin caynaqları", " Xalq Cəbhəsinin stasionar müalicəyə ehtiyacı var" adlı yazıları "Yurd" qruplaşmasının Elçibəyə etdiyi xəyanətlərin tərkib hissəsidir. Yəni qeyd edilən yazıların hər birində Ə.Kərimovun dəsti-xətti daha çox nəzərə çarpırdı.
"...Ona görə də bəy hesabat verməlidir"
"Siz buna məhkumsunuz" məqaləsində isə yazılırdı: "Elçibəy gecəyarısı çox müəmmalı şəkildə dogma kəndi üçun qəribsədi və Kələkiyə uçdu... Böyük bəy casusları çox sevdiyi üçün hər gün evində və ya ölkənin ən bahalı restoranlarından birində onlara qonaqlıq verə bilər... Əbülfəz Elçibəyin hansısa istəyi ucbatından mən, qohum-qardaşım, tanıdığım və tanımadığım insanlar, nəhayət, bütün millət əziyyət çəkir. Həmin o bivecliyin sonucunda Bayıl həbsxanalarında boş yer qalmayıb... Ona görə də bəy hesabat verməlidir.Onsuz da qısa olan ömrümüzün neçə ilini əzab və məhrumiyyətlər içində keçirməyimizin baiskarı kimi! O, milyonların etimadını yerə vurub aradan çıxdığı üçün hesabat verməlidir! Millətin inamını oğurlayıb başqa birinin xeyrinə oynadığı üçün insanlara cavab verməlidir."
Araz Zeynalov adlı "Yurd"çu jurnalist "Mitinq olmadı. Siz nə gözləyirdiniz ki?" başlıqlı məqaləsində Elçibəyə qarşı hesablanmış köşə yazısında qeyd etmişdi ki, bu işin məsuliyyəti bütün mitinqlərdən ciddi-cəhdlə yayınan Əbülfəz Elçibəyin üzərinə qoyulanda mən əmin idim ki, mitinq olmayacaq: "... Düz yeddi il öncə adamların inamına tüpürüb kreslosunu kirayə verən şəxs proseslərin həlledici məqama apardığı vaxtda bir daha hər şeyi alt-üst edə bildi.Göyçay xalqını xoşbəxt etməyə gedən Bəy məsuliyyəti öz üzərindən atmağın yolunu yenə də qaçmaqda gördü... Əbülfəz Elçibəy son gedişi ilə bir daha siyasi ömrünü başa vurduğunu təsdiqlədi. "Böyük Turan" deyib boğazının damarları şişənə qədər qışqırmaqdan, "Təbrizim" mahnısına BAB-ın iclaslarında hönkür-hönkür ağlamaqdansa, Bakı küçələrində Təbrizin yolunu yaxınlaşdıran "azad seçki", "istefa" şüarlarını səsləndirib mübarizə aparmaq daha yaxşı olardı..."
Əli Kərimov: "Elçibəy ətraf mühiti zəhərləyə bilər"
Qeyd edək ki, bu gün VHP sədri olan Sabir Rüstəmxanlı da Elçibəyin son illərində ona tərəf deyil, məhz Ə.Kərimova yaxınlıq edirdi. Belə ki, bunu S.Rüstəmxanlının həmin dövrlərdə "Mən mitinqin keçirilməsinə təkid etmişəm" yazısından da görmək mümkündür: "...Yeddi il bundan öncə olduğu kimi, Xalq Cəbhəsinin sədri yenə də gizli şəkildə paytaxtı tərk etdi. Həlledici qərarın qəbul olunduğu iclasda iştirak etməkdən boyun qaçıran eks-prezident yeddi il öncə olduğu kimi, yenə də proseslərə əyalətdən "müdaxilə" etməyə üstünlük verdi. Beləliklə, Elçibəy yenə də öz ampluasındadır: o, məsuliyyəti başqalarının üstünə atmaq istəyir. Eyni zamanda, birinci müavindən "qisas" alır və özünün səhv qərarını onun üzərinə yıxır. Adıçəkilən iclasda iştirak edən Əli Kərimovun ancaq sədrinin qərarını DK-ya çatdırmaq səlahiyyətinin olmasına isə çoxları əhəmiyyət vermir... Elçibəyi müdafiə etmək, intihara bərabərdir."
"Partiyadaxili müxalifətin qəbul etdiyi qərarlar tanınmayacaq" yazısında Əli Kərimovun dediklərindən: "Son günlər Əbülfəz bəylə danışmaq mümkün olmayıb. Çünki o, intensiv müalicə alır və həkimlər tərəfindən ətraf aləmdən təcrid edilib, çünki o, ətraf mühiti zəhərləyə bilər..."
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU