Və ya sifarişli mitinqlər dalğası yenidən İsa Qəmbərlə Əli Kərimlini vuracaq
Hər kəsə bəllidir ki, dünyanın sosial-siyasi hərəkatlar, mitinqlər tarixi XIX əsrdən başlanır. Bu dövrdən başlayaraq, kapitalizmin inkişafı ilə əlaqəli olaraq, şəhərlərarası inteqrasiyanın güclənməsi sonda insanların siyasi və sosial hüquqları uğrunda mübarizə aparmasına rəvac verirdi. Bu isə əsasən, imperiya dövlətləri daxilində olan ayrı-ayrı xalqların siyasi aktivliyilə müşahidə olunurdu. Yəni, qısa arayış onu göstərir ki, mitinqlərə və ya aksiyalara cəmiyyət daxilində zəmin və sifariş olmalıdır. Təbii ki, sosial sifariş olmadığı təqdirdə, həmin mitinq və ya aksiya iflasa uğrayacaq, ucuz şou kimi məzhəkə obyekti olacaq.
Dünyanın bir hissəsində sosial sifarişli mitinqlər baş verir
Aydındır ki, 2008-ci ildə başlanan maliyyə və iqtisadi böhran nəticəsində çox ciddi zərər çəkmiş dövlətlərin ərazisində sosial narazılıqlar da baş qaldırmaqdadır. Böhranın təsirlərinin, əsasən, bank-maliyyə sistemində müşahidə olunduğundan iş yerlərinin ixtisarı və maaşların azaldılması və ya heç verilməməsi sonda mitinqlərə, aksiyalara gətirib çıxarır. Məhz bu cür mitinqlərə və ya aksiyalara sosial sifarişlilik mahiyyəti vermək mümkündür. ABŞ-da, Avropanın Almaniya, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya kimi dövlətlərində müxtəlif sahələrin işçilərinin piketlər, tətillər və mitinqlər keçirməsi söylənilən kontekstdəndir. Lakin elə ölkələr var ki, orada sosial sifariş olmadan, hansısa qüvvələr korporativ maraqlar naminə mitinqlər keçirməyə cəhd göstərirlər. Bu da həmin cəmiyyətlərdə qərəzli dairələrin siyasi sifarişini yerinə yetirən qaragüruhçulara qarşı nifrət yaradır. Məhz bu cür qaragüruhçular Azərbaycanda da var...
Azərbaycanda sosial-iqtisadi və siyasi sabitlik maksimal səviyyədədir
Lakin Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət sabitdir, hətta maksimal səviyyədədir. Respublikada demək olar ki, işsiz adam qalmayıb, hər ay isə onlarla yeni iş yerləri və müəssisələr açılır. Həmçinin, sahibkarlığın inkişafı üçün "bir pəncərə" sistemi tətbiq edilib, onların sərbəst fəaliyyəti üçün bütün mümkün imkanlar yaradılıb. Hər il yüz milyonlarla manat kreditin verildiyi sahibkarlar artıq Azərbaycanda bir sinif kimi formalaşıb. Məhz təsadüfi deyil ki, ölkədə yerli sərmayə 90 faiz səviyyəsindədir.
Bir sözlə, həyata keçirilən praqmatik iqtisadi-sosial siyasət nəticəsində Azərbaycan dünya böhranının dağıdıcı dalğalarından yan keçdi və bu tendensiyadan az itki ilə çıxa bildi. Bu səbəbdəndir ki, bu gün ölkəmizdə hər hansı sosial narazılıq və mitinqlərə sosial sifariş yoxdur. Yalnız müəyyən qruplardır ki, şəxsi siyasi maraqlarını qeyri-qanuni yollarla reallaşdırmağa cəhd göstərən narazılar mövcuddur. Amma bu, Azərbaycan cəmiyyətində meqa narazılığın olması demək deyil...
Radikal müxalifətin mitinq arzusu ucuz şoudan başqa bir şey deyil
Belə bir şəraitdə qərəzli dairələrin siyasi sifarişilə mitinq keçirmək istəyən radikal müxalifətin cəhdləri ucuz şoudan başqa bir şeyə çevrilmir. Xüsusilə də, bəzi işbazların hərisliyi nəticəsində ortaya çıxmış xoşagəlməz hadisələri məqsədli şəkildə siyasiləşdirməklə, müxalifət oyun oynamağa başlayır. Elə radikal müxalifətin nəzarətində olan mətbuat orqanlarında korrupsiya oyununun bilərəkdən şişirdilməsi də eyni məqsəddən irəli gəlir. İsa Qəmbər və Əli Kərimli bu oyundan sui-istifadə etməklə, həmçinin, "beşinci kolon" funksiyasını da yerinə yetirmiş olur ki, bunun da müqabilində haqqını alır...
İcazəsiz mitinqin keçirilməsində məqsəd nədir?
Qeyd edildiyi kimi, əsassız iddialarla çıxış edən radikal müxalifət icazəsiz mitinq keçirməkdə də müəyyən məqsədlər güdür. Belə ki, son dövrlər ərzində özünü demokratik dövlətlər kimi qələmə verən hakimiyyətlər sosial tələblərlə çıxış edən insanlara qarşı olmazın qəddarlıq nümayiş etdirirlər. Hətta itlərə belə insanları yedizdirən həmin hakimiyyətlər çalışırlar ki, həmin prosesləri xəyali olaraq, başqa dövlətlərə transformasiya etsinlər. Elə bu işdə də radikal müxalifət kimi qısır qüvvələrdən istifadə edirlər. İcazəsiz mitinq taktikası isə əvvəldə qeyd etdiyimiz transformasiya problemilə bağlıdır. Yəni, icazəsiz mitinqin qanunlara zidd olmasından irəli gələrək, onun hüquq-mühafizə orqanları tərəfindən qarşısının alınması halı baş verə bilər. Elə bu vəziyyətdə polislə toqquşmaya gedəcək radikal müxalifətin nümayəndələri qan tökməyə də cəhd göstərəcək. Çünki imici zədələnmiş bəzi qüvvələrin siyasi sifarişi ondan ibarətdir ki, Azərbaycanda qarşıdurma səhnəsi qurulsun. Bunun da mətbuat vasitəsilə geniş yayımlanması həyata keçirilsin. Beləliklə də, qurulmuş səhnəyə görə, radikal müxalifət haqqını alır, qərəzli qüvvələr isə Azərbaycana təzyiq etmək üçün vasitə əldə edirlər.
Müxalifətin bu həftənin sonuna planlaşdırdığı mitinqini daha aydın şəkildə ifadə edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, onların aksiyaları mövsümi xarakter daşıyır: "Misal üçün, görürsünüz, aksiyalar yazda, payızda keçirilir. Görünür, pulları qurtarıb, beynəlxalq təşkilatlardan bir az pul almaq lazımdır, çünki qarşıdan qış tətili gəlir, ona hazırlıq görürlər. Yazda aksiya keçirib sanatoriyalara gedirlər, indi də qışın tədarükünü görmək istəyirlər".
Onun sözlərinə görə, ümumiyyətlə, onların sosial bazası, elektoratı yoxdur, onlar aksiyalar keçirməklə özlərinin beynəlxalq təşkilatlar qarşısında lüzumlu olduqlarını göstərmək istəyirlər. Ancaq Azərbaycanda artıq onların lüzumsuz olduğu bütün xalqa bəllidir. S.Novruzov onu da qeyd edib ki, aksiya sərbəst toplaşma azadlığının tələblərinə uyğun olmalıdır. "Bakı şəhər İcra Hakimiyyəti hansı yeri müəyyənləşdirəcəksə, onlar da aksiyanı orada keçirməlidirlər. Digər halda, qeyri-qanuni aksiya keçirilərsə, bunun qarşısı alınacaq", - deyə YAP rəsmisi bildirib.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Mübariz Qurbanlı isə müxalifətin növbəti dəfə keçirməyi planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib ki, onlar bütün vasitələrdən istifadə edərək ictimaiyyətdə hakimiyyətə qarşı mənfi rəy formalaşdırmağa çalışır.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin bölgələrə (Tərtər, Bərdə, Yevlax və Zərdab) səfəri zamanı orada görülən işlər və əldə olunan uğurlar hər kəsin gözü qarşısındadır: "Bu şəraitdə müxalifət istənilən seçkilərdə məğlubiyyətə düçardır. Bunu hiss edən müxalifət qarayaxma və hay-küylə məşğuldur. Müxalifət gündəmdə qalmaq üçün Azərbaycanda müxtəlif mənfi hadisələrin baş verməsi arzusu ilə yaşayır. Onlar Azərbaycanda baş verən təbii fəlakətlərdə də hakimiyyəti günahlandırmağa çalışırlar. Bu müxalifətin perspektivi yoxdur. Müxalifət həm ideoloji, həm psixoloji, həm də siyasi cəhətdən tükənmiş bir düşərgədir".
Mitinq dalğası elə radikalları vuracaq
Amma elə indidən gün kimi aydındır ki, əvvəllər olduğu kimi, bu dəfə də radikalların mitinq təxribatı baş tutmayacaq. Çünki onların mitinq adlandırdığı "piknik"ə heç yüz nəfər də gəlməyəcək. İstər "Euovision-2012", istərsə də ondan sonrakı dövr ərzində radikalların çirkin oyunlarının məqsədini anlamış cəmiyyətimiz onların neqativ fəaliyyətlərinə elə yerindəcə yox deyib. Bu səbəbdən də, radikalların arzusu, qərəzli dairələrin də sifarişləri reallaşdırılmamış qaldı. Düşünürük ki, elə bu dəfə də radikal müxalifətin cəhdləri uğursuzluqla nəticələnəcək, mitinq dalğası isə elə İsa Qəmbərlə Əli Kərimlini vuracaq.
"Səs" Analitik Qrupu