PDF Oxu

Müxalifət

  • 57

Mirmahmud Mirəlioğlu təhdid etdi

KXCP sədri ona qarşı çıxanları ölümlə hədələyib

Mirmahmud Mirəlioğlu təhdid etdi

KXCP-də baş verən məlum olaylar çərçivədən çıxmaqla yanaşı, artıq şəxsi müstəviyə keçməkdədir. Belə ki, partiyanın Ali Məclisinin qapalı keçirilmiş iclasında yaşanan qalmaqallar da bunu deməyə əsas verir. "Demokratik Birlik" fraksiyasının gah AXCP-yə, gah da Müsavata tərəf meyllənmələri, həmin hadisələr fonunda təhqirlər və təhdidlərin yer alması vəziyyəti daha da mürəkkəbləşdirir. Artıq məzuniyyətdən geri qayıdan "klassiklər"in sədri M.Mirəlioğlu həm "cəbhə"yə, həm də müsavatçılara qarşı barmaq silkələyib. O, bununla deyib ki, KXCP-yə qarşı deyilən hər bir ifadə onlara baha başa oturacaq. Ancaq bu təhdidin ardınca daha kəskini işlədilib. M.Mirəlioğlu həm fraksiyaçıları, həm də onlara dəstək verən digər qüvvələri ölümlə hədələyib.

Eyni zamanda, Mirəlioğluna qarşı çıxan Ədalət Yusibov demişdi ki, KXCP sədri gözlədiyimiz addımı atmasa, Ali Məclisdə səsləndirdiyimiz fikirləri, səbəbləri ictimailəşdirəcəklər. Məhz bu baxımdan, KXCP sədri ona qarşı olan təzyiqləri təhdidlə qarşılayıb: "Mənimlə heç kim şərt dilində danışa bilməz... Kimsə nə istəyəcəksə edəcək və hər kəs göstərdiyi fəaliyyətə görə cavabdehdir. Mən hesab edirəm ki, Ədalət bəy məclisin ona verdiyi qiyməti dəyərləndirməlidir".

"Çox böyük və çapına uyğun danışmayanlar da var..."

AXCP və Müsavatın "Demokratik Birlik" fraksiyasını ələ keçirmək cəhdlərini də mənfi qiymətləndirən KXCP sədri burada bilavasitə Əli Kərimliyə və İsa Qəmbərə xəbərdarlıq edib. O, qarşı tərəfi "suyubulandıranlar" adlandırıb: "Burada kənar sui-istifadə, suyu bulandıranlar var... Kənardan məsələlərə münasibət bildirənlər, özündən müştəbehlər var. Çox böyük və çapına uyğun danışmayanlar da var... Bunun nöqsanlı cəhəti mənim şəxsimə aiddir...Sözünə, özünə və hərəkətinə nəzarəti itirən adamlar var. Ola bilsin ki, bizim sıralarımızda da var. Amma o düşərgədə belələri var və bu, onlara xəbərdarlıqdır ki, özlərini yığışdırsınlar, başqanlarının ətrafında başqan səviyyəsinə uyğun fəaliyyət göstərsinlər".

"Dediyim kimi, milli zəmində, təhqiramiz şəkildə ölüm işləri var"

Özünə qarşı da təhdidlərin olduğunu deyən Mirmahmud Mirəlioğlu bundan heç nə anlamadığını deyib və sosial şəbəkələrdə əleyhinə yazılar yazanlara barmaq silkələyib: "Mən olmadığım dövrdə, bilirəm ki, bir neçə təhdidlər, hərəkətlər olub. Bunları təzə-təzə öyrənirəm. Gələnlər, danışanlar olub. Mən sosial şəbəkə məsələsini elə-belə demədim. Hesab edirəm ki, hər kəs ehtiyatlı olmalıdır. Dediyim kimi, milli zəmində, təhqiramiz şəkildə ölüm işləri var. Odur ki, bu adamlar ehtiyatlı olmalıdırlar. Mən həm də, ona görə günah məndən getdi deyirəm ki, belə hadisə baş verərsə, mənim və tərəfdarlarımın heç bir iştirakı ola bilməz. Bu bəyanatı verirəm və hüquq-mühafizə orqanlarını xəbərdar edirəm".

Məhz bütün bunlardan sonra düşərgədə artan gərginlik vəziyyətin yaxşılığa doğru getmədiyini təsdiqləyib. Maraqlı məqam isə odur ki, bu gün M.Mirəlioğlunun ölümlə təhdid etdiyi partiya sədrləri kimlərdir? Yəqin ki, bu sualın cavabını yaxın günlərdə görəcəyik.

R.Hüseynova

Digər xəbərlər