"Demokratik Birlik" fraksiyasının Müsavat qərargahındakı ikinci iclası siyasi müxalifətin vəziyyətini daha da gərginləşdirib
"KXCP"-də Mirmahmud Mirəlioğludan narazı olan qüvvələrin ard-arda öz sədrlərinə qarşı sarsıdıcı zərbələr vurması artıq partiyalararası nifaqı daha da dərinləşdirib. Onu da qeyd edək ki, sözügedən narazılar qrupunun ilk öncə AXCP-yə meyllənmələri, sonradan isə istiqamətlərini Müsavata tərəf yönləndirmələri 2013-cü il seçkilərindən qabaq müxalifətdə ciddi təlatümlərin baş qaldıracağndan xəbər verir. Artıq bu gedişləri ilə "cəbhə" sədrinin əlini boşa çıxarmış narazı "klassiklər" Müsavat partiyası vasitəsilə fraksiyalarını "Demokratik Birlik Partiyası"na çevirməyi düşünürlər.
Əlbəttə ki, cərəyan edən hadisələri AXCP- Müsavat qarşıdurmasının məntiqi nəticəsi kimi də dəyərləndirmək mümkündür. Amma bütün bunlara rəğmən, narazıların sükanı bu dəfə AXCP-nin əlində deyil, Müsavatın əlindədir. Əbəs yerə deyil ki, hazırda "KXCP" sədri M.Mirəlioğlu məhz Müsavat partiyasını baş verənlərdə ittiham edir. Və belə ittihamlar daha öncə də olmuşdu. Xatırladaq ki, "klassiklər"in sədri Ali Məclis toplantısında İsa Qəmbərə xitabən demişdi ki, onun əməlləri partiyasına baha başa gələcək. Amma buna rəğmən, "Demokratik Birlik" fraksiyası artıq ikinci dəfə Müsavatın qərargahında toplantı keçirib.
Mirmahmud Mirəlioğlu: "Bizim bu məsələ ilə bağlı adekvat cavabımız olacaq"
Müsavata qarşı növbəti sərt ittihamları ilə barmaq silkələyən M.Mirəlioğlu bu dəfə daha kəskin bəyanat verərək bildirib ki, iclasın "KXCP" ilə heç bir bağlılığı yoxdur: "Bu iclasın Müsavatın qərərgahında keçirilməsinə rəvac verənlər müxalifətin birləşməsini istəməyənlərdir. Bizim bu məsələ ilə bağlı adekvat cavabımız olacaq".
"KXCP" sədrinin sözlərindən belə çıxır ki, onun ilk ultimatumunu dinləmək belə istəməyən Müsavat yetkililəri qarşı tərəfə, rinq yarışlarında olduğu kimi, "əlcək" atmış olublar. O isə həmin "əlcəyin" cavabsız qalmayacağını, aqressiya ilə nəticələnəcəyini və adekvat addımın atılacağını bildirməklə, hədədə bulunub.
Eyni zamanda, "Demokratik Birlik" fraksiyasında təmsil olunanların artıq "KXCP" təmsilçiləri olmadığını da deyən M.Mirəlioğlu baş verən proseslərin "klassiklər"ə aidiyyatının olmadığını deyib.
Partiya sədri bildirib ki, həmin toplamtıda iştirak edənlərin KXCP-yə bağlılıqları yoxdur: "KXCP"-nin öz qərərgahı var. Onlar "KXCP"-yə aid olsaydılar, toplantılarını məhz bizim qərərgahda keçirərdilər. Biz müxtəlif təşkilatlara, partiyalara həmin məkanda toplantı keçirməyinə şərait yaradırıq. Hər kəs öz əkdiyini biçəcək".
Göründüyü kimi, ortada maraqlı situasiya yaranıb. Burada üç müxalifət partiyasının AXCP-nin, Müsavatın və "KXCP"-nin seçkiöncəsi amansız mübarizələri start götürüb ki, nəticədə, kimin qalib olacağı deyil, hansının müxalifət düşərgəsində qalacağı məsələsi daha çox özünü göstərməkdədir. Ancaq ötən illərə nəzər salsaq, görərik ki, bu kimi qeyri-standart siyasi mübarizələrdə qalib olmur.
AFƏT TAHİRQIZI