"ACP" AXCP və Müsavata qarşı müharibə elan edibmi?
"Məşvərət Məclisi"nin müxalifət düşərgəsi daxilində növbəti qütb yaratması digər qurum və birliklərin fəaliyyətlərinə qarşı baryer rolu oynamağa başlayıb. Belə ki, daha çox "İctimai Palata"nın düşərgədaxili təşəbbüsü ələ alması məhz "Məşvərət Məclisi" tərəfindən kəskinliklə müşahidə edilməkdədir. Bu amil həm də onun göstəricisidir ki, qurumdaxili inhisarçılar, eləcə də, müxalifət düşərgəsində reallaşdırılmağa çalışılır. Bu baxımdan, 2013-cü il öncəsi estafeti ələ keçirmək uğrunda aparılan savaş sözügedən xarakterdə cərəyan etməkdədir. "Məşvərət Məclisi"ni inhisarına ala bilmiş, "ACP" lideri Rəsul Quliyev sözçüsü qismində çalışdırdığı sədr Sülhəddin Əkbərə yeni planlarını açıqlayıb. Həmin planın tərkib hissəsi də məhz "palata"ya və onun inhisarçı liderlərinə qarşı yönəlib.
Sülhəddin Əkbər: "Biz səylərimizi sona qədər davam etdirəcəyik"
Əlbəttə ki, qurumlar daxilində əks tərəflərin liderlərinə işləyən muzdlu emissarlar da mövcuddur ki, onların əsas işləri işlənilmiş gizli planlar barədə informasiyaları qarşı tərəflərə çatdırmaqdan ibarətdir. Söz yox ki, həm "Məşvərət Məclisi"ndə "İctimai Palata"ya, həm də əksinə, "İctimai Palata"da "Məşvərət Məclisi"nə işləyənlər kifayət qədərdir. Ona görə də burada "ACP" sədri Sülhəddin Əkbərin də açıqlamaları maraqdoğurucu amillərdəndir. Belə ki, yuxarıda vurğulandığı kimi, müxalifətdaxili inisiativləri tam şəkildə əldə etmək məqsədi ilə "ACP"-nin inhisarı altına keçmiş "Məşvərət Məclisi" guya ümummüxalifət birliyinin yaradılması üçün "İctimai Palata"ya təklif göndərib. Ancaq yada salsaq ki, hələ bir müddət bundan öncə qurumun konfransına qatılmaqdan imtina etmiş AXCP və Müsavat bütövlükdə "Məşvərət Məclisi"ni boykot etmişdir, bu zaman ortada həqiqətən də heç bir səmimiyyətin olmadığının şadininə çevrilərik. Ona görə də S.Əkbərin vəziyyətdən yayınaraq, "İP"-lə müzakirələr aparmaq istəyi, yaxud da qeyri-rəsmi müzakirələrin aparılması iddiaları real görünmür. Ancaq buna baxmayaraq, S.Əkbər həm "ACP" sədri, həm də "Məşvərət Məclisi"nin monopoliyaçı qüvvəsi olaraq qarşı tərəfə müharibə elan etdiyini də gizlətməyib. Bunu onun üstüörtülü təhdidlərindən də anlamaq çətin deyil: "...Biz səylərimizi sona qədər davam etdirəcəyik".
Yəni "İP", eləcə də, həmin qurumun liderləri olan AXCP və Müsavat rəhbərləri blməlidirlər ki, "ACP"-nin, yaxud "Məşvərət Məclisi"nin də atacağı addımları onlar üçün yaxşı sonuc verməyə bilər. Hətta bunun üçün səylər sona qədər davam etdiriləcək.
Planın tərkib hissəsi: "Amma bizə şifahi məlumat da verilməyib"
Başqa tərəfdən, həm Rəsul Quliyev, həm də Sülhəddin Əkbər əldə etdikləri birgə razılıqdan sonra Əli Kərimliyə, eyni zamanda, İsa Qəmbərə birlik təklifi versələr də qarşı qütbdən istədikləri cavablarını ala bilməyiblər. Yəni "ACP" rəsmiləri bunu qabaqcadan da bilirdilər. Sadəcə, siyasi dividend almaq xatirinə, müxalifətdə "birlik" yaratmaq imitasiyasını nümayiş etdirməkdən ötrü, eyni zamanda, "İctimai Palata"nın, həmçinin, AXCP və Müsavatın parçalayıcı olduqlarını sübuta yetirməkdən ötrü, onlar həmin planı işləyib-hazırlayıblar. Bu baxımdan, onların sözügedən planları öz daxillərindən "İctimai Palata"ya sızdırılıb. "Palata"nın rəsmi inhisarçıları isə guya bu barədə fikirləşdikdən sonra qərar verəcəklərini bildirməklə, planın üzərindən çarpaz xətlər çəkiblər.
Amma buna baxmayaraq, S.Əkbər mətbuata verdiyi müsahibələrinin birində günahı qarşı tərəfin üzərinə ataraq deyib ki, "Biz rəsmi şəkildə müraciət etmişik. Bu günə qədər də rəsmi şəkildə cavab almamışıq. Protokolda tələb edir ki, bizə rəsmi cavab verilsin. Amma bizə şifahi məlumat da verilməyib".
Və yaxud "ACP" sədrinin "Biz düzgün bildiyimiz yolla davam edəcəyik, kiminsə yanlışlığı ucbatından bu yoldan kənara çıxan deyilik" kimi ifadələri də 2013-cü il öncəsi müxalifətdaxili çalxalanmaların artacağı haqqında kifayət qədər sübutları ortaya qoyur. Yəni belə başa düşülür ki, "ACP" "Məşvərət Məclisi"nin monopoliyaçısı olaraq, həm "İctimai Palata"ya, həm də digər siyasi qurumlara, həm də partiya liderlərinə qarşı müxalifətdaxili "cəbhə" açmaq qərarında amansız və israrlıdır.
RÖVŞƏN RƏSULOV