Vaqif Abışov: "Ölkədə fəaliyyət göstərən müxalifət təmsilçilərinin xaricdən dəstək alması qəbuledilməzdir"
Məlum olduğu kimi, müxalifət qüvvələri oktyabr ayının 13-də icazəsiz aksiya keçirmək planı təxirə salındı. Yenidən müxalifət təmsilçiləri oktyabr ayının 20-də icazəsiz aksiyalar keçirməyi planlaşdırır. Müxalifətin icazəsiz aksiyalar keçirməsi nə dərəcədə real görünür? Demək olar ki, müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında xarici qüvvələr dayanır? Müxalifəti təmsil edən qüvvələrin xoşagəlməz əməllərə əl atmasının səbəbini nə ilə izah edərdiniz? Məsələyə münasibət bildirən BAXCP Ali Məclisinin sədri Vaqif Abışov bildirdi ki, qanunvericilikdə ölkədə kütləvi aksiyaların keçirilməsinə icazə verilir. Burada söhbət icazəli aksiyalardan gedir. Yəni, müxalifəti təmsil edən qüvvələr icazəli aksiyalar keçirsə, daha yaxşı olar. Bir sözlə, müxalifətçilər tərəfindən keçirilən icazəsiz aksiyalar cəmiyyət tərəfindən müsbət qarşılanmır. Göründüyü kimi, onların belə aksiyaları dağınıq halda keçməyinin səbəbi də məhz bununla əlaqədardır ki, bu aksiyalar razılaşdırılmamış şəkildə keçirilir.
V.Abışov bildirdi ki, ola bilsin müxalifət təmsilçiləri ölkədə icazəsiz aksiyalar keçirmək üçün xaricdə olan qüvvələr tərəfindən dəstək alsın. Bir sözlə, müxalifətin icazəsiz aksiyalar keçirmək üçün xarici qüvvələrdən dəstək alması heç də yaxşı hal deyil. Ümumiyyətlə, hansısa qüvvələr tərəfindən ölkədə hər hansı bir xoşagəlməz vəziyyətin yaradılmasına ehtiyac yoxdur. Bir sözlə, ölkədə fəaliyyət göstərən müxalifət təmsilçilərinin xaricdən dəstək alması qəbuledilməzdir.
V.Abışov sonda onu da əlavə etdi ki, müxalifətin bu cür xoşagəlməz hərəkətlərə əl atması özlərini reklam etməkdən irəli gəlir. Yəni, müxalifətçilər düşünürlər ki, əgər biz ölkədə icazəsiz aksiyalar keçirsək, dünya ictimaiyyətinin diqqətini bununla cəlb etmiş olarıq. Bu, heç də müxalifətçilikdə qəbul olunan tendensiya deyil. Amma müxalifətin bütün istəkləri uğursuz olacaq. Çünki müxalifət təmsilçilərinin hər hansı bir gücü yoxdur ki, nə isə bir iş görərək ortaya qoya bilsin. Eyni zamanda da, xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur.
GÜLYANƏ