Bir neçə nəfərin, xüsusilə də, Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin iradəsi əsasında yaradılan "İctimai Palata" artıq tarixin arxivinə atılmaqdadır. Çünki bu qurumda təmsil olunan şəxslər kütləvi şəkildə istefa verirlər. Ötən gün politoloq Ərəstun Oruclu və Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqov "İctimai Palata"dan istefa veriblər.
Ə.Oruclu "Səs"ə verdiyi açıqlamasında istefasını "İctimai Palata"dan gözləntilərinin və ümid etdiklərinin özünü doğrulmaması ilə əlaqələndirdi: "İctimai Palata"dan istefa verməyimin başlıca səbəbi ondan ibarətdir ki, bu quruma üzv olanda ölkədə həm demokratik, həm də iqtisadi islahatlar uğrunda mübarizədə çox önəmli qurum olacağına ümid bəsləyirdim. Amma təəssüflər olsun ki, bu ümidlər özünü doğrultmadı. "İctimai Palata"dan gözləntilərim puça çıxdı. Bu səbəbdən də, qərara gəldim ki, artıq səmərəsiz vaxt itirməyə dəyməz. Yəni, daha səmərəli işlərlə məşğul olmaq lazımdır. Məhz bu səbəbdən də, "İctimai Palata"dan istefa verdim".Ə.Oruclu onu da bildirdi ki, o, heç zaman şəxsi fikirlərin fövqündə durmağa çalışmayıb: "Əgər biz ölkənin taleyini düşünürüksə, burada böyük hisslərlə yaşamaq lazımdır. Hər zaman da buna çalışmışam və çalışacağam da. Sadəcə olaraq, qeyd etdiyim kimi, "İctimai Palata"dan gözləntilərim alınmadı. Əgər gözləntilərim alınmadısa, artıq yerimdə saymağın əhəmiyyəti yoxdur. "İctimai Palata"dan ayrılmağımın heç bir şəxsi səbəbi yoxdur"."Bundan sonra siyasi fəaliyyətlə məşğul olacaqsınızmı" sualına cavabında Ə.Oruclu bildirdi ki, o, "İctimai Palata"dan istefa verməklə hər hansı ictimai-siyasi fəaliyyətdən geri çəkilmir: "İctima-siyasi fəaliyyətimi davam etdirəcəm. Hansısa partiyada və ya qurumda bu gün bu haqda nə isə deyə bilmərəm. Ən azından ölkədə mövcud olan partiyaların heç birində fəaliyyət göstərməyəcəm. Hazırkı mərhələdə daha çox gənclərlə işləməyə ehtiyac var. Bütün fəaliyyətimi də bu istiqamətdə qurmağa çalışacağam".
GÜLYANƏ