İsa Qəmbərlə Əli Kərimlinin maraqlarının təminatı vasitəsinə çevrilmiş "İP"-in dağılması rəsmiləşir
Ərəstun Oruclu: ... "Lakin təəssüf ki, bu baş vermədi, əksinə "İctimai Palata" partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı"
Məlum olduğu kimi, ötən gün "İctimai Palata"dan yenidən qopmalar olub. Bu dəfə Ərəstun Oruclu və Müsavat partiyası başqanının müşaviri Yadigar Sadıqov yaranmamışdan elə dağılmağa başlamış bir qurumun tərkibindən çıxıblar.
Əlbəttə ki, bu istefalar cəmiyyətdə hər hansı reaksiyanı yaratmadı, əksinə, müxalifət daxilindəki intriqanı daha da gücləndirdi.
Belə ki, istefa vermiş Ərəstun Oruclu öz blokunda yazır ki, "İctimai Palata" gözlənildiyi kimi, demokratik qurum olmadı: "Lakin təəssüf ki, bu, baş vermədi, əksinə, "İctimai Palata" partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto "İctimai Palata"nın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi".
Hətta facebook sosial şəbəkəsində də müxalifətin səhifələrində aparılmış müzakirələrdən də aydın şəkildə görünür ki, artıq "İP" daxilində ciddi qarşıdurmalar var. Ərəstun Oruclunun özü də etiraf edir ki, artıq "İctimai Palata" tam olaraq böhrana düşüb və ölkədə mövcud olan siyasi partiyaların onlardan daha uğursuz modelinə çevrilib, bu isə heç bir halda ölkədə müsbət dəyişikliyə aparan yol ola bilməz.
Göründüyü kimi, "İctimai Palata" ilə bağlı verilmiş bütün proqnozlar özünü doğrultmaqdadır. Təxminən 1 ay öncə "Səs" qəzetinin yazdığı materialda bildirilmişdi ki, "İP" artıq böhrana düşmüş və dağılmaq üzrə olan bir qurumdur. Təbii ki, proseslərin cərəyan xətti və "İP" daxilindəki maraqlar mübarizəsinin tüstüsü o qədər qabarıq görsənir ki, belə bir proqnozu vermək də çətin olmamışdı.
Nəzərə almaq lazımdır ki, "İctimai Palata", əslində, Müsavat partiyasının və AXCP-nin siyasi maraqlarının təminatçısı vasitəsi kimi yaradılmışdı. Bu günə qədər də verilmiş bütün qərarlarda bu iki partiyanın, xüsusilə də, sədrlərinin mənafeləri əsas götürülmüşdü. Bu kontekstdə yanaşıldıqda, "İctimai Palata"nın yaradılma məqsədləri də aydın şəkildə üzə çıxır. Yəni hazırda Azərbaycanın hər bir vətəndaşı müxalifətin, ələlxüsus, Müsavatın və AXCP-nin mahiyyətini və qabiliyyətini dəqiq bilir. Çünki 1992-ci ildən bu günə qədər daim xəyanət, intriqa və başıpozuqluq bu partiyalardan görünüb. Hətta Müsavat və AXCP Azərbaycanda siyasi şüurun və siyasi mədəniyyətin formalaşması prosesinə də mənfi təsir göstərib. Xalq hərəkatının sosial bazası üzərində şəxsi maraqlar naminə yaradılmış bu partiyalar daxilində anti-demokratik şəraitə görə parçalanmalar da baş verdi. Təbii ki, qeyd edilməlidir ki, 1992-ci ildə bu partiyaların sıralarında 10 minlərlə insan olub. Amma onlar xalq hərəkatının üzvləri kimi partiyaya üzv ediliblər. Amma sonradan Müsavatın və AXCP-nin mahiyyətini anlayan həmin insanlar adı çəkilən dərnəklərin sıralarını tərk ediblər.
Elə bu günə qədər davam edən bu qopmalar nəticəsində Müsavatla AXCP-nin tərkibində barmaqla sayıla biləcək qədər üzv qaldı. Məhz bu səbəbdəndir ki, nə Müsavat, nə də AXCP cəmiyyət qarşısında hesabat verir, güclü mitinqlər keçirə bilir. Görünən odur ki, Müsavat və AXCP bu gün çatışmazlıqları pərdələmək üçün "İctimai Palata" adlı qurumu yaratdı və buraya başqa siyasi təşkilatları, bitərəfləri cəlb etməklə özlərinə saxta sosial baza formalaşdırdılar. Mitinqlərin keçirilməsi üçün üst-üstə 300 adam meydana çıxara bilməyən müxalifət məhz bu yolla fəaliyyətsizliyini ört-basdır etməyə çalışdı. Lakin bu gün "İP" daxilində olanlar Müsavatla AXCP-nin niyyətini anladıqlarından oranı tərk etmək qərarına gəliblər. Hətta onu da vurğulamaq yerinə düşər ki, "İP" daxilində parçalanmaların olması onların yalançı mitinq keçirmələrinə də mane olur...
Bir sözlə, bu gün radikal müxalifət içərisində ciddi tendensiyalar hökm sürməkdədir. Düşünürük ki, prezident seçkiləri yaxınlaşdıqca, müxalifətin vəziyyəti daha da ağırlaşacaq və bu cür qopmalar kütləvi hal alacaq.
"Səs" Analitik Qrupu