Mirmahmud Mirəlioğlu çətin vəziyyətə düşüb
Klassik Xalq Cəbhəsi Partiyası daxilində baş verənlər partiyanın tamamilə dağıdıcı müxalifət düşəgrəsindən silinməsinə hesablanıb. Düşərgədə özlərini favorit hesab edən AXCP-Müsavat qəbul edə bilmir ki, dağıdıcı müxalifət düşərgəsində başqa partiyaların adları hallasın. Halbuki onların öz aralarında belə qarşıdurmalar səngimir. Mirmahmud Mirəlioğlu dağıdıcı müxalifət düşərgəsində təmsil olunsa da, çox vaxt dağıdıcı müxalifəti, xüsusilə, "İctimai Palata"nı kəskin tənqid edən düşərgə təmsilçilərindən olub. KXCP-ni "İctimai Palata"dan tam asılı vəziyyətə salmaq istəyən AXCP-Müsavat bu partiyanın qoyulan tələblərə riayət etməyəcəyi təqdirdə, onu dağıdacaqlarını əvvəlcədən bildirmişdilər. Amma belə bir məqam onların əlinə yalnız Mirmahmud Mirəlioğlu məzuniyyətə çıxdıqdan sonra düşdü. M.Mirəlioğlunun istirahətə getməsindən sui-istifadə edən iç qüvvələr "Demokratik Birlik" adı altında fraksiya yaratdılar. Həmin fraksiyanın iclasının keçirilməsinə Müsavat partiyasının qucaq açması isə bunun arxasında olan qaranlıq məqamlara aydınlıq gətirir. Lakin buna fərqli don geyindirənlər də az deyil. "Demokratik Birlik" fraksiyanın müşavirəsinin Müsavat partiyasının qərargahında keçirilməsinin ilk günlərdən tərəfdarı olmadığını deyən fraksiyanın həmtəsisçisi, KXCP sədrinin müşaviri Aydın Mədətoğlu mətbuata açıqlamasında müşavirənin partiya qərargahında keçirilməsinin tərəfdarı olduğunu bildirib. A.Mədətoğlunun fraksiyanın iclasında işitrak etməməsinin səbəbinə gəlincə, deyib ki, fraksiyanın geniş tərkibli yığıncağının keçirildiyi gün gənclərin qurultayında olub: "Ora dəvət edildiyimdən, fraksiyanın iclasında iştirak edə bilməmişəm. Çünki gənclər iştirakımla bağlı çox israr etmiş və tədbirə Mirmahmud Mirəlioğlunu da dəvət etmişdilər. Onun bu toplantıda iştirak etmək imkanı olmadığından, Mirmahmud bəyi də orada mən təmsil edirdim. Ona görə də mütləq şəkildə qurultayda iştirak etməliydim".
"Demokratik Birlik" fraksiya ilə KXCP arasında ziddiyətli məqamların olduğu da danılmazdır. "Demokratik Birlik" guya KXCP-də ciddi islahatların aparılması yönündə birlik adı altında yaradılsa da, əslində, bu, belə olmayıb. Belə narazılığın arxasında dayanan məsələlərdən biri də M.Mirəlioğlunun 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı səsləndirdiyi fikirlər olub. M.Mirəlioğlunu partiyadakı vəziyyəti normallaşdırmaq əvəzinə, belə bir iddia ilə çıxış etməsi də, partiya daxilində ciddi narazılıqlar yaradıb. Digər tərəfdən, AXCP-Müsavat faktoru da burada əsas rol oynayır. Əvvəlcədən, AXCP ilə gizli danışıqlara gedən KXCP funksionlerinə verilən vədlər yerinə yetirilməyib. AXCP sədri Əli Kərimli isə M.Mirəlioğlunun bütün əlaqələrini kəsmək, yollarını bağlamaq məhz KXCP-də "Demokratik Birlik" fraksiyasının yaradılması ilə baş tutub. KXCP-dən mətbuata verilən ikibaşlı açıqlamalar da bunu sübut edir. Çünki Müsavat partiyasının qərargahında keçirilən iclasda KXCP sədrinin ünvanına kəskin ittihamlarla çıxışlar olub. Bundan başqa, Fikrət Cəfərovun KXCP-dən xaric olunması ilə bağlı "Demokratik Birlik" fraksiyasının bəyanatı yayılıb. Həmin bəyanatda KXCP sədri Mirmahmud Mirəlioğlu sərt şəkildə tənqid olunub.
Buna munasibət bildirən A.Mədətoğlu bəyanatdan xəbərsiz olduğunu qeyd edib. O, fraksiyanın bəzi həmtəsisçiləri ilə Mirmahmud Mirəlioğlu arasında yaranan narazılığın da fraksiya adından cavablandırılmasının tərəfdarı olmadığını deyib: "Qarşılıqlı münasibətlərin çözülməsi üçün ikitərəfli danışıqlar aparılmalıdır. Bunun təşkilat adından səsləndirilməsi qurumun fəaliyyətinə xələl gətirə bilər".
Babək Hacıyev