Məlum olduğu kimi, oktyabrın 20-də paytaxtımızın mərkəzində - Fəvvarələr meydanında bir qrup siyasi sifariş icraçısı icazəsiz aksiya keçirməyə cəhd edib. Lakin hər zaman olduğu kimi, vətəndaşların təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanları icazəsiz aksiyanın qarşısını alıb, polisə müqavimət göstərənlər isə həbs olunub. Bir sözlə, hər zaman olduğu kimi, Azərbaycan cəmiyyəti bu dəfə də radikalların dağıdıcılıq fəaliyyətinə yox deyib və onların yenidən iflasını şərtləndirib.
İcazəsiz aksiya istənilən ölkədə qadağan olunub
Ümumiyyətlə, bu cür icazəsiz aksiyaların təhlili bir daha onu göstərir ki, bu tipli qarşıdurma yaratma cəhdlərinin qarşısı istənilən ölkədə alınır. Məsələn, bu il ərzində Avropanın ən inkişaf etmiş ölkələrində insanların keçirdiyi icazəsiz aksiyaların qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Hətta xüsusilə, vurğulanmalıdır ki, Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində xüsusi amansızlıqla bu tipli aksiyaların qarşısı alınır, iştirakçılar atların ayaqları altına salınır, həmçinin, xüsusi təlim keçmiş itlərə yedizdirilir. Ölkəmizdə isə insan hüquqlarına hörmət yüksək səviyyədə olduğundan yalnız maddi cərimə ilə ictimai-siyasi sabitliyi pozan insanlar cərimələnirlər. Amma ümumi yanaşma ondan ibarətdir ki, heç bir ölkədə icazəsiz aksiyaların keçirilməsinə icazə verilmir və onun qarşısı alınır.
Elə ötən şənbə bir qrup siyasi sifarişçinin icazəsiz aksiyasının da qarşısı alınıb. Çünki ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, insanların istirahət hüquqlarını tapdalamaq hər kəsə qadağandır.
Nə üçün müxalifət meriya ilə razılaşmır?
Əlbəttə ki, nəzərə almaq lazımlır ki bu cür aksiyalar zamanı xoşagəlməz hadisələrlə qarşılaşmaq mümkündür. Yəni icazəsiz aksiya keçirilərsə, bu zaman baş verə biləcək təxribatlarda heç kəs məsuliyyət daşımayacaq axı. Ona görə də, müxalifət, istənilən halda, onlara təklif edilmiş yerlərdə mitinq keçirməlidir. Çünki hakimiyyət müxalifət və ya iqtidar tərəfdarı olmasından asılı olmayaraq, hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyi Konstitusiya ilə üzərinə götürüb. Elə bu səbəbdən də, müxalifət Bakı meriyasının təklifilə razılaşmalı və xarici qərəzli dairələrin reallaşdıra biləcəyi təhlükəli təxribatların qarsını almalıdır.
Bir məqamı da nəzərə almaq lazımdır ki, əgər müxalifət meriyanın təklifilə razılaşarsa, o zaman, onlara daha böyük ərazi verilir və təhlükəsizlikləri hüquq-mühafizə orqanları tərəfindən təmin edilir.
Amma nədənsə, radikal müxalifət Bakı meriyası ilə razılaşmaq istəmir, bilərəkdən icazəsiz aksiya keçirməyə cəhd göstərir. Belə bir şəraitdə ortaya məntiqli bir sual çıxır: nə üçün müxalifət siyasi tələblərini irəli sürmək üçün qanuni yollardan istifadə etmir? Hansı səbəbdən radikal müxalifət paytaxt meriyasının təklif etdiyi mitinq əraziləri ilə razılaşmır və icazəsiz aksiyalara əl atır?
"İP" iflasa uğradığından, icazəsiz aksiya metoduna əl atır
Cərəyan edən hadisələrin sistemli təhlili onu deməyə əsas verir ki, əslində, icazəsiz aksiya keçirməklə radikal müxalifətin birləşdiyi "İP" öz iflasını gizlətməyə çalışır. Çünki son vaxt ərzində "İP" daxilində ciddi parçalanmalar müşahidə olunmaqdadır. Son günlər ərzində isə bu qurum daxilində davamlı istefaların baş verməsi "İP"-in artıq iflasa uğradığını, özünü doğrultmadığını sübut etdi.
Bu gün hər bir "İP" üzvü əyani şəkildə görür ki, Müsavat və AXCP siyasi maraqları naminə "İP"-i istismar edir. Lakin Əli Kərimli və İsa Qəmbər hələ "İP"-in fatihəsini oxumaq istəmir. Çünki onun yaradılışının səbəbləri birbaşa Müsavatla AXCP-nin fəaliyyətsizliyilə bağlı olduğundan, bu addımı atmağa tələsmirlər. Elə bu səbəbdəndir ki, müstəqil şəkildə mitinq keçirməyi bacarmayan Müsavat və AXCP "İP"-in arxasında gizlənməklə həm öz fərasətsizliyini ört-basdır etməyə, həm də xaricdən daxil olmuş siyasi sifarişi reallaşdırmağa cəhd göstərir.
Lakin "İP"-in köməkliyilə də Müsavat və AXCP ictimaiyyətə siyasi mesaj vermək üçün mitinq keçirməyi bacarmır. Ona görə də, icazəsiz aksiya keçirmək metoduna əl atırlar. Bu da, əlbəttə ki, ilk növbədə, "İP"-in iflasa uğradığını nümayiş etdirir. İsa Qəmbərin isə sonradan bir daha ötən günkü aksiyanın "İP" tərəfindən dəstəkləndiyini deməsi isə "İP"-in iflasını gizlətməyə hesablanmışdı.
Niyə 13-ü deyil, məhz 20-si?
Son günlər ərzində "İP" daxilində parçalanmaların da olması, aksiya keçirmək üçün qurum daxilində vahid nöqteyi-nəzərin olmaması Müsavatla AXCP-nin son variantlara - qeyri-qanuni vasitələrə əl atmağa məcbur edir. Amma dediyimiz kimi, "İP" daxilində razılığın, ümumi yanaşmanın olmaması icazəli mitinqlərin keçirilməsini reallaşdırmır. Elə oktyabr ayının 13-nə təyin olunmuş mitinqin təxirə salınması da bu səbəblə əlaqəlidir. Ayın 13-də icazəsiz aksiyaya çıxmayan "İP" üzvləri Müsavatla AXCP-ni pis vəziyyətdə qoyması ilə bağlı olaraq, maddiyyatla küçələrə bir qrup insan çıxarmağı həyata keçirdilər. Bu fakt da bir daha onu sübut edir ki, "İP" iflasa uğrayıb, artıq onun siyasi fəaliyyəti hər hansı əhəmiyyəti daşımır.
Aksiyanın mahiyyəti tamamilə əsassızdır
İcazəsiz aksiyanın daha bir gülünc nüansı isə onun mahiyyətilə bağlıdır. Yəni təşkil olunmuş icazəsiz aksiyanın iştirakçıları "parlamentin buraxılması" kimi əsassız şüuarlar səsləndirməsi də diqqətdən yayınmadı. Çünki hər kəsə bəllidir ki, Azərbaycanda parlamentin buraxılması mexanizmi mövcud deyil. İkincisi, aydındır ki, bu aksiyanı təşkil edənlərin hüquqi savadı yoxdur. Üçünçüsü isə, əgər aksiya məlum video qalmaqalı ilə bağlıdırsa, o zaman, müxalifətçi deputatların heç danışmağa mənəvi haqqı yoxdur. Çünki onların özləri də həmin parlamentin üzvü seçiliblər. Bu səbəbdən də, icazəsiz aksiyanın mahiyyəti tamamilə əsassız sayılır.
Ən böyük rüşvətxorlar necə ədalətdən danışa bilər?
İcazəsiz aksiyanın daha bir məqamı, xüsusilə, diqqəti cəlb edir. Bu, aksiyada iştirak etmiş bəzi iştirakçılarla bağlıdır. İcazəsiz aksiya keçirənlər rüşvət olayına görə, nəsə tələb etmək iddiasına düşməsi həddindən artıq gülünc xarakter daşıyırdı. İsa Qəmbər də, Əli Kərimli də bilməlidir ki, onların aksiyaya yığdığı şəxslərin böyük əksəriyyəti vaxtilə hakimiyyətə dəstək verən, lakin sonradan korrupsiya olayına görə vəzifəsindən uzaqlaşdırılanlar təşkil edirlər. Onların hətta bir çoxlarının adlarını çəkə bilərik. Sadəcə, ictimai-mənəvi dəyərləri nəzərə alaraq, bu addımı atmırıq. Amma deyə bilərik ki, həm Müsavat, həm də AXCP, ümumilikdə isə "İP" ətrafına rüşvətxorluğa görə, barəsində cinayət işi açılmış insanları toplayıb. Bu da, onu sübut edir ki, İsa Qəmbərlə Əli Kərimlinin dəstəklədiyi icazəsiz aksiya konkret məqsəd daşımır, əksinə, siyasi sifarişdir. Korrupsiya əməlinə görə, vəzifəsindən azad olunanların radikalların yanında yer alması isə reallığı çılpaqlığı ilə ortaya qoyur.
Radikalların növbəti şousu da nəticəsiz qaldı
Beləliklə də, radikal müxalifətin icazəsiz aksiya keçirmək cəhdi növbəti dəfə də iflasa uğradı və nəticəsiz qaldı. Onların insanlar çox olduğu məkanda aksiya keçirmək istəyi, eyni zamanda, kütləvilik yaratmaq cəhdi də boşa çıxdı. Əksinə, radikal müxalifət daha da böyük nifrət və ikrahla qarşılaşdı. Çünki inkişaf edən Azərbaycan cəmiyyətində rakdikallığa yer olmadığı onlara bir daha insanlar tərəfindən nümayiş etdirildi. Düşünürük ki, bu, radikal müxalifətə daha bir sarsıdıcı zərbə vurdu, bundan sonrakı müddətdə, yəqin ki, yeni istefalar görəcəyik.
"Səs" Analitik Qurupu