Əli Kərimlinin başqa çıxş yolu qalmayıb
Bütün dağıdıcı müxalifət partiyalarında olduğu kimi, Əli Kərimli tərəfindən avtoritar üsulla idarə olunan AXCP daxilində də vəziyyət ciddi şəkildə gərginləşməkdədir. Belə ki, əldə etdiyimiz məlumata görə, AXCP içərisində yaşanan yeni çaxnaşmalarda əsas günahkar kimi, məhz təşkilatın sədri Ə.Kərimli göstərilib. Qeyd edək ki, hələ 90-cı illərdən "cəbhə"nin şinelində qalan şəxslər partiya sədrindən "İctimai Palata"dakı təmsilçiliyindən rəsmi şəkildə imtina etməsini tələb edirlər. Artıq AXCP Sumqayıt şəhər şöbəsinin fəal üzvlərindən olan Namiq Əhmədli partiya sıralarından və "İP"-ın Sumqayıt şəhər regional şöbəsindən istefa verdiyini bəyan edib. Xatırladaq ki, hələ bir müddət bundan öncə AXCP-nin Sumqayıt rayon təşkilatında kəskin çaxnaşmalar müşahidə olunmuşdu. Nəticədə, bir neçə partiya fəalı "cəbhə"dən istefa verərək, təşkilatın sıralarından uzaqlaşıblar.
Tərbiyəsiz sədrin əlinin altında muzdlu olmaqdansa, heç bir siyasi fəaliyyət göstərməmək daha məqbuldur
Eyni zamanda, istefaya gedənlər AXCP-nin son qurultayında partiya sədri Ə. Kərimlinin Müsavat partiyası ilə "birləşmə xülyası"nı da bir çox partiya üzvləri kimi mümkünsüzlüyünü dilə gətiriblər.
AXCP daxilində yaranmış böhrana əsas səbəblərdən biri kimi, həm də Ə.Kərimlinin qeyri-müəyyən davranışları, mentalitetə zidd olan hərəkətləri göstərilmişdir. İstefa ərizələrində də bildirilmişdir ki, tərbiyəsiz sədrin əlinin altında muzdlu olmaqdansa, heç bir siyasi fəaliyyət göstərməmək daha məqbuldur.
Məsələ ilə bağlı AXCP-dən rəsmi açıqlanma verilməsə də , susqunluğun olması, baş verənlərin inkar edilməməsi əldə etdiyimiz informasiyanın düzgünlüyünə dəlalət edir. Məhz bu nəticədən belə qənaətə gəlmək mümkündür ki, istefalar burulğanına düşmüş AXCP sədrinin əslində susmaqdan başqa çarəsi qalmayıb.
Maraqlıdır ki, bu kimi hadisələrin AXCP ilə yanaşı Müsavat partiyasında da baş qaldırması bütövlükdə dağıdıcı müxalifətin 2013-cü ilə elektoratsız, sosial dayaqları olmadan gedəcəklərini xəbər verir. Belə gedişlərin aqibəti isə artıq indidən hər kəsə kifayət qədər aydındır.
RÖVŞƏN RƏSULOV