Son günlər AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin "Yurd" şefi Əli Kərimli tərəfindən zəhərlənməsi haqqında mətbuatda gedən silsilə yazılar səngisə də, hazırkı "cəbhə" sədrinin keçirdiyi daxili qorxu hissi, təlaşı hələ də tam aradan qalxmayıb. Bunu Ə.Kərimlinin mütəmadi olaraq "Azadlıq" qəzetinə verdiyi müsahibələrindən də görmək mümkündür. Məhz bu baxımdan, xatırlatmaq yerinə düşərdi ki, sözügedən xəyanətkarlıq iddiası gündəmə çıxdıqdan sonra, AXCP-yə - Ə.Kərimlinin ünvanına xeyili "zəhmətkeş məktubları" göndərilməyə başladı. Bundan ilhamlanan "cəbhə" sədri "Azadlıq" qəzeti vasitəsilə "günahkar" olmadığını "sübuta" yetirməyə cəhd göstərdi. Niyə məhz "Azadlıq" vasitəsilə? Bunun da kifayət qədər əsaslı dəlili mövcuddur.
Qeyd edək ki, az müddət öncə "Səs" qəzetində Ə.Kərimlinin Ə.Elçibəyə qarşı tutduğu xəyanət addımları haqqında kifayət qədər müfəssəl, faktlara söykənən silsilə məqalələr yer almışdı. Həmin məqalələrdə də sübut olunmuşdu ki, öz liderinə xəyanət etmək istəyən "Yurd" şefi ilk addımını "Azadlıq" qəzetini muzdla ələ almaqla atmışdı. Ona görə də, bu gün "Azadlıq" qəzetini təhkimində saxlayan hazırkı AXCP sədri məhz bu qəzet vasitəsilə "günahsızlığını" sübuta yetirməyə səy göstərir. Ancaq onun səyləri istədiyi nəticələri verməməkdədir. Çünki qaldırılmış iddia ilə bağlı iş aparılır və yaxınlarda Elçibəyin zəhərlənməsində kimin əsil baiskar olması üzə çıxmış olacaq. Daha dəqiq desək, Əli Kərimlinin Elçibəyi zəhərləməsi iddiası gerçəkliyini tapmaqdadır.
Onu da vurğulayaq ki, istintaq orqanları Elçibəyin keçmiş müavini, hazırkı KXCP sədri Mirmahmud Mirəlioğlunu da dindirib. Hələlik, istintaq orqanları tərəfindən bu barədə rəsmi açıqlanma verilməsə də, "klassik cəbhə" sədrinin davranışlarından da Ə.Kərimlinin günahkar olması aydın şəkildə görünür. Həmçinin, qeyd edək ki, bir müddət bundan öncə, KXCP sədri M. Mirəlioğlu demişdi ki, o, sözügedən məsələyə televiziyada aydınlıq gətirmək istəyir.
Bu gün Ə.Elçibəyin məzarının açılması məsələsi ətrafında da AXCP rəhbərliyi tərəfindən kifayət qədər spekulyasiyalar aparılmaqdadır. Guya keçmiş "cəbhə" liderinin qəbrinin açılması onun qohumları tərəfindən rədd edilir və s. Ancaq təbii ki, əsil həqiqətlərin ortaya çıxarılması üçün ekskumasiyanın reallaşdırılması qaldırılmış cinayət işi üçün çox vacib bir amildir. Ona görə də, indidən proqnozlaşdırmaq mümkündür ki, Elçibəyin məzarının açılmasına qarşı çıxan istənilən şəxslər öz bəd əməllərinin üzə çıxmasından təlaş hissi keçirməkdədirlər. O cümlədən, AXCP sədri Ə.Kərimli də bu sırada birincidir.
Başqa tərəfdən, Ə. Elçibəyin qəbrinin lazımi anda açılması rəsmiləşdirilib və bu da Azərbaycan Respublikasının qanunları ilə nizamlanan məsələdir və açılacaq. Əgər Ə.Kərimli öz cinayətini səmimi etiraf etsə, Elçibəyi öz evində, ad günündə zəhərlədiyini boynuna alsa, onda məzar açılmaya da bilər. Belə olsa, elə onun verdiyi ifadə əsasında da Ə.Kərimli öz cəzasını çəkəcək.
Artıq əldə etdiyimiz digər məlumata görə, yenidən AXP-yə sədr vəzifəsinə qayıtmış Pənah Hüseyn də yaxın günlərdə istintaqa dəvət ediləcək. Çünki P.Hüseyn deputat olarkən Milli Məclisdə çıxış edərək bildirdi ki, eks-prezident Ə.Elçibəyin birdən-birə ölümü çox müəmmalıdır. Özü də belə bir ərəfədə, yəni siyasi proseslərin həmin vaxtdakı inkişafını, sürətini nəzərə alaraq... Bu günlərdə də belə bir ifadə səslənib. Nəticədə, istintaqa ifadə verən insanların ifadələrində zəhərlənmə iddiası öz təsdiqini tapmaqdadır.
RÖVŞƏN RƏSULOV