PDF Oxu

Müxalifət

  • 24

İsa Qəmbərlə Aram Manukyan arasında saziş imzalanıb

"Fridrix Nauman" Fondu bu prosesdə qrantverən və şərtqoyan qismində iştirak edib

İsa Qəmbərlə Aram Manukyan arasında saziş imzalanıb

Müsavat başqanı İsa Qəmbərin bir neçə ay ərzində Gürcüstana davamlı səfərlər etməsinin əsas məğzi məlum olub. Belə ki, həmin səfərlər çərçivəsində başqanın əsas məqsədi "Fridrix Nauman" Fondunun Qafqaz ölkələrinin müxalifət partiyalarına ayıracağı qrantlardan pay almaq istəyi olub ki, artıq İ.Qəmbər bu arzusunu, tam olmasa da, qismən reallaşdırıb. Qeyd edək ki, "Fridrix Nauman" Fondu Müsavat partiyasına nəzərdə tutduğu miqdarda qrant verməməsini partiya rəhbərliyinin fondun sifarişlərini tam olaraq həyata keçirməməsi ilə əlaqələndirib. Ancaq İ.Qəmbər "bəyin bağışladığı atın dişinə baxmazlar" prinsipinə arxalanaraq, az miqdarda verilən qrantla da kifayətlənib.

İsa Qəmbər üçün Potsdam barmaqyeri

Həmin şərtlərdən biri partiyanın tezliklə qurultay keçirməsi, digəri isə seçkiöncəsi mühitdə, yəni postseçki dövrü Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasından ibarət idi. Ancaq bu və digər sifarişlər yerinə yeririlmədiyi üçün, başqan alacağı qrantların çox hissəsindən məhrum edilib. Lakin "Fridrix Nauman" Fondu" İ.Qəmbər üçün barmaqyeri də qoymağı unutmayıb. Bu barmaqyeri isə, əslində, daha çox şərt kimi irəli sürülüb.

Partiyadan sızan məlumatlara görə, qurultayın keçirilməsi istiqamətində atılan addımlar məlum Gürcüstan və Türkiyə fiaskosuna uğradıqdan sonra, Müsavat rəhbərliyinin həmin şərtləri qəbul etməkdən başqa çarələri qalmayıb. Belə ki, "Fridrix Nauman" Fondunun yetkili şəxsləri İ.Qəmbərlə görüş ərəfəsində ona bir neçə il öncəki Potsdam sazişini xatırladıbdır. Yəni Müsavat partiyası ilə Ermənistanın ana müxalifət qurumu arasında əldə edilmiş razılığın yenidən nəzərdən keçirilməsi məsələsi başqan qarşısında qabardılıb. Ondan tələb olunub ki, Tibilisiyə səfər edərkən, həmin sazişi möhkəmləndirmək üçün Aram Manukyanın təşkilatı ilə dostluq və qardaşlıq müqaviləsi bağlasın. Tərəddüd etməyə yerinin qalmadığını görən İ.Qəmbər isə həmin şərtə razılıq verib. Nəticədə, Azərbaycan müxalifətinin aparıcı üz qaralarından biri kimi tarixin qaranlıq səhifəsinə düşən Müsavat başqanı xalqa, dövlətçiliyə qarşı xəyanətkar davranaraq, daha çox qrant əldə etmək xatirinə ultramillətçi ermənilərlə qardaşlıq sazişi imzalayıb.

Müsavat partiyasının vəzifələri daha hansı xəyanətlərdən ibarət olacaq?

Məsələ ondadır ki, imzalanmış sazişə əsasən, Müsavat partiyasına yaxın olan yazılı və elektron mətbuat Ermənistanın xeyrinə olan məlumatlar yaymalıdır. Artıq bunun ilk işartıları göz önündədir. Nəzər salsaq, görərik ki, son günlər "Yeni Müsavat" qəzetində AXC-Müsavat hakimiyyəti dövründə müxtəlif vəzifələr tutmuş adamlar tərəfindən sifarişli şəkildə Azərbaycanın qürur mənbəyi olan milli qəhrəmanları haqqında qəsd xarakterli, qərəzli, həqiqətə aidiyyatı olmayan infirmasiyalar yayılmaqdadır. Buna misal kimi Qarabağ döyüşlərinin birində erməni terrorçusu, yüzlərlə azərbaycanlının və türkün qanına susayaraq, onları vəhşicəsinə qətlə yetirən Monte Melkomyanın xalqımızın milli qəhrəmanı, İbad Hüseynov tərəfindən öldürülməsi faktının təkzib edilməsidir. Verilən hər bir təkzibin arxasında "Fridrix Numan" Fondunun ayırdığı qrantların qoxusu gəlməkdədir. Həmin dezinformasiyaların yayılmasında isə İ.Qəmbərin xüsusi rolu mövcuddur. Və daha bir faktı da xatırladaq ki, ölkəyə geri qaytarılmış qəhrəman zabitimiz Ramil Səfərov haqqında, eləcə də, qəhrəman şəhidimiz, milli qəhrəmanımız Mübariz İbrahimov barəsində gedən üzqaraldıcı məqalələr də Müsavat partiyasının xüsusi canfəşanlıqları olub və həmin ərəfələrdə də İ.Qəmbər Gürcüstana səfər etmişdi. Bu kimi faktların üst-üstə düşməyinin arxasında isə xəyanət, rəzillik və alçaldıcı qəbahətin dayanması şəksizdir. Əbəs yerə deyil ki, Gürcüstan səfəri haqqında "Yeni Müsavat" qəzetinə müsahibə verən Müsavat başqanı İ.Qəmbər qeyd edilən faktları dolayısı ilə etiraf edib: "Müsavat partiyasının da iştirak etdiyi bu proses yeni mərhələdir". Yəni Müsavat partiyasının bu kimi kirli prosesləri reallaşdırmaq cəhdi yeni xəyanət mərhələsidir".

Məlum olan isə budur ki, Müsavat rəhbərliyi partiyanın ayaqda qala bilməsi üçün istənilən bu kimi addımlara getməyi qarşısına məqsəd kimi qoyub. "Fridrix Nauman" Fondunun müxtəlif adda konfranslar təşkil edərək, siyasi maraqlarını Müsavat kimi partiyalar vasitəsilə təmin etməsi isə, əlbəttə ki, nəticəsiz qalacaq. Hətta İ.Qəmbərin "Bu silsilə davam edəcək" kimi sərsəm açıqlamaları da ona heç bir səmərə verməyəcək.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər