Müxalifət "stəkanda fırtına yaratmaq hədələri ilə özünün əqidə və ideologiya təşkilatı olmadığını göstərdi"
"İctimai Palata" bu ərəfədə yenə də uğursuz aksiyalar keçirməyə hazırlaşır. Bununla yanaşı, düşərgədə diqqəti cəlb edən məsələlərdən biri də, Müsavatda başqan seçkiləri və ümumilikdə, "İP"-də təmsil olunan partiyalar arasında vahid liderlik ambisiyaları ətrafında gedən çəkişmələrdir. Bu baxımdan, müxalifətin radikal kəsimini təşkil edən düşərgədə hazırkı vəziyyəti, partiyalararası əməkdaşlığı da fiaskoya uğramağda davam edir. Hazırda müxalifət partiyaları əməkdaşlıqda imitasiya edirlər. Belə ki, müxalifət yekcins deyil, vahid ideya, vahid platforma ətrafında da birləşməyib. Düşərgədə bir neçə bloklar var ki, bunlar da hər biri özlərini müxalifətin vahid mərkəzi hesab edir ki, bu bloklardan da ən böyüyü "İctimai Palata" hesab olunur. Lakin burada digər maraqlı məsələ də mövcuddur. "Palata" müxalifət təşkilatı kimi deyil, seçkidən narazı qüvvələrin birliyi kimi yaradılıb. Amma başlanğıc səbəbi unudaraq, xaric amillərdən təsirlənib, məlum "aprel tezisləri" və digər proseslərdən sonra özünü müxalifət orqanına çevirib. Bununla da başlanğıcda götürdüyü xətdən imtina elədi.
Yarımçıq blok və qurumların müvəffəqiyyət qazanacaq gücə malik olmaları mümkünsüzdür
Bundan başqa, həmin təşkilatın özündə və digər müxalifət birliklərində də dəfələrlə bir-birinə qarşı çıxan liderlər, təşkilatlar var. Hətta prezident seçkilərində bir-birini qəbul eləməyən, başqalarını müdafiə edən, müxtəlif cəbhələrdə olan təşkilatlar var idi. Ona görə də, hazırkı müxalifətin birliyi səmimi deyil. İstər mətbuatda olsun, istərsə qeyri-rəsmi təbliğatda olsun, bu insanlar həmişə bir-birilərinin əleyhinə çıxış edirlər. Səbəb isə, hər birinin daim özünü vahid müxalifətin lideri, mərkəziçi partiya kimi görmək, hamını öz ətrafında birləşdirmək istəyidir. Belə iddialar da onların qeyri-səmimi vəziyyətini ortaya qoyur. Buna görə də, müxalifətin birliyi alınmayacaq. Bir fakt da var ki, indiki radikal müxalifət vaxtilə daha böyük birlik kimi təqdim olunan təşkilatlar yaratmışdı, xalqın da müəyyən hissəsi onlara inanırdı. Lakin buna rəğmən, o zaman bir iş görə bilmədikləri təqdirdə, indi hədsiz dərəcədə zəifləmiş, sosial bazasını itirmiş, müxalifətin yarımçıq bloku müvəffəqiyyət qazanacaq gücə malik deyil. Hazırda bu partiyaların fəaliyyətini imitasiya adlandırmaq daha düzgün olardı.
Onlar hətta öz aralarında hansının "ana müxalifət partiyası" olması ilə bağlı razılığa belə gələ bilmirlər
Lakin belə uğursuzluqlara rəğmən, bu partiyalar özlərini "ana müxalifət" adlandırırlar. Belə ki, əgər Müsavat partiyasını təbliğ edən qəzetlərin təbliğinə, bu partiyanın dediklərinə nəzər yetirsək, hər yerdə bu partiya özünü "ana müxalifət" adlandırır. Bununla yanaşı, "İP"-in digər cütlüyü AXCP də hər yerdə özünü "ana müxalifət" adlandırır. Burada absurd bir münasibət ortaya çıxır. Bunlar hətta öz aralarında hansının "ana müxalifət partiyası" olması ilə bağlı razılığa gələ bilmirlər. Bunların fonunda qeyd etmək olaraq ki, onlar necə "ana müxalifət" partiyası ola bilərlər ki, parlamentdə daha çox təmsilçiləri yoxdur və ya hansısa iddia etmir ki, onun təşkilatlarının sayı digərlərindən çoxdur. Belə olmadığı təqdirdə, onları "ana müxalifət" necə adlandırmaq olar? Cavab sadədir: sadəcə olaraq, burada ambisiyalar önəm daşıyır. Hər bir partiya özünün ambision siyasətini aparır və hər biri daha çox həmin rolu öz üzərinə götürməsini istəyir. Bu da onlar arasındakı birliyin qeyri-səmimiliyinə işarədir. Həmçinin, onların özlərini nəsə adlandırdırmaqla belə olmadıqları da ortadadır.
Sonları çoxdan məlumdur
Bu xüsusda, Müsavatda başqanlıq çəkişmələri, başqanın iki dəfədən artıq seçilməsini qadağan edən nizamnamədəki müddəa və bu müddəa ətrafında yaranan əks cəbhələr bərədə də fikir bildirmək mümkündür. Diqqət yetirsək görərik ki, Müsavatın qurultayı bir müddət bundan öncə təxirə salındı. Çünki onlar elə düşünürdülər ki, ərəb ölkələrində baş verənlər sonra, doğrudan da, Azərbaycanda baş verəcək. Belə bir vaxtda şansı əldən buraxmamaq üçün qurultay söhbətini tamam təxirə saldılar. Sonradan isə Azərbaycanda sabitliyin olduğunu, xalqın iqtidara, Prezident İlham Əliyevə inandığını, onları yada salan olmadığını gördükdə məcbur qaldılar ki, qurultayı yada salsınlar. Məlum müddəa ətrafında da iki cəbhəyə bölündülər. Bu normanı dəyişdirmək istəyənlər və saxlamaq istəyənlər. Lakin nəzər yetirsək, bu müddəanın da bir oyun olduğunu görərik. Əvvəl demokratiya deyib nizamnəməyə salırlar, sonra onun ləğv edilməsi üçün müzakirələr aparırlar. Hazırda Müsavatda da digər müxalifət partiyaları kimi zəifləmək xətti davam edir və proseslər buna doğru gedir.
Demək mümkündür ki, müxalifət "stəkanda fırtına" yaratmaq hədələri ilə özünün əqidə, ideologiya təşkilatı olmadığını göstərdi.
R.Hüseynova