Buna səbəb Əbülfəz Elçibəyin zəhərlənməsi faktıdır
Noyabrın 4-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) 10-cu qurultayı keçirilib. Qurultaya Azərbaycandan bir çox partiya sədrləri, deputatlar dəvət olunsa da, AXCP-dən nə Əli Kərimli, nə də başqası dəvət almayıb. Ona görə də AXCP-də bununla bağlı gərginlik yaranıb. Onların hiddətləri sosial şəbəkələrdə də özünü açıq şəkildə büruzə verib. Belə ki, AXCP yetkililəri sosial şəbəkələrdə bununla bağlı təhqir dolu ifadələr də yazmaqdan da çəkinməyib. Xatırladaq ki, MHP-nin qurultayında KXCP sədri Mirmahmud Mirəlioğlu (müavinləri də qatılıb), VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, millət vəkili Fərəc Quliyev, Tənzilə Rüstəmxanlı, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli və mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev də qatılıb.
Əli Kərimlinin dəvət olunmaması Elçibəylə bağlı olub
Məlum olduğu kimi Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciəti əsasında cinayət işi başlanılıb, istintaq gedir. Məsələ ətrafında mətbuata verilən məlum açıqlamalar da aşkar şəkildə AXCP sədri Ə.Kərimlinin xəyanətkar olduğunu üzə çıxarır. Amma AXCP sədri Hafiz Haciyevin iddiasını əsassız sayır. Baş verən son hadisələr, xüsusilə, AXCP-də Ə.Kərimliyə yaxın olan adamlar zəhərlənmə faktı ilə bağlı müxtəlif şoular düzənləsə də, artıq mərhum prezident Elçibəyə yaxın adamlar ciddi faktlar açıqlayıb. Noyabrın 4-də AXCP sədri Ə.Kərimlinin MHP-nin qurultayına dəvət almamasını da bununla əlaqələndirirlər. Çünki mərhum prezident Əbülfəz Elçibəylə MHP-nin, xüsusilə də MHP başqanı Dövlət Baxçalının yaxın əlaqələri olub. Buna görə də MHP başqanı D.Baxçalı Ə.Kərimlini və digər AXCP yetkililərini qurultayda görmək istəməyib.
Müsavat da AXCP-nin dəvət olunmasına qarşı çıxıb
Bu qurultaya Müsavatdan başqan İsa Qəmbər və Rauf Arifoğlu dəvət olunub. Digər yayılan məlumata görə, AXCP-nin qurultaya dəvət olunmasına, eyni zamanda, Müsavat partiyasının başqanı İ.Qəmbər də mane olub. Çünki dəvətlər bilavasitə Rauf Arifoğlunun köməkliyi ilə olub. Ona görə ki, MHP-dən millət vəkili seçilən Atilla Qayanın Rauf Arifoğlu ilə yaxın münasibətləri var. Güman olunur ki, MHP yetkililəri ilə Rauf Arifoğlu arasında AXCP sədri Ə.Kərimli ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin əsas mövzusu AXCP sədrinin xəyanətkarlığı nəticəsində Ə.Elçibəyin zəhərlənərək öldürülməsi məsələsi olub. Maraqlı məqamlardan biri də odur ki, MHP-nin qurultayına mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev də qatılıb. Ə. Əliyevin bu tədbirə qatılması bir daha sübut edir ki, MHP-nin Ə.Elçibəylə yaxın əlaqələri olub. AXCP sədri Ə.Kərimlinin təlaşı da daha çox məhz bununla bağlıdır.
Babək HACIYEV