Elan olunması planlaşdırılan yeni qurumun üzvləri "Müsavat" adı altında fəaliyyət göstərən heç bir siyasi təşkilatı tanımadıqlarını bəyan etdi
Mənası bərabərlik anlamını daşıyan "Müsavat"a qarşı daha bir alternativ siyasi təşkilat yaradılmaq üzrədir. Belə ki, hazırda bu ad altında iki partiya - İsa Qəmbərin başqanı olduğu Müsavat və sonralar ondan ayrılaraq, Hafiz Hacıyevin rəhbərliyi ilə ayrıca fəaliyyət göstərməyə başlayan Müasir Müsavat partiyaları fəaliyyət göstərməkdədir. Onu da xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru 2003-cü ildə yaranmış böhranlı vəziyyət zamanı "Demokratik Müsavat" partiyasını yaradacağını bəyan etmişdi. Lakin uzun müddət aparılan danışıqlardan sonra, həmin ideya yarımçıq saxlanılmışdı. Ancaq buna rəğmən, R.Arifoğlu məsələnin gündəmdən tamamilə silinməyəcəyini də vurğulamışdı.Bu günlərdə isə ictimai birlik adı altnda siyasi fəaliyyətlə məşğul olan daha bir təşkilat Müsavat adına sahib çıxacağını rəsmən bəyan edib. Həmin bəyanatda deyilir ki, Müsavat partiyasına alternativ yaradlır.
İsa Qəmbərin fəaliyyəti araşdırılacaq
"Bu Müsavat, o Müsavat deyil" şüarı ilə çıxış edən alternativçilər atdıqları addımlarının ciddiliyi barədə öz bəyanatlarında bildirilər ki, 1920-ci ildə siyasi fəaliyyətini dayandırmağa məcbur olmuş tarixi Müsavat partiyasının bugünkü "müsavatlarla" heç bir əlaqəsi yoxdur. Və maraqlı məqamlardan biri də odur ki, həmin iddia məhz AXCP daxilində fəaliyyət göstərən ictimai birlik tərəfindən irəli sürülüb. Məsələ ondadır ki, sözügedən ideyanı "cəbhəyə", daha dəqiqi ilə desək, AXCP sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən "Qərbi Azərbaycana Qayıdış Birliyi"nin sədri İxtiyar Abdal tərəfindən irəli sürülməsi özü-özlüyündəbir çox nüansları qabartmaqdadır. O, müraciət edərək bildirib ki, Müsavat partiyasının davamı olaraq, "Birlik-Bərabərlik Partiyası"nın (Müsavat sözünün mənası - R.R.) yaradılmasına ehtiyac var: "Çox vətəndaşlarımız var ki, ataları, babaları tarixi Müsavat partiyasının qurulmasında, müstəqilliyimizin yaranması yolunda canlarından keçiblər, ata-babalarının yolunu fəxrlə davam etdirmək istəsələr də hal-hazırda Müsavat adından çıxış edənlərin yanında olmaq istəmirlər".
Onun sözlərinə görə, Müsavat partiyası yenilənməli, təkmilləşdirilməlidir: "Hesab edirəm ki, bu gün Müsavat partiyasının adından danışanlar xalqımızın birliyinə nail ola bilmədilər və layiq olduğu zirvəyə qaldırmadılar. Səbəblərdən biri də budur ki, rəqib gördükləri insanları müxtəlif bəhanələrlə, böhtanlar atmaqla kənarlaşdıraraq xalqımızın birliyinə mane oldular. Bu səbəbdən, hesab edirəm ki, Müsavat partiyası yenilənməlidir, təkmilləşdirilməlidir".
İ.Abdal bununla kifayətlənməyəcəklərini və xüsusilə, İ.Qəmbərin fəaliyyəti istiqamətində araşdırmalar aparacağını da istisna etməyib: "Birlik-Bərabərlik" Müsavat partiyası"nın (BBP -Müsavat -R.R.) yaradılmasına ehtiyac olduğunu düşünənlərin, indiyədək Müsavat adı ilə fəaliyyət göstərən partiyaların fəaliyyətini araşdacaq, legitim, yaxud qeyri-legitim olduğuna qərar verərək vətəndaşlarımıza müraciət edəcəklər."
Əli Kərimlinin gözlənilən hücum taktikası bu imiş?
Artıq bir daha bəlli olmaqdadır ki, 2013-cü il seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifət partiyaları arasında, xüsusilə, Əli Kərimli və İsa Qəmbər arasında baş verən qarşıdurmalar bu cür hadisələrin yaranmasına şərait yaradacaq. Bir tərəfdən, "İctimai Palata"da inhisarçılıq mövqeyinin daha çox əldə saxlanılması istiqamətində aparılan qarşılıqlı barışmaz savaşlar, digər tərəfdən, post-seçki mübarizəsi onsuz da normal dayaqları olmayan dağıdıcı müxalifətin daha da sarsılmasına kifayət qədər şərait yaradır. Bu baxımdan, Müsavat partiyasına qarşı etimadsızlıq məsələsinin anidən qaldırılması, xüsusilə, AXCP tərəfindən həmin addımın atılması arxasında məhz bu kimi amillərin dayanmasını görə bilərik. Bu amili AXCP-nin mətbuat orqanının yazarı Xaliq Bahadırın da dediklərindən sezmək mümkündür. Məsələ ilə bağlı "Azadlıq" qəzetinin yazarı X.Bahadır münasibətini açıqlayarkən deyib ki, İ.Qəmbərin Müsavatı M.Ə.Rəsulzadənin Müsavatı deyil: "Bugünkü Müsavat o Müsavat deyil, bunu hamı biryolluq başa düşməli, 20 ildən bəri Müsavat adıyla xalqla alver eləyənləri tanımalıdır".
Qeyd edək ki, hazırda Müsavat partiyası yetkililəri məsələ ilə bağlı heç bir açıqlama verməməklə, əslində, onların partiyalarına qarşı qaldırılmış iddiaları dolayısı ilə qəbul edirlər. Çünki İ.Qəmbər başda olmaqla, onun müavinləri də susqunluq nümayiş etdirirlər. Görünür, bu, həm də Müsavatın AXCP-yə qarşı planlaşdırdığı adekvat addımlarla bağlıdır. Hər halda, münasibətlərin korlanması istiqamətində gedən inkişaf prosesi onu deməyə əsas verir ki, hər iki siyasi təşkilat- həm Müsavat, həm də AXCP 2013-cü il seçkilərinə qədər tab gətirmək güclərini tamamilə tükədəcəklər.
Rövşən RƏSULOV