Və ya "Səhradakı bəyaz günəş"in qaralması
Xalq deyimində dərin məna kəsb edən "öz oduna yanmaq əvəzinə başqasının külü ilə oynamaq" kimi ibrətli məsəl mövcudur. Belə bir məsəli hazırda "müxalifət mətbuatının gülü-bülbülü" obrazını oynayan Rüstəm İbrahimbəyova kifayət qədər aid etmək mümkündür. Çünki bir müddət əvvəl onun sədrliyi ilə fəaliyyət göstərən Kinomatoqrafçılar İttifaqının işinə xitam verilməsi, həmin ittifaqın yerinə yenisinin yaradılması daha çox gündəmdə hallanan mövzulardan idi. Hətta bir çox kino xadimlərimizin R.İbrahimbəyovun rəhbərliyindən imtina edərək, yeni yaradılmış Kinomatoqrafçılar İttifaqına transfer olunmaları onun "Səhranın bəyaz günəşi"ni əməlli-başlı qaraltdı. Və bu yerdə ağsaqqallarımızdan qalan daha bir məntiqli kəlamı xatırladım: "İnsan nə edirsə, özünə edir, yaxşılığı da, pisliyi də..."
Gurultudan sonra yağış-filan yağmadı...
Yəni bir zamanlar Oskar mükafatına layiq olan kinodramaturqun birdən-birə və nəyə görəsə, öz adına-sanına çəpəki baxmağa başlaması hələ də bir çoxlarına üçün qaranlıq məsələ təsirini bağışlayır. Əslində bu, R.İbrahimbəyovun öz işidir. Yəni yaxşılığı da pisliyi də özü üçün elə özü də seçə bilər. Ancaq mənim subyektiv fikrimə görə, özünə hörmət qoyan kəs nəyin bahasına olursa-olsun, bu qədər səviyyəsiz addımlara getməməliydi. Ən azından, öncələr əldə etdiyi hörmət-izzətinə, adına-sanına kölgə salmazdı. Fəqət, olanlar oldu və R.İbarəhimbəyov özündən daha səviyyəsiz "ziyalılar" toplumuna qoşularaq, tanınmış dramaturqdan çevrilərək döndü oldu Rüstəm "bəy". Gerisini isə hər kəs yaxşı xatırlayır. Müxalifət qəzetlərində hakimiyyətə qarşı yönəlmiş boy-boy müsahibələr, anderqraund ifadələr, səviyyəsiz küçə təhqirləri və s.
Amma indi, hal-hazırda fəaliyyəti dayandırılmış "Kinomatoqrafçılar İttifaqı" qalıb bir kənarda, R.İbrahimbəyov dönüb olub Azərbaycanın Rusiyadakı diasporasının "xaç atası". Maraqlıdır, nəyə görə Rüstəm "bəy" bir müddət öncə bağlanmış qurumu haqqında bir kəlmə də olsun münasibət açıqlamır? Axı bir neçə ay qabaq məhz bu adamın özü və ətrafı həmin müxalifət mətbuatında gur-gur guruldayırdı ki, bağlanmış qurum, nəyin bahasına olursa-olsun, fəaliyyətini davam etdirəcək. Bəs nə oldu? Niyə həmin guruldamalardan sonra bir damla da olasa belə, yağış-filan yağmadı?
Həyat çaşqınlığının ən son stadiyası
Bax, məsələ də bundadır! Təəssüf ki, bu gün sifarişlər nəticəsində aşırı radikalizm sərgiləyən müxalifət düşərgəsinin qarmağına keçən Rüstəm "bəy" timsalındakı "ziyalılar" həqiqətdə nə etdiklərini və bundan sonra nə edəcəklərini ümumiyyətlə bilmirlər. Onlar həyat çaşqınlığının ən son stadiyasını yaşamaqdadırlar və onların işləri yalnız müəyyən dairələrdən tapşırıq alıb yerinə yetirməkdən ibarətdir. Daha həmin tapşırıqların Azərbaycan üçün hansı nəticələr verəcəyinin fərqinə varmırlar. Necə ki, bu gün müxalifət mətbuatında "desant" məsələsindən dəm vuran R.İbrahimbəyov kimi.
Ağına-bozuna baxmadan, rəsmi Bakının ünvanına bir sıra qərəzli ittihamlar işlədən Rüstəm "bəy" guya hər hansı təzyiqlə üzləşdiyini iddia edir. Amma həmin çərçivədəcə açıqlama verir ki, ilin bir neçə ayını ABŞ-dakı şəxsi evində keçirir. Ya da deyir ki, Rusiyada yaradılmış "Ümumrusiya Azərbaycanlıları Konqresi"ndə ("ÜAK"-R.R.) yaranmış parçalanmanı da guya hakimiyyət yaradır (?!-R.R.).
Rüstəm "bəy" - erməni diasporunun "desantı"
Təəssüf etmək, məhz təəssüf etmək lazımdır ki, illərdir Azərbaycan çörəyi yeyən, hakimiyyət tərəfindən ən yüksək pillələrdə dəyərləndirilən R.İbrahimbəyovun iç üzü, aşkar sifəti indilərdə ifşa olunmaqdadır.
Hakimiyyətin Ümumrusiya Azərbaycanlıları Konqresinə (ÜAK) "desant" göndərərək qurumu parçaladığını iddia edən R.İbrahimbəyov RATİ-ni yaradanlara qarşı təzyiqlər edildiyini dilə gətirib.
İndi isə gəlin məsələyə başqa prizmadan yanaşaq. Belə ki, rəsmi Bakı Rusiyada yeni yaranan təşkilatla bağlı öz mövqeyini kifayət qədər doluğun xarakterdə açıqlayıb.Yəni hakimiyyət yeni diaspor təşkilatlarının yaranmasına normal baxır. Eyni zamanda, vurğulanıb ki, həmin təşkilatlar milli, dövlət maraqlarını üstün tutmalıdılar və heç bir separat addılara getməməlidirlər. Orada elə adamlar təmsil olunurlar ki, onlar Azərbaycan dövlətçiliyinə bağlı insanlardır. Amma bütünlükdə təşkilatın fəaliyyətinə son rəsmi qiymət daha sonra olacaq.
"Desant" məsələsinə gəlincə isə, Rüstəm "bəy" bilməlidir ki, təşkilat daxilində Azərbaycan dövlətçiliyinə xidmət edən insanlarla yanaşı, fəaliyyətləri araşdırılmalı olan şəxslər də mövcuddur. Yəni bilavasitə özü başda olmaqla, bir neçə nəfər sübut etməlidirlər ki, bir-iki həftə öncə Rusiyada fəaliyyət göstərən erməni diasporasının başçıları ilə milli mətbəximizi, milli musiqimizi bölüşdürməyiblər. Ancaq yenə də təəssüflə deməliyəm ki, məhz bu məsələ ətrafında erməni diasporu ilə görüşlər keçirilib. Həmin görüşün təşəbbüskarı isə R.İbarhimbəyova kifayət qədər maddiyyat xərcləyən Söyün Sadıxovdur. İndi deyin görək, əsil "desant" kimdir? Məgər Rüstəm "bəy" Rusiyada fəaliyyət göstərən erməni diasporu təşkilatı tərəfindən Azərbaycan diasporasına atılmış "desant" ola bilməzmi? Və elə bir məqamda, sənə nə gəib, Rüstəm "bəy"?
RÖVŞƏN RƏSULOV