Bu kimi halların yaranmasında liderlərin avtoritar idarəçilik və inhisarçı baxışları dayanıb
Bu gün ölkədə aparılan sosial, siyasi və iqtisdi islahatların, əldə edilən hərtərəfli uğur tendensiyalarının arxasında, təbii ki, ilk növbədə, mütərəqqi idarəçilik prinsipi dayanıb. Nəticədə, Azərbaycan digər post-sovet ölkələrindən fərqli olaraq, Qərb diktəsi altında deyil, əskinə, öz diqtəsini beynəlxalq aləmdə yürüdən ölkə imicini kifayət qədər formalaşdırıb. İnkişaf etmiş Qərb dövlətlərinin ölkəmizlə birgə müxtəlif nəhəng layihələrdə iştirak etmələrinə can atmaları, xarici investisiya qoyuluşu proqramlarının Azərbaycanda reallaşdırmaq rəqabətinin yaranması kimi əhəmiyyətli faktorlar da deməyə əsas verir ki, ölkə rəhbərliyi tərəfindən istiqamətləndirilən, özündə bütün sahələri əhatə edən daxili-xarici siyasət amilində bəzi dairələr tərəfindən iddia olunan fikirlər özünü doğrultmur.
Müxalifət liderlərinin antidemokratik baxış "mexanizmləri"
Xüsusilə, sözügedən bəzi dairələr tərəfindən "dirijor çubuğu" ilə idarə olunan və müəyyənləşdirilmiş sifarişlər müqabilində işıq üzü görən müxalifət mətbuatının Azərbaycanda əldə edilən uğurlara kölgə salmaq niyyətləri də sözügedən konteksti əhatə etməkdədir. Bu baxımdan, Azərbaycanı gah "demokratik qanunlara" riayət etməməkdə suçlayan, gah da Qərbin tələblərini yerinə yetirməməkdə günahlandıran müxalif yazılı orqanların irəli sürdükləri qeyri-ciddi təhlilləri, əslində, həmin dairələrə göstərişlər verən partiya liderlərinin antidemokratik baxış "mexanizmlərini" daha çox qabardır.
Belə ki, öz partiyadaxili idarəçilklərindəki bir çox çatışmazlıqları görməməzlikdən gələn müxalifət partiyalarının yetkililəri gah Konstitusiyasının dəyişdirilməsi, gah Seçki Məcəlləsinin bir daha ictimai baxışdan keçirilməsi mövzusunda iclaslar keçirir, heç bir məntiqə sığmayan tələblərdə bulunurlar.
Belə "siyasilərin" Azərbaycan iqtidarına gəlmək "imkanları" dövlətçilik üçün fəlakətlə nəticələnə bilər
Məsələn, Müsavat partiyasının nəzarətində olan "Yeni Müsavat" qəzetində aparılan son "siyasi təhlillərdən" biri də məhz bu kimi mövzunu əhatə edib. Azərbaycanda qanunların sərtləşdirilməsini rəsmi Bakının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə ziddiyyətlər təşkil etdiyini iddia edən adıçəkilən qəzet daha sonra yazır ki, Konstitusiyada bir şəxsin iki dəfədən artıq Azərbaycan Prezidenti olması qadağasının aradan götürülməsi guya demokratik təsisatların və supergüclərin ciddi müqaviməti ilə üzləşib. Sula yaranır: əgər Azərbaycan hakimiyyəti həqiqətən də supergüclərin dedikləri ilə oturub-durursa, burada hansı müstəqil idarəçilikdən danışmaq mümkündür? Çünki yuxarıda vurğuladığımız kimi, mövcud Azərbaycan iqtidarı heç bir diqtə təsiri altında fəaliyyət göstərməməklə yanaşı, həm də öz qəti sözünü ən mötəbər beynəlxalq tribunalarda deyən tərəf kimi tanınır. Bu baxımdan, müxalifət mediası bu kimi iddialara toxunarkən, liderlərinin fəaliyyəti ilə hakimiyyətin fəaliyyətini səhv salmamalıdırlar. Çünki məhz demokratik iqtidara qarşı müxalifətdə olan ənənəvi müxalifət partiyalarının rəhbərləri öz qeyri-şəffaf idarəçilikləri ilə müəyyən (hətta məlum -R.N.) xarici qüvvələrin diktələri, sifarişləri altında qeyri-müstəqil fəaliyyət göstərməkdədirlər. Daha dəqiq desək, Azərbaycan iqtidarına qarşı potensial güc göstərməkdə acizlik xarici qüvvələr ölkəmizdə təmin etməyə cəhd göstərdikləri siyasi-iqtisadi maraqlarını ənənəvi müxalifətdən istifadə ilə reallaşdırmağa can atırlar. Sosial dayaqları, elektoratları, siyasi baxış konsepsiyaları dar olan müxaifət liderləri isə həmin qüvvələr qarşısında şahmat dili ilə desək, "peşka" rolunu oynayırlar. Belə "siyasilərin" isə Azərbaycan iqtidarına gəlmək "imkanları", əlbəttə ki, dövlətçilik üçün fəlakətlə nəticələnə bilər. Çünki ən azından, onlar hakimiyətə gəlsələr belə, (halbuki onların bu imkanları da kifayət qədər məhduddur - R.N.) onların ətəkləri məhz həmin xarici qüvvələrin caynaqlarında olacaq. Beləliklə, hazırkı ənənəvi müxalifəti həm də iqtidara gəlməyə can atan vassal müxalifət də adlandırmaq mümkündür. Vassallıq termini isə tənəzzül kriteriyasında mövcud olan, dövləti, xalqı dərin uçuruma, daha böyük kataklizmlərə sürükləyən rəmz kimi anlaşılmaqdadır.
Azərbaycan xalqının böyük əksəriyyəti demokratik dəyərlərə və standartlara cavab vermiş referendum sayəsində öz seçimini edib
Və əslində, yenidən Konstitusiya dəyişiklikləri tələb edənlər ilk növbədə öz daxillərindəki köhnəlmiş ideyalarına yenidən nəzər salmağa məhkumdurlar. Onlar, eyni zamanda, dərk etmək məcburiyyətindədirlər ki, Ana Yasamıza edilmiş məlum dəyişkilik ümumxalq referendumu nəticəsində baş vermişdir. Yəni Azərbaycan xalqının böyük əksəriyyəti demokratik dəyərlərə və standartlara cavab vermiş, xarici müşahidəçilərin yüksək rəyləri ilə nəticəsini tapmış referendum sayəsində öz seçimini edib. Bu süçim isə hazırkı iqtidara olan böyük inamın məntiqi təzahürüdür.
Bu əsnada, mütəmadi olaraq daha bir amilə toxunan ənənəvi müxalifət mətbuatı guya ölkədə demokratik seçkilərin keçirilməməsini iddia etməklə, mübarizə çağırışları etməklə daha bir ifşanı üzə çıxarmış olurlar. Onlar iddia edirlər ki, Seçki Komissiyaları hakimiyyətin nəzarətindədir və bunun nəticəsində demokratik seçkilər keçirilmir (?). Amma seçkilərin nəticələrinə bir daha nəzər salsaq, görərik ki, təkcə sonuncu parlament seçkilərindən sonra ölkənin ali qanunverici orqanında kifayət qədər müxalifətçi deputatlar aktiv fəaliyyət göstərməkdədirlər. Əgər nəzərə alsaq ki, həmin müxalifətçi deputatların hər biri məhz ənənəvi müxalifət daxilindən uzaqlaşaraq, konstruktivlik yolunu tutanlardır, bu zaman bəlli olar ki, Azərbaycan siyasətində siyasi radikalizm yolunu tutmaqla, heç bir siyasi uğur da əldə etmək mümkün deyil. Yəni, bu gün AXCP, Müsavat, ALP, ADP, kimi siyasi təşkilatlardan fərqli olaraq, BAXCP, "Ümid", BQP, ADİP və digər bu kimi müxalifət partiyalarının nümayəndələri Milli Məclisə seçilmək üçün xalqın səsini qazanıblar. Ona görə də ənənəvi radikal müxalifət partiyaları məhv olmaq təhlükəsi ilə üzləşmək istənirsə, ən azından, bu gün parlamnetdə təmsil olunan partiyalardan ibrət götürməlidirlər. Daha xarici təşkilatların yardımı ilə istəklərini reallaşdırmaqdan birdəfəlik əl çəkməlidirlər.
"Demokratiya", "azad seçki" kimi şüarlar çağıran ənənəvi müxalifət liderləri onlara sərf etməyən məqamların üzərindən sükutla keçirlər
Belə bir məqamda, rəhbərlik etdikləri siyasi partiyaları ilə yanaşı, həm də "İctimai Palata"da inhisarçı və avtoritar rejim üsul-idarəçiliklərini sürdürən AXCP və Müsavat partiyalarının sədrləri Konstirusiya qanunlarına və Seçki Məcəlləsinə dəyişikliklər edilməsini tələb etməkdənsə, nəyə görə 20 ildir ki, partiyalarında demokratik seçki keçirməklə sədrlik postunu başqalarına təhvil vermədiklərinin səbəblərini ictimaiyyətə açıqlasalar, daha yaxşı olardı. Çünki onlar həqiqətən də, Qərb demokratiyasından bəhrələnmək məqsədlərini daşıyırlarsa, məhz Qərbdə cərəyan edən partiya idarəçiliklərindəki post dəyişikliklərindən də ibrət dərsi götürməlidirlər. Belə ki, Avropa ölkələrində nəinki 20 il, hətta 10 il müddətində fəaliyyət göstərən heç bir siyasi partiya sədri öz postunda qalmayıb. Onlar gedib, yerlərini isə iddialarda olan daha potensial rəqiblər tutub. Və nədənsə "demokratiya", "azad seçki" kimi şüarlar çağıran ənənəvi müxalifət liderləri belə onlara sərf etməyən məqamların üzərindən sükutla keçirlər.
Bu baxımdan, digər qeyri-ciddi təkliflərlə özlərini daha çətin durumlara salan müxalifət liderlərinin bu və ya digər şəkildə əsassız tələblərdə bulunmaları onların siyasi savadsızlıqlarının 20 il bundan öncəkindən heç də fərqlənmədiyinə dəlalət edir. Ona görə də gah bu, gah da digər siyasi mövzular ətrafında öz aralarında cılız, reallıqdan kənar və əhəmiyyətsiz mövzularla çıxışlar edən bu kimi dairələr, getdikcə daha ciddi məğıubiyyət sindromuna tərəf sürətlə irəliləməkdədirlər. Belə "irəliləyişlərin" adı və nəticəsi isə kataklzimlərə doğru yuvarlanmaqdan başqa heç nəyi əks etdirmir.
RÖVŞƏN NURƏDDİNOĞLU