Və ya getdikcə daha çox zəifləyən və gündəmdən düşən radikallar "Azadlıq"la manipulyasiya etməyə cəhd göstərir
Radikal müxalifətin sonuncu dəfə keçirdiyi icazəsiz aksiyadan sonra onlara qarşı cəmiyyətdə mövcud olan mənfi fikir daha da kəskinləşdi. Artıq insanlar arasında müxalifət anlayışı sanki dağıdıcı və sakitliyi pozan məhfum kimi qavranılmaqdadır. Bu səbəbdən də, heç bir vətəndaş radikalların siyasi oyunlarına getmir və ölkənin sabit inkişafına dəstəyini verməyə çalışır. Elə Müsavatın Yasamal kimi digər rayon təşkilatlarından olan kütləvi istefalar da söylənilən fikirləri əyani şəkildə isbatlayır. Belə bir vəziyyət də, təbii ki, nə anti-Azərbaycan dairələrinə, nə də radikal müxalifətin özünə sərf etmir. Bunun da obyektiv səbəbləri mövcuddur.
Birincisi, Azərbaycanın davamlı, fasiləsiz, stabil inkişafı bu bölgədə maraqlı olan qüvvələrin planlarını alt-üst edir. Çünki Azərbaycan sülhsevər siyasətilə bölgəni təhlükəsiz və səmərəli əməkdaşlıq məkanına çevirmək əzmindədir. Lakin Cənubi Qafqazın daim gərginlikdə saxlanmasını istəyən bəzi qərəzli dairələr regional aktor olan Azərbaycanın daxilində süni narazılıqlar yaratmağa çalışır. Bu işdə də, təbii ki, həmin anti-Azərbaycan qüvvələrinin köməyinə "İctimai Palata"nın timsalında Müsavat və AXCP gəlir.
İkincisi, son zamanlar xalqın siyasi iradəsinə söykənən Azərbaycan hakimiyyəti yürütdüyü daxili və xarici siyasətlə məkirli planların işləməsinin qarşısını tamamilə alıb. Artıq nəinki Azərbaycanda və bölgədə, hətta dünya miqyasında ölkəmizin maraqlarının ciddi-cəhdlə qorunması ilə qara qüvvələrin fəaliyyəti məhdudlaşdırılıb. Beləliklə də, Azərbaycan regional aktor kimi yerləşdiyi bölgədə onun icazəsi olmadan hər hansı fəaliyyət sərgilənmir. Bütün bunlar da, öz növbəsində, xarici maraqlı dairələrdə qıcıq yaradır. Yalnız belə bir məqamda gündəmə gələn radikal müxalifət xarici qərəzli dairələrin müəyyən dəstəyi müqabilində Azərbaycanda siyasi sabitliyi pozmağa çalışır. Lakin məlum səbəblərdən radikal müxalifət üzərinə götürdüyü vəzifələrin də öhdəsindən gələ bilmir. Çünki dağıdıcılar məkrli planların işə düşməsi üçün tərəfdar tapa bilmirlər. Əlbəttə ki, bu faktla bağlı da hər hansı təəccübə yer yoxdur. Yəni, sonuncu dəfə keçirilmiş iki icazəsiz aksiya zamanı yalnız maddi maraq naminə küçəyə çıxmış 5-10 nəfərdən başqa heç kim küçələrdə görünmədi. Digər tərəfdən, son aksiyalar bir daha isbatladı ki, maddi marağın birləşdirdiyi həmin aksiyaçıların siyasi ideya birliyi tamamilə yox səviyyəsindədir. Elə noyabr ayının 13-də parlamentin qarşısında icazəsiz aksiyanın keçirilməsinin planlaşdırıldığı bir zamanda yağışın yağması həmin insanların bir yerə toplaşmasına mane oldu. Yəni, yalnız hava şəraitinin dəyişməsi nəticəsində radikal müxalifətin fəaliyyətini dondurması onların siyasi ideallarına nə qədər "bağlı" olduğunu nümayiş etdirdi. Bununla da, hava şəraitinin dəyişməsi dağıdıcı müxalifətin fəaliyyətini dondurdu və getdikcə daha çox zəifləyən, gündəmdən düşən radikallar "Azadlıq"la manipulyasiya etməyə cəhd göstərməyə başladı. Radikallar anti-Azərbaycan dairələrinin direktivlərini həyata keçirən AXCP-nin mətbuat ruporu olan "Azadlıq" qəzeti ətrafında süni ajiotaj yaratmaqla gündəmi tamamilə başqa səmtə yönəltməyə çalışdı. Radikallar düşünürdülər ki, bəlkə bu yolla xarici qərəzli dairələrə Azərbaycana təzyiq emək üçün bir "fakt" vermiş olarlar. Lakin həm Azərbaycan ictimaiyyəti, həm də dünya gördü ki, "Azadlıq" blefi yalnız Əli Kərimlinin və onun ətrafının şəxsi maraqlarına işləyir. Ona görə də, bu oyunda da dəstək ala bilməyən dağıdıcılar çıxılmaz duruma düşdü.
Bir sözlə, radikal müxalifət çıxılmaz durumdadır, bu səbəbdən də, yenidən gündəmə gəlmək üçün yollar axtarışındadır. Elə ayın 17-nə təyin etdikləri icazəsiz aksiya da söylənilən məqsədə xidmət edir. Düşünürük ki, radikallar artıq Azərbaycan cəmiyyətindən tamamilə ayrılmış kvaziqrupa çevrilib. Ona görə də, qaragüruhçuların istənilən sabotaj xarakterli addımları dəstəksiz və nəticəsiz qalacaq.
"Səs" Analitik Qrupu